“Brüssel variantı”na düzəliş edilə bilər - Qərb Ermənistanı sülhə hazırlayır?
Murad Sadəddinov: “Əsas prinsipial məsələlər dəyişilməz qalacaq...”
“Brüssel sülh variantı”na dəyişiklik edilməsi istisna deyil". Bu barədə “Past” erməni qəzeti yazıb. Nəşrin bildirdiyinə görə, bu günlərdə Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başa çatmış İrəvan səfəri bu xüsusda olduqca məzmunlu olub.
“Diplomatik mənbəmizin bildirdiyinə görə, Avropa İttifaqı Klaara danışıqlarda iştirak edən tərəflərlə Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasına dair ”Brüssel paketi" üzərində işləmək səlahiyyəti verib və onun regiona səfəri də məhz buna həsr olunub. Əldə etdiyimiz məlumata görə, o, Ermənistan hakimiyyətinə “Brüssel sənədi”nə müəyyən dəyişikliklərin ola biləcəyini istisna edilmədiyini çatdırıb. Lakin hansı dəyişikliklər? Bunu dəqiqləşdirməyib", - deyə “Past” qeyd edib.
Qəzet ardınca yazıb: “Bizə məlumat verildi ki, Avropa İttifaqının xüsusi nümayəndəsi parlamentin hakim fraksiyası ilə də ayrıca müzakirələr aparıb və qeyd edib ki, mümkün Ermənistan-Azərbaycan razılaşması ərəfəsində parlament dinləmələrinin keçirilməsi zərurəti yarana bilər ki, bu da ölkədə bu mövzu ətrafında ”ictimai konsensus"un sübutu kimi gərəkdir".
Qəzetin iddiasına inansaq, Ermənistan cəmiyyətini həm də müəyyən mənada sülhə hazırlamaq prosesinə start verilib və bu məsələdə Avropa Birliyi və onu dəstəkləyən ABŞ Paşinyan iqtidarına dəstək vermək niyyətindədir. Vaşinqtonda Azərbaycan, ABŞ və Rusiya xarici işlər nazirlərinin təzəcə başa çatan üçlü görüşü ilə bağlı Dövlət Departamentinin yaydığı açıqlamada da bu xüsusda elementlər var.
Bəs nəticə olacaqmı? Xüsusən də Xankəndidə Rusiyanın “dirijor barmağı” ilə düzənlənmiş 30 oktyabr təxribatçı mitinqdən sonra erməni toplumu nə dərəcədə Azərbaycanla sülh müqaviləsinin imzalanmasına hazır görünür? İkinci yandan, hələ ki, heç kimin görmədiyi, haqqında yalnız ümumi məlumat olan “Brüssel sənədi”nə hansı düzəlişdən söhbət gedə bilər - Azərbaycanın, yoxsa Ermənistanın xeyrinə?
Xatırladaq ki, Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyanın növbəti görüşü bu ay Brüsseldə keçirilməlidir. Konkret tarix isə hələlik dəqiqləşməyib.
Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan hakimiyyəti erməni cəmiyyətini hazırlamaq məqsədi ilə və ya ölkədə qeyri-sabitliyin qarşısını almaq məqsədilə bu cür məlumatları mətbuat vasitəsilə ötürür: “Əsas məqsəd Ermənistanda ictimai fikri yayındırmaqdır. Ermənistan cəmiyyətinin böyük hissəsi hələ də sülhə hazır deyil. Onları sülhə hazırlamağın vacibliyini Qərbdə dərk edirlər. Ola bilsin saziş layihəsinə ermənilərin xeyirinə dəyişikliklər ediləcəyi barədə təbliğatı da bunun üçün ortaya atırlar. Hesab edirəm Brüsseldə Azərbaycana təzyiq eləmək imkanları yoxdur ki, Ermənistanın istəklərindən irəli gələn zərərli müddəaları saziş layihəsinə daxil etdirə bilsinlər.
Ola bilsin ki, Fransa Senatı və ya Senatın aşağı palatası Azərbaycan əleyhinə hansısa qərar qəbul eləsin. Amma onların Azərbaycanın mövqeyinə təsir imkanları sıfıra bərabərdir. Azərbaycan tərəfi qəti mövqeyini 8 noyabrda Şuşada Zəfər Günü münasibətilə keçirilən hərbi paraddan əvvəl bəyan etdi. Yəni sülh müqaviləsi ilə bağlı şərtlər məlumdur. Bunlar ondan ibarətdir ki, ilk növbədə Ermənistan 10 noyabr üçtərəfli bəyanatından irəli gələn tələbləri yerinə yetirməlidir, sülh müqaviləsinin imzalanmasının yubanması üçün ortalığa bəhanələr atmaqdan çəkinməlidir. Azərbaycan-Ermənistan danışıqları artıq intensiv hal alıb. Burada ABŞ, Avropa İttifaqı, Rusiyanın səyləri də rol oynayır. Qərb və Rusiya arasında bu məsələ ətrafında da rəqabət hökm sürür. İlin sonuna qədər sülh müqaviləsinin imzalanması imkanları artır. Bu baxımdan, təbii ki, qarşıdakı dövrdə danışıqlar daha da intensivləşəcək, bəyanatlar da veriləcək. Amma Ermənistanın mətbuatının yaydığı bu məlumatda əksini tapan iddianın gələcək perspektivi yoxdur".
Politoloqa görə, Brüsseldə aparılan danışıqlar məhz Azərbaycanın irəli sürdüyü 5 prinsip ətrafında gedir: “Bu vaxtadək keçirilmiş Brüssel danışıqlarından sonra Avropa İttifaqı Şurasının prezidenti tərəfindən verilən bəyanatda Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyi kifayət qədər öz əksini tapır. Hesab edirəm ki, Brüssel danışıqlarında masada olan sülh müqaviləsi layihəsinə qarşıdakı danışıqlarda hansısa dəyişikliklər ola bilər. Ancaq əsas prinsipial məsələlər hesab edirəm ki, dəyişilməz qalacaq. Bu məsələlər ondan ibarətdir ki, Ermənistan və Azərbaycan bir-birilərinin ərazi bütövlüyünü tanıyacaq. Çox ehtimal ki, 1991-ci il xəritələri əsasında sərhədlər müəyyənləşəcək və qarşılıqlı tanınacaq. Ermənistan tərəfi müxtəlif variantlarla Qarabağın, orada yaşayan ermənilərin taleyi ilə bağlı hansısa müddəaları sülh sazişi layihəsinə daxil edilməsini istəsə bu, qəti şəkildə qəbul olunmayacaq. Azərbaycan Prezidenti elan edib ki, bu mövzu müzakirəlik deyil. Prezident İlham Əliyev bu mövqeyi Soçidə Putinin təşəbbüsü ilə keçirilən görüşdə bəyan edibsə, Brüssel formatında keçirilən görüşdə də, təbii ki, deyəcək”.
Tarix: 12-11-2022, 09:20