İsrail-Azərbaycan münasibətləri ağ-qara məsələ deyil – rəy


TAMARA PİKACHU
Azərbaycan İsrailə öz neftinin təxminən 40%-ni verən və İsrailə düşmən regionda dostcasına qonşuluq təklif edən bir ölkə olaraq etibarlı strateji tərəfdaşa çevrilib. Ermənistan İsrailin təklifini rədd edib.

Mən bunu ictimai müəllifin 13 oktyabr 2022-ci il tarixli “Erməni yəhudisi kimi hiss etdiyim utanc” məqaləsinə cavab olaraq yazıram. Bu məqalənin müəllifi Nikolas Portnoy kimi mən də Koloradoda yaşayan erməni yəhudisiyəm. Mən Ermənistanda və İsraildə olmuşam və hər iki irsimlə fəxr edirəm, ona görə də İsraili və ya Ermənistanı iblisləşdirməyən və ya qeyri-legitimləşdirməyən bir perspektiv təqdim etmək istəyirəm.
Ermənistanla Azərbaycan arasındakı münaqişə Cənubi Qafqaz regionunu daha yaxşı gələcək şansından məhrum edən faciədir. Ümid edirəm ki, bir gün hər iki tərəf nifrət mədəniyyətinə son qoyacaq və həqiqi və davamlı sülh bərqərar edəcək. Hər iki ölkənin xalqı daha yaxşı və firavan həyata layiqdir.

Lakin mənim əsas problemim Portnoyun İsraili pisləməsi ilə bağlıdır. O, çox mürəkkəb vəziyyəti xeyli sadələşdirir. Portnoyun əksini iddia etməsinə baxmayaraq, İsrail münaqişədə tərəf tutmur. Və onun şərhləri başqa faktlar nəzərə alınmadan vakuumda edilə bilməz və olmamalıdır.

İsraili Azərbaycanla əlaqələrə görə niyə qınayırsınız?
1990-cı illərdə Ermənistan və Azərbaycan müstəqillik əldə etdikdə İsrail güclü əlaqələr qurmaq üçün hər ikisinə müraciət rtdi. Müsəlman ölkəsi olan Azərbaycan öz ürəyini İsrailə açdı, ərəb və müsəlman dünyasının çoxundan xeyli əvvəl strateji əlaqələri inkişaf etdirməyə qərar verdi.
Azərbaycan neftinin təxminən 40%-i İsrailə tədarük edərək və xüsusilə də İrana münasibətdə düşmənçiliyin olduğu regionda özünü İsrailə dost kimi təqdim edərək etibarlı strateji tərəfdaşa çevrilib. Azərbaycan həm də müsəlman dünyasının ən böyük yəhudi icmalarından birinin vətənidir. Həqiqətən də, oradakı yəhudilər azadlıq və təhlükəsizlik şəraitində yaşayırlar ki, buna regionda nadir hallarda təsadüf edilir.

Ermənistan İsrailin strateji əlaqələri inkişaf etdirmək təklifini rədd etdi və əvəzində Rusiya və müxtəlif müsəlman ölkələri ilə daha sıx əlaqələr qurmağa üstünlük verdi. Bundan əlavə, Portnoyun qeyd etdiyi 2020-ci il müharibəsindən xeyli əvvəl Ermənistanda Avropada ən yüksək antisemit əhval-ruhiyyəsi var idi.

Ermənistan həmçinin Rusiya ilə müttəfiqliyini inkişaf etdirməyə davam edir, iki rus hərbi bazası yaradır və yəhudilərin növbəti soyqırımına çağırış edən İranla strateji tərəfdaşlıq edir ki, bu da Portnoyun çox rahatlıqla əhəmiyyət vermədiyi bir faktdır. Elə bu yaxınlarda, 2022-ci ilin iyununda Ermənistan İranla iqtisadi və siyasi sazişlər imzalayıb.

Ermənilərin əksəriyyəti Ermənistanın İranla münasibətləri ilə bağlı bəyanatlara cavab olaraq, adətən, bildirirlər ki, bu, İsrailə qarşı yönəlməyib. Daha doğrusu, bunun Ermənistanın coğrafiyasına görə strateji zərurət olduğunu deyirlər. Eyni arqument İsrailin Azərbaycanla münasibətlərinə də aid deyilmi? Əslində, Portnoyun məntiqi Ermənistanın, sadəcə olaraq repressiv, ekstremist islami, qadına nifrət bəsləyən, soyqırım rejimi olan İranla münasibətlərinə görə qınanmasını dəstəkləmirmi? Belə bir nəticə, təbii ki, absurddur.

Azərbaycan İsrailin İranın bu yəhudi ölkəsini məhv etmək cəhdlərinə qarşı özünü müdafiə etmək səylərində mühüm rol oynayır. Bunun müqabilində İsrail İranın qarşısını almaq üçün Azərbaycana, o cümlədən Yunanıstana, Hindistana və bir çox başqa ölkələrə, həqiqətən də, silah satır. Məhz bu həftə İran Azərbaycanla ümumi sərhədində hərbi təlimlər keçirdi və iranlıların hücumunun qarşısını alan əsas amil İsraildən alınan silahlardır.

Keçən il İran Azərbaycanla sərhəddə analoji təlimlər keçirəndə, Azərbaycanı sionistlərin bazası olmaqda ittiham edəndə Azərbaycan prezidenti Əliyev İran sərhədinə səfər edib, İsrailə məxsus pilotsuz uçan aparatla şəkil çəkdirdi. İrana qarşı bu cür çəkindirmə yaratmaq İsrailin Azərbaycana münasiətdə silah müqavilələrinin əsas məqsədlərindən biri, bəlkə də, birincisidir. İsrailin İranın təhdid etdiyi Fars körfəzinin ərəb ölkələrinə silah satmasının arxasında da eyni məqsəd dayanır.

Bundan əlavə, Portnoyun Holokostdan sonra İsrailin “utanmaması” ilə bağlı açıqlamaları tamamilə riyakarlıqdır. Portnoyun Holokosta görə İsrailin digər ölkələrdən daha yüksək əxlaqi standartlara uyğun yaşamalı olması ilə bağlı iddiası ən azı hiddət doğurur. Yəhudilərin – və yalnız onların – hər hansı digər millətdən və ya qrupdan fərqli bir standarta sahib olması və digər Qərb ölkələrindən daha yaxşı bilməsi fikri tam olaraq belə səslənir: İsrailə ikili standartlarla yanaşın. Portnoy erməniləri türk soyqırımının qurbanı olduqları üçün daha yüksək səviyyəyə qoyur?

Hər iki dildə səlis danışan, oxuyan və yazan, hər iki ölkəni sevən bir erməni və yəhudi kimi mən səmimi qəlbdən arzu edirəm ki, Ermənistan və İsrail lazım olduğu qədər dostcasına tərəfdaş olsunlar. Hər ikisi faciəli təqiblərə məruz qalıb və hər ikisi düşmən qonşuların əhatəsindədir. Onların heç biri ideal deyil. Onların münasibətlərini necə düzəltməyin asan cavabı yoxdur, amma mən bilirəm ki, İsraili iblisləşdirmək və qeyri-qanuniləşdirmək, soyqırım törədən antisemit İranla tərəfdaşlıq etmək və İsrailin milli təhlükəsizlik maraqlarına tamamilə məhəl qoymamaq sülhə nail olmaq üçün yanlış yoldur.
Contact.az
Tarix: 8-11-2022, 08:27
Xəbəri paylaş





Xəbər lenti