“Bakı-İrəvan sazişi Baydenin iştirakı ilə imzalana bilər...” - Gözlər indi də Vaşinqtonda


XİN rəhbərlərinin qarşıdakı üçlü görüşündən ilginc gözlənti: ABŞ paytaxtında sülh müqaviləsinin prototipi imzalanacaq, əgər...

İlin sonuna iki aydan da az vaxt qalır. Məhz bu zaman kəsiyində bəlli olacaq ki, kollektiv Qərb nə dərəcədə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında, başqa sözlə, Ermənistan rəhbərliyinə bu yöndə nə dərəcədə təzyiq göstərməkdə maraqlıdır. Çünki İrəvanın özünə qalsa, artıq aydındır ki, Nikol Paşinyan hökuməti danışıqları uzun bir zamana yayıb vaxt udmaq və bundan yararlanaraq ən əvvəl Ermənistanı hərbi cəhətcə dirçəltmək, ardınca isə danışıqlar masası arxasında öz əlini gücləndimək istəyir.
Ermənistanın son həftələr Hindistan və İran hesabına (Rusiyanın belə imkanı məlum səbəbdən indi yoxdur) yavaş-yavaş hücum silahları almağa başlaması bu qənaəti möhkəmləndirir. Rəsmi İrəvanın bir yandan Azərbaycanın ərazi bütövlüyünün qeyd-şərtsiz tanıyan Vaşinqton və Brüssel layihələrini qəbul edib, o biri yandan, Qarabağ  ermənilərinə status vəd edən Rusiya variantına da “hə” deməsi onun sülh oyunbazlığına davam elədiyinə şübhə saxlamır.
Belə vəziyyət Ermənistana Qərbin təzyiq rıçağının, nəhayət, işə düşməsini zəruri edir. Qərb üçün bu, çətin deyil. Hər halda, Rusiyadan fərqli olaraq, Avropa Birliyini əlində ciddi maliyyə resursları var və qərbyönlü Paşinyan hökuməti buna çox ümid edir.

Əgər kollektiv Qərb gerçəkdən də Rusiyanın Güney Qafqaza təsir imkanlarını minimuma endirmək istəyirsə, o zaman təbii ki, hər şeydən öncə Rusiyanı regionda saxlayan əsas faktora diqqət eləməlidir. Söhbət İrəvanın qısa zamanda Bakının 5 məlum prinsipi əsasında sülh müqaviləsi imzalamaq istəməməsindən gedir. Ermənistan nəhayət, ciddi təzyiqlə üzləşəcəkmi? Tələsdiriləcəkmi? Soçidən sonra təşəbbüsün Brüsselə və ya Vaşinqtona keçməsini gözləmək olarmı?                
Yaxın günlərdə Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azəcrbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçlü görüş planlaşdırılır. Bu haqda Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib. Ümid edək ki, bu, görüş xətrinə görüş olmayacaq. Yaddan çıxarmayaq ki, son Brüssel anlaşmasına əsasən, bu ay Azərbaycan və Ermənistan XİN başçıları səviyyəsində sülh sazişinin ilkin mətni razılaşdırılmalıdır.
Diqqətçəkici olan həmçinin Vaşinqton görüşü öncəsi - srağagün Brüsseldə Avropa Birliyinin moderatorluğu ilə Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri - Şahin Mustafayev və Mger Qriqoryanın başçılıq elədiyi komissiyaların sərhədlərin delimitasiyası ilə bağlı 3-cü görüşünün keçirilməsidir.
Beləliklə, Qərbin diplomatik fəallığı göz önündədir. O da bəllidir ki, Brüssel və Vaşinqtonın mövqeyi ilin sonunadək tərəflər arasında sülh müqaviləsinin imzalanmasından yanadır. Moskva isə bunu özünə təhdid sayır. Çünki o halda Qarabağdan da, Ermənistandan da öz hərbi qüvvələrini çıxaracağından narahatdır. Rusiya açıq-aşkar işarə vurur ki, buna imkan verməyəcək. Yəni Qərbin sülh variantına əngəl olacaq.
*****

“Rusiya heç vaxt sülh müqaviləsinin imzalanmasına imkan verməyəcək”.
“Yeni Müsavat”ın məlumatına görə, bunu politoloq Fərhad Mehdiyev Teleqraf.com-a bildirib.
“Biz yaddan çıxarmamalıyıq ki, Azərbaycanla Ermənistan arasında sülh prosesini tənzimləmək üçün ABŞ və Avropa İttifaqının, eyni zamanda Rusiyanın təklif etdiyi format var. Birinci formatda məsələnin birdəfəlik həlli nəzərdə tutulur. Bu mənada Moskva formatından başqa keçirilən görüşlərdə sülh müqaviləsinə yaxınlaşmaq olar. Alternativ Brüssel formatı da mövcuddur. Eyni zamanda, burada Moskva ”mən də varam, nəsə edirəm" görüntüsü yaratmaq üçün tərəfləri müəyyən yaxınlaşmaya apara bilər. Amma Rusiya heç vaxt sülh müqaviləsinin imzalanmasına imkan verməyəcək", - deyə politoloq vurğulayıb.
Onun sözlərinə görə, ABŞ-ın prioriteti məsələni birdəfəlik həll etməkdirsə, Rusiya versiyasında sülh belə məqsəd daşımır.

Öz növbəsində analitik Natiq Cəfərli hesab edir ki, Avropa Birliyi və ABŞ-ın hazırladığı sənədlərin yaxın gələcəkdə, hətta noyabr ayı ərzində müzakirəyə çıxarılması məsələsi gündəmdə olacaq.
“İndi Rusiyada bir sənəd imzalanıbsa, çox güman ki, ilin sonunadək ya Brüssel, ya da Vaşinqtonda konkret məsələlərin həllini özündə ehtiva edən hansısa sənədin imzalanması da mümkündür. Əslində Qərb və Rusiyanın Cənubi Qafqazdakı rəqabəti Azərbaycanın xeyrinədir. Çünki bölgədə iki tərəfdən birinin hegemon olması Azərbaycana təzyiq amilinə çevrilə bilər. Azərbaycanın da çox doğru olaraq, hər iki tərəflə danışıqlar aparması nə Qərb, nə də Rusiyanın dominantlığına imkan yaradır”, - deyə o qeyd edib.
Onun qənaətincə, Rusiya bölgədə dayanıqlı sülhün olmasında ona görə maraqlı deyil ki, bu durumda region ölkələrinə təsir rıçaqlarını itirə bilər: “Sülh müqaviləsi imzalansa, Rusiyanın həm Azərbaycan, həm də Ermənistana təsir və təzyiq mexanizmləri zəifləyəcək. Qərbin isə belə bir dərdi yoxdur. Qərb istəyir ki, məsələ həll olunsun. Amma bunun hansı formada həll ediləcəyi onu o qədər də maraqlandırmır. Qərb məsələnin tezliklə - bu ilin sonunadək həll olunmasında maraqlıdır. ”Vaşinqton" sənədində də yer alıb ki, Qərb Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını istəyir".
N.Cəfərliyə görə, əgər ortaq məxrəcə gəlinib ciddi bir sənəd imzalanacaqsa, bu, sülh müqaviləsinin prototipi ola bilər: “Onda bunun Vaşinqtonda imzalanacağı daha məntiqli görünür. Hətta ABŞ Prezidenti Co Baydenin də iştirakı ilə imzalanacağı daha məntiqlidir. Əgər Ermənistan öz xülyalarından əl çəkib həqiqətən sülh istəsə, noyabr ərzində, dekabrın əvvəllərində və ya ilin sonunda Qərb ölkələrindən birində böyük sülh müqaviləsinin ilkin şərtlərinə dair sənədin imzalanması mümkündür”.
Bu şərtlərin əsasında isə təbii ki, Bakının 5 prinsipi dayanmalıdır...
Siyasət şöbəsi
Tarix: 5-11-2022, 09:11
Xəbəri paylaş





Xəbər lenti