Azərbaycan - Rusiya münasibətlərində gərginlik olduğunu müəyyən etmək üçün hər zaman sərhədlərdə vəziyyyətə nəzər yetirmək lazımdır. Çünki şimal küləyi əsirsə, deməli, mütləq bizə qarşı sıxma-boğma siyasətinin bir vektoru da nəzarət buraxılış məntəqələri olacaq. Bu dəfə də Rusiya fərqli addım atmadı, Samux keçid məntəqəsində əngəl yaradıblar, Azərbaycana aid yük maşınları buraxılmır. Anaxeber.info yazır ki, yük maşınlarının sürücüləri bunun səbəbinin bəlkə də texniki olduğunu güman edirlər, lakin tam siyasi mahiyyət daşıyır, Soçi şəhərinə qədər uzanan bir prosesin ipucudur. Soçi görüşünün nəticələri, orada Əliyevin ikitərəfli görüşdə Putinə "Qarabağ münaqişəsi 2 ildir tarixə qovuşub" deməsi, sülhməramlıların müddətinin uzadılması və "Dağlıq Qarabağ" sözünün bəyanata salınmasını rədd etməsi, Şuşada hərbçilər önündə çıxışı zamanı da "sülhməramlılar bölgəyə müvəqqəti yerləşib, müqavilədə göstərilir" bildirməsi artıq ondan xəbər verirdi ki, Kreml - Bakı arasında münasibətləri tünd rəng alıb. Buna qədər artıq Rusiyanın siyasətində dəyişiklik mövcud idi: Birinci kanal, "Rossiya 24" efirlərində Azərbaycana qarşı çıxışlara yer verilməsi, Putinin "Valday" çıxışı, ardınca Xankəndi mitinqi, buna qədər isə Vardanyanın Qarabağa göndərilməsi, ardınca Gümrüdən silah-sursatın rus hərbçiləri olan ərazilərə daşınması, Ağdərədə ermənilərə ərzaq paylanması göstərirdi ki, Rusiya "val"ı dəyişib. Təsadüfi deyil ki, məhz buna görə ölkənin birinci kanalı və dövlətin rəsmi mövqeyini, siyasətini işıqlandıran AzTV ilk dəfə sülhməramlıları tənqid atəşinə tutdu. Dövlət kanalından bəyan olundu ki, Qarabağda bir rus hərbçisi qalmayacaq və hətta bu, vaxtından tez baş verə bilər. Bütün bu nüanslar Rusiya - Azərbaycan münasibətlərində gərginliyin olduğunu açıq şəkildə büruzə verir. İndi də yük maşınlarının buraxılmaması təzyiq prosesinin tərkib hissəsidir. Lakin rəsmi Bakı indi Rusiyanın qarşısında ehtiyatlı siyasət yürütmür, əksinə, ritorika dəyişib, onun cavabını verir - həm Əliyevin Şuşadan mesajı, həm AzTV səviyyəsində cavab verilməsi... Həmçinin Soçi bəyanatı da bizim üçün mühüm əhəmiyyət kəsb etmədi və prezidentin təkidlə iki müddəanı sənəddən çıxara bilməsi göstərir ki, Rusiya artıq diqtə edə bilmir, əvvəlki hegemon və dominant rolu qalmayıb. Bunun əsas səbəbi Ukrayna müharibəsində üzləşdiyi seytnot vəziyyətdir və ötən iki ildə Rusiya Cənubi Qafqaz mövzusunda şəriksiz liderliyi əldən verib. İndi Brüssel, Vaşinqton platformaları var və Moskva inhisarçılığı əldən verib. Putinin Valday çıxışı da göstərdi ki, Vaşinqton variantı Rusiyanı bərk narahat edib və ona tərəflər əvvəlki qədər diqqətlə qulaq asmırlar. Bax, bütün bunlar Soçi görüşündən sonra gərginliyi daha da artırdı. İndi Moskva Xankəndidə separatizmi gücləndirməyə çalışacaq, Azərbaycan isə Türkiyə ilə müttəfiqliyi daha da yüksəldir, İranla sərhəddə xüsusi təyinatlıların təlimində general Bəxtiyar Ersayın iştirakı bir nümayiş idi ki, bölgənin problemlərini kiminlə birgə həll edəcəyik. Bizim Şuşa bəyannaməmiz var və sülhməramlılar bölgədən vaxtında getməsələr, o zaman rusların qarşılarında türkləri görəcəyi istisna deyil. Ona görə rəsmi Moskva onların Qarabağda uzun müddət qalması üçün hər şeyə əl atacaq, bizsə Türkiyə ilə birlikdə var gücümüzlə buna müqavimət göstərəcəyik. Ancaq hər şey həm də Ukrayna müharibəsində nəticədən asılıdır. Əgər indi Soçi görüşündə biz Moskvanın əvvəlki qüdrətinin qalmadığını görürüksə, o zaman hadisələrə pozitiv baxmaq lazımdır, deməli, 1 il sonra Putinin təzyiqləri bir qədər də dişsiz olacaq. Və Suriyada, Liviyada hansı aqibətlə qarşılaşdısa, türklər eyni taleyi Qarabağda onlara yaşadacaq. Qərb cəbhəsi də maraqlı olmalıdır ki, rus hərbçiləri Qafqazdan, Qarabağdan çıxsınlar. Ermənistanı KTMT-dən çıxarmaq, Gümrüdəki bazanı evakuasiya etmək arzusu ilə alışıb yanan ABŞ, bu məsələdə də dəstək verməlidir ki, Qarabağdan rus ordusu getsin. Hələlik Bakı - Moskva gərginliyi qalır, bu ay Brüssel görüşü var və orada əldə ediləcək hər hansı nəticə yalnız Soçi bəyanatının boş kağız olduğunu ortaya qoya bilər.
Bundan başqa, Xankəndindəki təxribat mitinqdən sonra Rusiyanın separatçılara silah daşıması faktının ortaya çıxması, rəsmi Bakının mövqeyi, rəsmi dövlət kanalında yayımlanan tənqid və nəhayət, müdafiə nazirinin “sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdəki qeyri-qanuni erməni silahlı dəstələrinin fəaliyyətinin daim müşahidə edilməsi və nəzarətdə saxlanılması” tapşırığı Qarabağda proseslərin mümkün inkişafına dair gözləntiləri önə çıxarır.
Bakı qarşıdakı dövrdə mövqeyini praktiki şəkildə nümayiş etdirə bilər, bura təkcə hərbi yox, müxtəlif istiqamətlərdə atıla biləcək addımlar da daxildir. Mövcud vəziyyət bunu zəruri edir.
Ümumiyyətlə, Rusiya Qarabağda silahlı təxribat hazırlaya bilər.
Azərbaycan Rusiyanın Gümrüdəki hərbi bazasından Qarabağa “humanitar yardım” adı altında silah-sursat daşınması faktını aşkarlayıb, hərçənd, rusların hədəfləri fonunda o qədər də təəccüblü deyil;
Mümkün sülh sazişi ilə Qarabağın Azərbaycanın daxili məsələsi olduğu reallığı rəsmi sənədlə təsbit olunacaq. Ki, bundan sonra Bakının separatçıların olduğu bölgəyə nəzarət istiqamətində aktiv hərəkətə keçəcəyi gözlənilir və belə bir situasiya rus sülhməramlılarının bölgədə qalma müddətinin uzadılmasını da sual altına salır. Paşinyan Soçidə Putinin də istəyinə uyğun olaraq, sülhməramlılar məsələsini müzakirəyə çıxardı, lakin Əliyevin mövqeyinə təsir edə bilmədikləri və diplomatik masada bunun mümkün olmayacağını anladıqları bəllidir.
“Sülhməramlı istəyi”nə nail olmaq üçün Rusiyaya “ehtiyac”ı artırmaq lazımdır.
Silahlandırma eyni zamanda, separatçıların Azərbaycanın mümkün anti-terror əməliyyatlarına qarşı dayana bilməsinə də hesablanıb.
Və bu silahın daşınması faktı göstərir ki, Azərbaycan-Ermənistan sülh müqaviləsi imzalansa belə, Qarabağda “etnik münaqişə” kartını işə salacaqlar: bu, Rusiyaya bölgədə qalma müddətini uzatmaq, Ermənistan və Qərbdə İrəvanla eyni mövqedən çıxış edənlər üçün qondarma “arsaxı” saxlamaq lazımdır və bu nöqtədə Bakı ilə Ankaradan savayı bütün tərəflərin mövqeyi böyük ölçüdə uzlaşır.
SİAM.AZ
Tarix: 10-11-2022, 11:05