Aİ və Böyük Britaniya G20 sammitində Rusiyanı boykot etmək istəyir
Avropa İttifaqı (Aİ) və Böyük Britaniya noyabrın 15-16-da İndoneziyanın Bali adasında keçiriləcək G20 sammitində Rusiya nümayəndə heyətinin çıxışlarını boykot etmək niyyətindədir.Bu barədə Britaniyanın “The Daily Telegraph” qəzeti məlumat yayıb. Aİ-nin xarici əlaqələr xidmətinin nümayəndəsi qəzetə bildirib ki, beynəlxalq ictimaiyyət bununla “Rusiyanın bütün cinayətləri, vəhşilikləri və qanunsuz hərəkətləri haqqında” nə düşündüyünü göstərmək istəyir.
Ölkələr həmçinin Rusiyanı müharibəyə son qoymağa çağıracaq, danışıqların Ukrayna üçün məqbul şərtlərlə aparılmalı olduğunu qeyd edəcəklər.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putinin G20 sammitinə gəlməyəcəyi və videoformatda da iştirak etməyəcəyi məlum olub.
Prezidentin mətbuat katibi Putinin qərarını “onun Rusiyada olmasının zəruriliyi” ilə izah edib. Bu səbəbdən Rusiyanı sammitdə xarici işlər naziri Sergey Lavrov təmsil edəcək.
Amma iyul ayında Balidə keçirilən G20 xarici işlər nazirlərinin konfransında Lavrov özünü təcrid vəziyyətinə salıb və görüşü vaxtından əvvəl tərk edib.
Aprel ayında isə Rusiya nümayəndələrinin çıxışı zamanı G20 iclasında bir sıra Qərb ölkələrinin maliyyə nazirləri və mərkəzi banklarının rəhbərləri etiraz olaraq tədbiri tərk ediblər. Görüşə internet üzərindən qoşulanlar isə bu zaman kameralarını söndürüblər.
Ukrayna prezidenti Volodimir Zelenski noyabrın 3-də Putinin sammitdə iştirak edəcəyi təqdirdə, sammitdə iştirakdan imtina edəcəyini bildirib.
Amma noyabrın 8-də Kiyev buna baxmayaraq, Zelenskinin sammitdə “müəyyən formatda” – ola bilsin ki, onlayn şəkildə iştirak edəcəyini təsdiqləyib.
Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.
Azadlıq radiosu
Tarix: 13-11-2022, 16:30