“İran və Rusiyanın Ermənistanı silahlandırması separatizmin dəstəklənməsidir” — Sərdar Cəlaloğlu
“Bu bölgədə Rusiyanın İranla maraqları hər zaman üst-üstə düşür. İstər Türk dünyasına, istər Ermənistana, istər Gürcüstana, istərsə də Azərbaycana münasibətdə bunların maraqları üst-üstə düşdüyünə görə, Azərbaycan və Türk dünyasına qarşı zaman-zaman həm birlikdə, həm də ayrı-ayrılıqda fəaliyyət göstərirlər”. Bu fikirləri
Demokrat.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
Partiya sədri qeyd edib ki, İranın və Rusiyanın Ermənistanı silahlandırması separatizmin açıq şəkildə dəstəklənməsidir:
“Bu, həm də işğalçı tərəfə dəstək verməkdir ki, bu da beynəlxalq hüquq normalarına ziddir, ağır cinayət əməlləridir. Bununla bağlı, Azərbaycan həm Rusiyanı, həm də İranı beynəlxalq məhkəməyə verərək, beynəlxalq hüququ pozması ilə bağlı onlara qarşı müəyyən qərarların qəbul olunmasına nail ola bilər.
Hesab edirəm ki, Azərbaycan qardaş Türkiyə ilə, İsraillə, Ukrayna ilə, yəni İrana və Rusiyaya rəqib olan bütün qüvvələrlə daha sıx əlaqələr yaratmalıdır, hərbi texniki baza gücləndirilməlidir. Bir şeyi başa düşmək lazımdır ki, yaxın 10 il ərzində dünyada hər şeyi hüquq və siyasət yox, məhz hərbi güc müəyyən edəcək”.
Tarix: 11-11-2022, 22:04