12 noyabr - Bu tarix dövlətimizin, xalqımızın həyatında əlamətdar gün kimi qeyd
olunur. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il noyabrın 12-də
keçirilmiş referendumda qəbul edilib, lakin noyabrın 27-də qüvvəyə minib. Artıq 27 ildir
ki, ölkəmiz noyabrın 12-ni Konstitusiya günü kimi qeyd edir.Qəbul edilmiş konstitusiyamız müstəqil Azərbaycan üçün ilk olsa da, ümumilikdə
respublikamız üçün dördüncü konstitusiyadır. Düzdür Azərbaycanın müstəqillikdən
öncə də konstitusiyası olsa da, bu SSRİ konstitusiyasına uyğun gəlirdi. Bu səbəbdən
dövlətimiz müstəqillik əldə etdikdən sonra yeni konstitusiya hazırlanması zərurəti
meydana çıxdı. Məhz buna görə, 1994-cü ildə Prezident Heydər Əliyevin sədrliyi ilə
konstitusiya komissiyası fəaliyyətə başladı. 1995- ci il 12 noyabrda yeni müstəqil
Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. 1996-cı il fevralın 6-da Ulu
Öndərimiz Heydər Əliyevin sərəncamı ilə noyabrın 12-i konstitusiya günü elan edildi.
Yeni konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir.
Azərbaycan Respublikasının Konstitusiyasında müasir sivil cəmiyyətin inkişaf
istiqamətlərini müəyyənləşdirən və konstitusiyalı quruluşun əsaslarını təşkil edən ideya
və dəyərlər geniş şəkildə öz əksini tapmışdır: dövlətin və cəmiyyətin hüquqla sıx
bağlılığı; insan şəxsiyyətinə və ləyaqətinə hörmət; dövlət hakimiyyət orqanlarının
demokratik qaydada formalaşdırılması vasitəsilə xalqın hakimiyyət funksiyalarının
həyata keçirilməsində iştirakı; insan hüquqlarının səmərəli müdafiəsi mexanizmlərinin
mövcudluğu; siyasi sistemdə plüralizmə təminat verilməsi; sosial ədalətə nail olmaq,
ümumbəşəri dəyərlərə sadiqlik, milli qanunvericiliyin beynəlxalq hüquqa
uyğunlaşdırılması və sair. Konstitusiyamız bütün cəmiyyətin və hər kəsin firavanlığını
istəyərək ədalətin, azadlığın, təhlükəsizliyin bərqərar edilməsini əsas tutaraq indiki və
gələcək nəsillərin qarşısında məsuliyyətini anlayaraq qəbul edilmişdir. Azərbaycan
Respublikası Konstitusiyasının ən böyük nailiyyətlərindən biri ondan ibarətdir ki, o,
müasir dövlət quruculuğu üçün tələb olunan, demək olar ki, bütün prinsipial məqamları
özündə əks etdirir. Bu isə Konstitusiya müddəaları əsasında müxtəlif səviyyədə zəruri
islahatların həyata keçirilməsinə rəvac vermişdir. Konstitusiyanın qəbul edilməsindən
sonra ölkəmizdə irimiqyaslı dəyişikliklər baş verib: birbaşa xalq tərəfindən seçilən
qanunverici orqan formalaşıb və ötən dövr ərzində Konstitusiya əsasında cəmiyyət və
dövlət həyatının ən müxtəlif sahələrini əhatə edən yüzlərlə normativ-hüquqi akt qəbul
edilib; Azərbaycan xalqının vahidliyini təcəssüm etdirən və dövlətçiliyin varisliyini təmin
edən, Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün və Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının, məhkəmə
hakimiyyətinin müstəqilliyinin real təminatçısı olan Prezident institutu formalaşıb; dövlət
hakimiyyəti orqanlarının səmərəli fəaliyyətinin təşkili üçün onların təkmilləşdirilməsi
istiqamətində mühüm addımlar atılıb. Məhz yeni Konstitusiyanın qəbulundan sonra
Azərbaycanda ilk dəfə yerli özünüidarəetmə institutu - bələdiyyə orqanları yaradılıb və
fəaliyyətə başlayıb. Müstəqil Azərbaycanın qəbul edilmiş yeni konstitusiyası
dövlətimizin həm iqtisadi, həm siyasi cəhətdən inkişafında mühüm rol oynayır. Çünki
konstitusiyamızda qəbul edilmiş qanunlar, yazılmış maddələr sırf insanların
hüquqlarının müdafiəsinə, onun sosial rifahının yaxşılaşdırılmasına yönəlmişdir və hər
bir uğurlu gələcəyin mənbəyində sağlam cəmiyyət, nizam-intizamlı dövlət dayanır.
Bu gün Azərbaycanda qəbul edilmiş qanunlar nizamlı şəkildə icra edilir. Dövlətimizin
uğurlu gələcəyinə, və onun inkişafına etibarlı zəmin yaradır.
Gülnarə Əliyeva - Bərdə rayon A.Süleymanov adına Şorəlli kənd tam orta
məktəbin direktoru,Siam.az
Tarix: 12-11-2022, 12:58