Prezidentin Səmərqənddən mesajı: Cənubi Azərbaycanla bağlı mühüm addım – Təhlil
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Özbəkistanın Səmərqənd şəhərində keçirilən IX Zirvə Görüşündə çıxışı kifayət qədər diqqətçəkən məqamlar ilə yadda qaldı. Prezident türk dövlət başçılarını Qarabağa dəvət etdi Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə Görüşündə çıxışı zamanı ilk diqqətçəkən məqam onun türk dövlət başçılarını Qarabağa və Şərqi Zəngəzura dəvət etməsi oldu. “Mən digər türk dövlətlərinin başçılarını da Qarabağa və Şərqi Zəngəzura dəvət edirəm. Fürsətdən istifadə edərək, mən işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən tikiləcək məktəbə və Qazaxıstan tərəfindən inşa olunacaq yaradıcılıq mərkəzinə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə minnətdarlığımı bildirirəm. Bunlar Azərbaycan-özbək və Azərbaycan-qazax xalqları arasında olan qardaşlığın təzahürüdür”, – Prezident deyib. 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilən ərazilərə vaxtaşırı diplomatik korpus nümayəndələrinin, hərbi attaşelərin, media mənsublarının, blogerlərin, həmçinin siyasi şəxslərin səfərləri təşkil edilir. Bütün bunlar ilə rəsmi Bakı həm də işğalçı və işğala məruz qalan arasındakı real fərqi göstərməyə çalışır. Ölkə başçısının bu məsələdə əsas prioriteti isə dövlət başçılarının Qarabağa səfərlərinin təşkilidir. Təsadüfi deyil ki, Prezident Səmərqənddə keçirilən IX Zirvə görüşündə türk dövlət başçılarını Qarabağa dəvət etdi. Prezidentin xüsusilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın azad olunmuş torpaqlara üç dəfə səfər etdiyini, Şuşada, Füzulidə, Zəngilanda və Cəbrayılda olduğunu vurğulaması digər türk dövlət başçılarının da Qarabağa, həmçinin Şərqi Zəngəzura rahatlıqla gələ biləcəyinə mesajdır. Prezidentin Cənubi Azərbaycan mesajı Prezident İlham Əliyev Zirvə Görüşündə Cənubi Azərbaycanla bağlı konkret mesajlar verdi: Birincisi, ölkə başçısı qeyd edib ki, türk dünyasında gənc nəslin yaşadıqları ölkələrin məktəblərində öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Aydın məsələdir ki, ölkə başçısı “40 milyon azərbaycanlı” deyərkən konkret İran əsarətindəki cənubi azərbaycanlıları nəzərdə tutur. Faktiki olaraq 40 milyon cənubi azərbaycanlı bu gün öz ana dilində təhsil ala bilmir. Halbuki İran Konstitusiyanın 15-ci və 19-cu maddələrinə görə, ölkədə yaşayan bütün etniklər öz ana dilində təhsil almalı, vətəndaş hüquqlarına malik olmalıdırlar. Buna baxmayaraq, İranda yaşayan qeyri-fars xalqlar arasında yalnız ermənilərin ana dilində məktəbi var. Bundan başqa, rejim azərbaycanlılara qarşı kütləvi repressiyalar təşkil edir, gəncləri sırf ana dillərində danışmaq, təhsil almaq istəmələrinə görə həbsə atıb, işgəncələr verir. İkincisi, prezident deyib ki, biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi vətənləri ilə əlaqələri heç vaxt kəsməmələri üçün səylərimizi davam etdirəcəyik. Prezidentin bu çıxışı həm də güneydəki soydaşlarımıza “yanınızdayıq” mesajıdır. Həmçinin onu demək olar ki, Cənubi Azərbaycanın müstəqil olması, yaxud ən azı hüquqlarının bərpasının zamanı çatıb və rəsmi Bakı Təbrizə bu istiqamətdə dəstək verməyə hazırdır.
Müəllif: PolitoloqTuran Rzayev,
Siam.az
Tarix: 11-11-2022, 17:43