Hərbi ekspertlər kapitulyant ölkənin hərbi cəhətcə dirçəlmək şansını dəyərləndirdilər
“Ermənistan silahlı qüvvələrinin əsasında formalaşdığı indiki sovet-rus hərbi məktəbi döyüş meydanında öz yararsızlığını sübut etdi və milli orduda islahatlar aparılarkən bu fakt nəzərə alınmalıdır”.
“Yeni Müsavat” xəbər verir ki, bu sözləri Ermənistanın müdafiə naziri Suren Papikyan söyləyib.
“Biz başa düşürük ki, sovet ordusunun standartlarına əsaslanan hərbi məktəbimiz artıq neçənci müharibədir ki, tam dayanıqlı olmadığını nümayiş etdirir. Bu, reallıqdır, biz bunu etiraf eləməli və təbii ki, müvafiq qərarlar qəbul etməliyik”, - deyə Ermənistanın müdafiə naziri vurğulayıb.
Papikyan daha sonra deyib: “Biz hər şeyi etməliyik ki, erməni əsgəri müasir müharibənin nə olduğunu aydın başa düşsün və müasir döyüş apara bilsin. Ordumuza kimdən və nəyi silahlanmaya götürəcəyik, müasir tələblərə necə uyğunlaşacağıq və hansı hibrid vəziyyətlə üzləşəcəyik. Bu, artıq zaman məsələsidir. Amma sizi əmin edə bilərəm ki, bu proses faktiki olaraq Ermənistanın silahlı qüvvələrində artıq başlayıb”.
Onun sözlərinə görə, qələbə çalmaq üçün bir neçə vacib amil bir araya gəlməlidir: “Müasir silahlar, daim yenilənən kəşfiyyat məlumatları və şəxsi heyətin müasir taktika haqda bilikləri. Təəssüf ki, sadalananların heç biri bizdə yox idi. Bir neçə elit bölmə istisna olmaqla, şəxsi heyətimiz 5-ci nəsil müharibəsinin nə olduğunu bilmirdi”.
Maraqlıdır ki, peşəkar hərbi təhsili olmayan Suren Papikyan Ermənistan ordusunun sovet ordusundan imtina etdikdən sonra hansı sistemə keçmək niyyətində olduğuna aydınlıq gətirməkdən imtina edib. Son vaxtlar Ermənistanda ordunun modernləşdirilməsi və müasir silahların alınması zərurəti barədə çox danışılır. Daha əvvəl xəbər verildiyi kimi, Ermənistan hökuməti 2023-cü il üçün hərbi xərcləri rekord dərəcədə - 49,7% (1.2 milyard dollar) artırıb. Ermənistan 44 günlük müharibədə təslim olduqdan sonra iki il ərzində ilk dəfə olaraq ilk irimiqyaslı silah müqaviləsi imzalayıb və Hindistandan 245 milyon dollar dəyərində hücum silahları silah, o cümlədən reaktiv qurğular almağa hazırlaşır.
Yeri gəlmişkən, Papikyan bu yaxınlarda Hindistana səfər də edib və orada silah tədarükünün davam etdirilməsi ilə bağlı danışıqlar aparıb. Məlumatlara görə, Ermənistan Dehlidən müxtəlif növ pilotsuz təyyarələr almaqda da maraqlıdır. Həmçinin İrəvanın İrandan kamikadze dronların alınması ilə bağlı danışıqlar apardığı barədə xəbərlər yayılıb. İran tərəfi artıq bunu təsdiqləyib.
Əlavə edək ki, Nikol Paşinyan ötən həftə İran səfərindən qayıdan kimi çağırdığı hökumət iclasında peşəkar ordu quruculuğuna keçidin vacibliyindən danışmış, bu yöndə hətta praktik işlərə başlandığını bəyan eləmişdi. Hansı işlərə? Öz xarici sərhədlərini hələ də özü qoruya bilməyən kasıb və cırtdan Ermənistanın NATO, Türkiyə tipli bir ordu qurmaq imkanı varmı?
Ehtiyatda olan polkovnik Üzeyir Cəfərovun “Yeni Müsavat”a bildirdiyinə görə, Ermənistan müdafiə nazirinin fikirlərini başa düşmək olar. Onun fikrincə, sovet-rus hərb məktəbi NATO məktəbindən nə qədər geri qaldığını 44 günlük müharibədə təsdiqlədi.
Ü.Cəfərov hesab edir ki, sovet-rus hərb məktəbi XXI əsrdə köhnəldiyini göstərdi: “Ukrayna müharibəsi də bunu əyani şəkildə bir daha nümayiş etdirir. Bu gün müharibənin taleyini PUA-lar, kəşfiyyat dronları, müasir döyüş təyyarələri, helikopterlər, dron kamikadzelər həll edir. Bunu Ermənistan anlayır və sovet hərb sistemindən uzaqlaşır. İndi tanklar, toplar müharibəni həll etmir”.
Hərbi ekspert qeyd etdi ki, əvvəl sovet ali məktəbi idi, indi Rusiya Federasiyası hərb məktəbi yazılıb, ad dəyişib: “Artilleriyaçılar, tankçılar haqda kitablar köhnədir, tələbatlar 60-70-ci illərə aiddir. Sadəcə adlar dəyişib, dünya isə xeyli irəli gedib. Bu gün ən kiçik ölkələr belə müasir texnologiyaya üstünlük verir. Ona görə Ermənistanın mövqeyi başadüşüləndir”.
Hərbi şərhçi Ramil Məmmədli 44 günlük müharibə bitdikdən sonra Ermənistan ordusunun yenilənməsi və silah-texnika parkının komplektləşdirilməsi, yəni silah və texnikaların alınması istiqamətində bir sıra tədbirlər həyata keçirməsinə diqqət çəkdi: “Rusiyadan müəyyən satınalmaları reallaşdırmağa çalışsa da, bu, mümkün olmadı. Hələ 2016-cı il aprel döyüşlərindən sonra, yəni 2017-ci ildə əldə olunan razılaşmaya əsasən Ermənistan hələ keçmiş prezident Serj Sarkisyanın dövründə Rusiyadan təxminən 200 milyon dollar məbləğində müxtəlif təyinatlı hərbi vasitələr almışdı. Bunlar ”Smerç" və “Tos” reaktiv yaylım atəşi sistemləri, “Kornet” tankəleyhinə raket kompleksi, “İqla” daşınan zenit-raket kompleksi və s. bu kimi silah və texnikaların alınmasını həyata keçirmişdi. Lakin 2020-ci il, 44 günlük müharibədə Ermənistan öz maddi-texniki bazasının, yəni silah parkının təxminən yarsını itirdi. Təxminən 4 milyard dollar məbləğində silah-texnika sıradan çıxarıldı".
Hərbi ekspertə görə, 44 günlük müharibədən sonra Ermənistan Rusiyadan tələbatını yerinə yetirə bilməyəcəyini anlayıb, digər ölkələrdən bu istiqamətdə satınalmalar həyata keçirməyə cəhd edir: “Ermənistan Hindistan və ərəb ölkələri, həmçinin Qərbi Avropa ölkələrindən satınalmalar həyata keçirməyə çalışdı. Hindistanla əldə olunan müqaviləyə əsasən Ermənistan ”Pinaka" raket sistemi, “Svati” radiolokasiya sistemi, “Rusdom” silahlı PUA-sı, “Arçer” silahlı PUA-nın alınması üçün 260 milyon dollar məbləğində müqavilə imzalayıb. Bu proses indi də davam edir. Məqsəd ordunu gücləndirməkdir. Əldə olunan digər məlumata görə, İranla da bu istiqamətdə müəyyən satınalmalar həyata keçirməyə cəhd edir. Xüsusən “Şahed 191", ”Şahed-129" silahlı PUA-larını İrandan əldə etmək istəyir. Hətta Ermənistan ordusunun mütəxəssisləri bu PUA-alar İranda baxış da keçiriblər. Lakin bir məqamı qeyd etmək lazımdır ki, 1,2 milyard dollar büdcə ilə Ermənistan qısa müddətdə qarşıdan gələn 5 ərzində də, hər il 1,2 milyard dollar məbləğində müdafiə xərclərinə sərf etsə belə, Ermənistan ordunun tam komplektləşməsini, müasir texnologiyaların təminatını həyata keçirə bilməz".
R.Məmmədlinin fikrincə, Ermənistan orudusunda mütəxəssislərlə bağlı uzun illərə ehtiyac var. “Ordunu müasirləşdirmək istəyən Ermənistan rəhbərliyi, dövləti qarşıdan gələn 20 il ərzində bu prosesi həyata keçirə bilər. Yəni sürətli olarsa 15, mərhələli olarsa, 20 il ərzində bu baş verə bilər. Təbii ki, məqsəd Azərbaycan qarşısında güclənmək, Azərbaycan qarşısında duruş gətirməkdir. Amma Azərbaycan da yerində saymaqla məşğul deyil. Öz imkanlarını gücləndirməyə çalışır”.
Emil SALAMOĞLU
Tarix: 12-11-2022, 12:15