Xersondan bütün dünya üçün nəticələr: Cənubi Qafqazı tarixi dəyişikliklər gözləyir
“Ukraynanın cənubunda baş verən hadisələr, eləcə də Əliyevin açıqlamaları Rusiyanın regional güc statusunu dönməz şəkildə itirdiyini göstərir”.Siam.az xəbər verir ki, bu barədə Ambartsum adlı erməni analitikin yazdığı məqalədə qeyd olunur.
Müəllif hər şeyin şokedici sürətlə dəyişdiyini dilə gətirir və Azərbaycan Prezidentinin fikirlərinə istinad edir: “Qarabağ bizim torpağımızdır. Rusiya sülhməramlıları orada müvəqqəti yerləşdirilib, 10 noyabr 2020-ci il tarixli Bəyanatda onların qalma müddəti göstərilib”. Bəli, Rusiya boyda nəhəng dövlətin başçısına qarşı bu ifadələr işlədilir. Həmçinin rus sülhməramlılarının Qarabağdan çıxarılacağına eyham edilir.
Müəllif daha sonra fikirlərini belə davam etdirir: “Ukraynadakı rus qoşunlarının komandanı Sergey Surovikin Sergey Şoyquya qoşunların “müdafiəyə getməli” olduğunu bildirdi. Sadə dillə desək, ruslar Xersonu tərk etdilər. Təbii ki, Rusiyada bu biabırçı əməli tərifləməyə çalışırlar. Belə ki, Çeçenistan rəhbəri Ramzan Kadırov general Sergey Surovikinə “qoşunların Xersondan çıxarılması” və hərbçiləri qoruması ilə əlaqədar təşəkkür edib. Bunu Rusiyanın “Mərkəz” qruplaşmasının keçmiş komandiri general Aleksandr Lapini son vaxtlar sərt tənqid edən şəxs deyib. Oktyabrın əvvəlində rus qoşunları Limandan geri çəkildikdən sonra Çeçenistan rəhbəri Lapini “babalıq” adlandırıb və onun Rusiya Baş Qərargahının rəhbərləri tərəfindən əhatə olunduğunu iddia edib. Limandan sonra rus ordusu başqa istiqamətdə – Lapinin olmadığı Xerson yaxınlığında daha bir uğursuzluğa düçar oldu. Ümumiyyətlə, Kadırov indi gülünc və pafoslu görünür. Amma Putin ondan betər vəziyyətdədir. Artıq ona əvvəlcə Rusiya Konstitusiyasını dağıtdığı, indi isə Ukraynaya təcavüzü və saxta referendumları, eləcə də ordusunun məğlub edilməsi ilə ölkəni viran qoyduğu xatırladılır” – erməni analitik vurğulayıb.
“Bütün baş verənlər Rusiyanın dağılması perspektivini gündəmə gətirir. Ancaq bu, gələcəyin məsələsidir. İndi isə biz Rusiyanın heç kimə təzyiq göstərmək üçün real imkanlarının olmadığını görürük. Azərbaycan isə açıq şəkildə buna işarə edir. Rəsmi Bakı Laçında nəzarət-buraxılış məntəqəsi quracağı, Xankəndidə antiterror əməliyatı keçirəcəyi ilə hədələyir. O, rus sülhməramlılarına qapını göstərir. Biz isə baş verənlərdən təcili nəticə çıxarmalıyıq. Əsas odur ki, Rusiya nəhayət regional güc statusunu itirib. Ermənistan ABŞ və bütün demokratik dünya ilə sıx əməkdaşlıq edərək öz milli maraqlarını qorumalıdır” – deyə erməni müəllif fikirlərini tamamlayır./Konkret.az
Tarix: 10-11-2022, 22:28