Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak ediblər.
Dövlət başçısı daha sonra hərbçilər qarşısında çıxış edib. Prezidentin çıxışı bir neçə baxımdan diqqət çəkib: Birincisi, Prezident İlham Əliyev çıxışında qeyd edib ki, biz müsəlman ölkələri ilə sıx əlaqələr qurduq və onlara izah etməyə nail olduq ki, Ermənistan təkcə bizə qarşı yox, bütün müsəlman aləminə qarşı təcavüzkar siyasət aparır. “Məscidləri dağıdan müsəlman ölkələri ilə dost ola bilməz. Məscidləri dağıdana müsəlman ölkələrinin rəhbərləri qucaq aça bilməz, bilər? Onları qucaqlayıb öpə bilər? Bu, riyakarlıqdır, bu, satqınlıqdır”, - İ.Əliyev deyib. Aydın məsələdir ki, Prezident İlham Əliyev “müsəlman ölkələri” deyərək mövzunu ümumiləşdirsə də, bu sözləri ilə İrana mesaj verir. Belə ki, Prezident “Onları qucaqlayıb öpə bilər” sözləri ilə bir müddət öncə Ermənistan Baş naziri Nikol Paşinyanı “Bismillahir-Rahmənir-Rahim”lə qarşılayan İran Prezidenti İbrahim Rəisiyə eyham vurur. Digər tərəfdən İran 44 günlük Vətən müharibəsinin gedişində, eləcə də işğal dövründə müsəlman dövlətinə yaraşmayacaq şəkildə özünü aparıb. Faktiki olaraq Ermənistan tərəfi Qarabağda yüzillik, hətta minillik məscidləri dağıdıb donuz fermasına çevirərək islam dinini və islam ölkələrini təhqir etdiyi halda İran buna reaksiya verməyib. Əslində, bu hal belə özlüyündə İranın islam dininə münasibətinin sırf siyasi və imperialist maraqları kontekstində olduğunu göstərir. İkincisi, Prezidentin çıxışında digər diqqətçəkən məqam onun Rusiya sülhməramlılar ilə bağlı dedikləri oldu. “Qarabağ bizim torpağımızdır. Rus sülhməramlılar orada müvəqqəti yerləşiblər, 2020-ci ilin 10 noyabr Bəyanatında onların müddəti göstərilir və əgər kiməsə bel bağlayırlarsa, yenə də faciə ilə üzləşəcəklər”, - Prezident deyib. Ölkə başçısı bu sözləri ilə faktiki olaraq Ermənistana sülhməramlıların 5 ildən sonra çıxacağını və buna uyğun davranmağı tövsiyə edir. Digər tərəfdən sülhməramlıların 5 ildən sonra (2025-ci il) çıxarılacağının vurğulanması həm də Azərbaycanın “sülhməramlıların qalma müddətinin uzadılması üçün müraciət etməyəcəyini” göstərir. Üçüncüsü, Prezident Zəngəzur dəhlizinin Ermənistanın öhdəliyi olduğunu bir daha vurğulayıb. “Biz iki il ərzində Laçın yolu ilə Ermənistandan Qarabağa və əks istiqamətə gedən maşınlara toxunmuruq. Biz öhdəlik götürmüşük, yerinə yetiririk, sərbəst hərəkət. Ermənistan da öhdəlik götürüb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında yol bağlantısı olsun. İki il keçib üstündən, nə texniki-iqtisadi əsaslandırma var, nə hansısa hərəkət var, nə dəmir yolu, nə də avtomobil yolu. Biz nə vaxta qədər gözləməliyik?” - ölkə başçısı qeyd edib. Prinsip etibarilə ölkə başçısı bir daha Zəngəzur dəhlizinin açılmasında israrlı olduğunu və rəsmi Bakının bu tələbdən imtina etməyəcəyini açıq şəkildə bildirmiş oldu. Prezident xüsusilə “Laçın yolu ilə Ermənistandan Qarabağa və əks istiqamətə gedən maşınlara toxunmuruq” deyərək Zəngəzur dəhlizinin açılmayacağı təqdirdə Laçın dəhlizinin də bağlana biləcəyini vurğulayır. Dördüncüsü, Prezident çıxışında həm də onu qeyd edib ki, “13-14 sentyabr əməliyyatından sonra Azərbaycan-Ermənistan sərhədi istiqamətində əsas strateji yüksəkliklərdə Azərbaycan Silahlı Qüvvələri yerləşib. Ermənistan gözəl anlamalıdır bu, nə deməkdir”. Prezidentin bu sözlərindən belə qənaətə gəlmək olar ki, Azərbaycan sentyabrda nəzarəti ələ keçirdiyi ərazilərdən geri çəkilməyib və təxribatlar davam edərsə, oradan və başqa istiqamətlərdən yeni əməliyyatlar həyata keçirə bilər”.
Müəllif: Politoloq Turan Rzayev,
Siam.az