Rusiyanın bir müddət əvvəl öz ərazisi elan etdiyi Ukraynanın Xerson vilayətinin bir hissəsindən qoşunlarını çıxarması ABŞ və Rusiya arasında birbaşa aparılan məxfi danışıqlarda əldə edilən ilk cidd razılaşma sayıla bilər.Ümumiyyətlə, ABŞ siyasətində ən qatı düşmənlə, hətta terror təşkilatlarıyla belə, təmas və dialoq imkanı həmişə qorunub saxlanılır və gərəkli anda da bu kanaldan istifadə olunur.
ABŞ-ın müasir tarixi belə nümunələrlə doludur: bir cinah rəqibə qarşı ən sərt təzyiqləri işə saldığı halda, digər cinah da bağlı qapılar arxasında sövdələşmə imkanlarını müzakirəyə çıxarır.
Diqqət yetirsək, görərik ki, illərdir ABŞ-ın xarici siyasəti də elə bu prinsip – “qamçı və kökə” strategiyası üzərində qurulub və uğurla da davam etdirilir: demokratların qamçılayıb sıxışdırdıqlarına respublikaçılar kökə verir, respublikaçıların qamçıladıqlarına isə demokratlar... Beləcə, sonda udan, qazanan da ABŞ dövləti olur...
Bayden administrasiyası da bu ənənəyə sadiqdir: dünyanın ən mötəbər media resurslarının yaydığı informasiyalardan anlaşılır ki, 8 aydır Ukrayna üzərində gedən ABŞ-Rusiya savaşında da artıq məxfi kanallar işə salınıb və sövdələşmə mərhələsi başlayıb!
Ancaq sövdələşmə masasında nəyin olduğu, amerikalılarla rusların bu dəfə nəyi bölüşdürdükləri, nədə uzlaşacaqları haqda heç nə deyilmir.
Hələlik bilinən odur ki, bu savaş başlayanadək, ABŞ-ın Rusiyadan əsas istəyi Putinin 2024-cü il seçkilərində iştirakdan imtinasına, Rusiyanın Türkiyə ilə bərabər Qərbin yanında yer alaraq, ABŞ-ın gələcəkdə Çin və İrana qarşı planlarında yer almasına nail olmaq idi...
Ukraynanın Azov və Qara dənizə çıxış ərazilərini işğal əməliyyatına başlamazdan və gərəkli hissələrini də özünə birləşdirməzdən əvvəlsə Rusiyanın da ABŞ qarşısında irəli sürdüyü tələblər vardı və 8 aylıq savaşdan, ağır sanksiyalardan sonra Rusiyanın bu tələblərindən harayadək geri çəkiləcəyi, amerikalılarla hansı mövzuda uzlaşmaya hazır olduğunu hələ bilmirik.
Ancaq yenə də bilinən odur ki, ABŞ-ın demokratlar administrasiyasını Rusiya ilə aparılan məxfi danışıqlarda belə işlərdə kifayət qədər səriştəsi olan gənc və təcrübəli diplomat Ceyk Sallivan təmsil edir.
Demokrat Obama dövründə dövlət katibi Hillari Klintonun ən yaxın adamlarından olan, 2013-cü ildə isə ovaxtkı vitse-prezident Baydenin milli təhlükəsizlik məsələləri üzrə müşaviri təyin edilən Ceyk Sallivan 2010-2011-ci illərdə İranla aparılan məxfi danışıqların da əsas əlaqələndirici siması olub.
Obama dönəmində Oman sultanının vasitəçiliyi ilə İranla yenidən aparılan məxfi danışıqların məqsədləri və gedişi, eləcə də Ceyk Sallivanın bu işdə şəxsi rolu barədə ABŞ-ın sabiq dövlət katibi Hillari Klintonun 2014-cü ildə nəşr etdirdiyi “Çətin seçimlər” adlı kitabının “İran: sanksiyalar və sirlər” bölməsində kifayət qədər maraqlı və əhatəli məlumatlar var.
Həmin kitabında xanım Klintonun yazdığından belə məlum olur ki, İranın nüvə silahı əldə etməsində qətiyyən maraqlı olmayan Rusiya tərəfi də amerikalıların iranlılarla apardığı məxfi danışıqlara cəlb edilibmiş və hətta onlar İranın nüvə sənayesinin durumu haqda ABŞ kəşfiyyatının təqdim etdiyi məlumatlardan heyrətə və təşvişə düşüblərmiş...
Qeyd edək ki, hazırda ABŞ-ın təkcə Ukrayna üzərindən savaş apardığı Rusiya ilə deyil, elə düşmən saydığı İranın özüylə də məxfi danışıqlar apardığı haqda Qərb mediası informasiyalar yayır və bu işdə də yenə Ceyk Sallivanın, eləcə də iyulun 15-də Ermənistana səfər etmiş MKİ direktoru Uilyam Börnsün adı keçir.
İddialar var ki, İranla məxfi danışıqların yeni ünvanı məhz Ermənistandır və ABŞ rəsmiləri İranın daxilindəki iğtişaşları körükləməklə, rəsmi Tehranı yenidən danışıqlar masasına qaytarmağa və onu hansısa güzəştlərə razı salmağa çalışır.
Mümkündür ki, son vaxtlar rəsmi Vaşinqtonun isti təmaslar yaratmağa çalışdığı Azərbaycan hakimiyyətinin İrana və Rusiyaya qarşı sərt mövqe tutmasının bir səbəbi də hər iki ölkənin ABŞ-la apardığı məxfi danışıqların gedişindən və əsas detallarından tam informasiyalı olması ilə bağlıdır.
Tarix: 10-11-2022, 22:39