Ermənistana silah satışı Azərbaycan-Hindistan əməkdaşlığına təsir edə bilər? – ANALİZ


Azərbaycan və Hindistan uzun müddətdir ki, geniş spektrli məsələlər üzrə dostluq və əməkdaşlıq münasibətlərinə malikdir. Bakı uzun illərdir ki, Yeni Dehlinin Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Bununla belə, Hindistanın bu yaxınlarda Azərbaycanın bir qədər düşmən münasibət kimi qəbul etdiyi tərzdə hərəkət etməsindən sonra diplomatik münasibətlər zəifləyə bilər.
2022-ci il iyunun 9-da Azərbaycanın Xarici İşlər Nazirliyi Hindistanın Azərbaycandakı səfiri Bavitlung Vanlalvavnanı çağıraraq Hindistanın hakim partiya üzvlərinin Məhəmməd peyğəmbərin ünvanına təhqiramiz ifadələr işlətməsini Azərbaycanın pislədiyini bildirib və Hindistan hökumətini bu məmurlara qarşı sərt tədbirlər görməyə çağırıb. Avqust ayında Azərbaycanın ictimai televiziyası Hindistanın müxtəlif beynəlxalq platformalarda Azərbaycanın təşəbbüslərini əngəlləmək üçün diplomatik cəhdləri ilə bağlı epizod yayımlayıb.
Müvafiq olaraq, Azərbaycanın BRICS sammitinə dəvət olunmasına digər üzvlər - Rusiya, Çin, Braziliya və Cənubi Afrika tərəfindən razılıq verilsə də, Hindistan etiraz edib. İyulun 25-29-da Bakıda keçirilən Qoşulmama Hərəkatının Gənclər Zirvəsinin beynəlxalq təşkilata çevrilməsi ilə bağlı Azərbaycanın təklifinə Yeni Dehli mane olub. Radikal şiə qruplaşmalarının avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinə basqın etməsindən sonra Hindistan və Butanın Qoşulmama Hərəkatı ölkələrinin Azərbaycanla həmrəyliyini ifadə edən bəyannamənin imzalanmasına mane olduğu bildirilir.
İki ölkə arasında artan bu bölünmə əsasən onların Qarabağ və Kəşmir məsələlərində diplomatik və ideoloji yaxınlıqlarından qaynaqlanır. Qarabağ məsələsində Pakistanın qatı dəstəyinə malik olan Azərbaycan uzun illərdir ki, Kəşmir məsələsində Pakistanın mövqeyini açıq şəkildə dəstəkləyir. Paralel olaraq, Hindistan daha geniş Avrasiya regionunda iki uzaq münaqişə mərkəzi arasında əlaqə yaradaraq Qarabağ məsələsində ermənilərə daha yaxındır.
Maraqlısı o idi ki, bu siyasət fikir ayrılığı bir müddətdir ikitərəfli əlaqələrə xələl gətirmək potensialına malik olsa da, Bakı ilə Yeni Dehli arasında inkişaf edən iqtisadi əlaqələrə görə bu, arxa planda idi. İki ölkə qeyd olunan məsələlərin ikitərəfli əməkdaşlıq üçün mümkün ciddi nəticələri olan digər siyasət sahələrinə sıçramaması üçün uzun bir yol keçib. Azərbaycanın 2020-ci ildə İkinci Qarabağ Müharibəsindəki qələbəsindən və Cənubi Qafqazda dəyişən güc reallıqlarından sonra Azərbaycan-Hindistan tərəfdaşlığını praqmatik relslər üzərində saxlamaq çətin uğura çevrilib. 44 günlük müharibə bir tərəfdən Azərbaycan, Türkiyə və Pakistan, digər tərəfdən isə Hindistan və Ermənistan arasında qeyri-rəsmi ittifaqların daha da kristallaşmasına səbəb oldu.
Müharibədən sonra Azərbaycan Türkiyə və Pakistanla diplomatik və hərbi sahədə əlaqələri ikiqat artırdı. Bakı və İslamabad regional əhəmiyyətli məsələlərdə bir-birini daha çox dəstəkləməyə başladılar. 2022-ci ilin iyulunda Azərbaycan, Türkiyə və Pakistan parlament sədrləri İstanbul Bəyannaməsini imzaladılar, burada Ankara və Bakı Cammu və Kəşmir münaqişəsi ilə bağlı prinsipial mövqelərini bir daha təsdiqlədilər və münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq sülh yolu ilə həllinə tərəfdar olduqlarını bildirdilər.
Hindistan öz tərəfində Qarabağ məsələsində “prinsipial mövqeyini ” saxlamaqla Ermənistanı daha qabarıq şəkildə dəstəkləməyi seçdi. 13-14 sentyabr 2022-ci il tarixlərində Ermənistan və Azərbaycan arasında yeni sərhəd toqquşmalarından sonra Hindistanın Xarici İşlər Nazirliyi Azərbaycana istinad edərək “təcavüzkar tərəfi” hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.
Hərbi əməkdaşlığa gəldikdə, Azərbaycan-Pakistan tərəfdaşlığı birgə hərbi təlimlər və hərbi təhsil proqramları baxımından yaxşı inkişaf perspektivlərinə malikdir. 2021-ci ilin sentyabr ayında Azərbaycan, Türkiyə və Pakistan “Üç Qardaş” üçtərəfli hərbi təlimləri keçirib, burada xüsusi təyinatlı birləşmələr quru, dəniz və hava yolu ilə şərti düşmən xətlərinin arxasına sızma tapşırıqlarını icra ediblər. 2022-ci ilin avqustunda Azərbaycanın Milli Müdafiə Universiteti və Pakistanın Milli İdarəetmə Kolleci hərbi təhsil sahəsində mümkün əməkdaşlıq sahələrini müzakirə ediblər. Bakı həmçinin Pakistanın JF-17 döyüş təyyarələri ilə maraqlanır, onun müharibədən sonrakı hava qüvvələrinin imkanlarını artırmaq üçün ən yaxşı variantlardan biri olduğu düşünülür.
Hindistan və Ermənistan arasında hərbi əməkdaşlıq 2021-ci ilin yanvarında Hindistanın Ermənistana 4 ədəd “Swati” radar sistemi təhvil verməsi ilə tamamilə yeni mərhələyə qədəm qoyub. 40 milyon dollarlıq platforma təkcə erməni ordusunun Qarabağ kimi dağlıq ərazidəki əməliyyat planlarına uyğun gəlmir, həm də onun alınması İrəvanın Rusiyadan asılılığını azaltmaq məqsədi daşıyırdı. Aprel ayında Ermənistanın müdafiə naziri Suren Papikyan Hindistan səfirini iki ölkənin müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq haqqında sazişin imzalanmasını müzakirə etmək üçün qəbul edib. İyul ayında Hindistanın Mumbayda yerləşən “Dnaindia.com” xəbər xidməti erməni nümayəndə heyətinin “alış-veriş siyahısı ilə” Hindistana səfəri barədə məlumat vermişdi.
Oktyabr ayında Ermənistan müdafiə naziri Suren Papikyan Hindistana işgüzar səfəri çərçivəsində Qandinaqar şəhərində açılan DEFEXPO sərgisini ziyarət edib. Hindistanın “ThePrint” internet qəzeti məlumat yayıb ki, Ermənistan Hindistanla “Pinaka” yaylım atəşli reaktiv sistemləri, tank əleyhinə “Konkurs” raket sistemləri, həmçinin 80 millimetrlik minaatanlar da daxil olmaqla, geniş çeşiddə hərbi sursatların satışına dair hökumətlərarası saziş imzalayıb. Habelə Ermənistan “Akaş” kimi hava hücumundan müdafiə sistemləri ilə yanaşı, Pilotsuz Uçuş Aparatları (PUA) və digər döyüş sursatlarının da alınması imkanını da nəzərdən keçirib. Məlumatlara görə, Ermənistan Hindistanda “Tata Advanced Systems Limited” (TASL) və “Solar Industries” özəl şirkətləri tərəfindən hazırlanmış kamikadze dronları (loitering munition) almaq imkanını da nəzərdən keçirib. Daha sonra isə Hindistanın “İdew.org” nəşri Ermənistanın yerli “Pralay” ballistik raketlərinin alınması imkanını nəzərdən keçirdiyi barədə məlumat yaydı. Bu gün isə “The Hindu” nəşri Hindistanın Ermənistana yerli istehsal 155 mm çaplı ATAGS artilleriya qurğuları tədarük edəcəyini bildirib.
Bütün bunlara baxmayaraq, Rusiyanın Ukraynaya hücumu və bundan sonra Rusiyaya qarşı sanksiyalar Azərbaycan və Hindistana fikir ayrılıqlarını bir kənara qoyub, qarşılıqlı faydalı sahələrdə əməkdaşlıq etmək üçün yeni imkanlar yaratdı. Hindistan 2022-ci ilin ilk altı ayında Azərbaycanın dördüncü ən böyük ixrac tərəfdaşı olub. Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın Hindistana ixracı 107 faiz artaraq 896 milyon ABŞ dollarına çatıb. Eyni zamanda, Hindistan qlobal ərzaq bazarlarında artan volatillik kontekstində Azərbaycan üçün mühüm taxıl və düyü mənbəyi kimi ortaya çıxdı. Bu hadisələr Bakı üçün Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin (INSTC) əhəmiyyətini və sabitliyi pozulmuş qonşuluqda Yeni Dehlinin geoiqtisadi mövqeyini bir daha gündəmə gətirdi.
INSTC multimodal nəqliyyat marşrutudur və 2000-ci ildə Rusiya, Hindistan və İran arasında hökumətlərarası saziş əsasında yaradılıb. 7200 kilometrlik dəhliz İran və Azərbaycanın dəmir yolu şəbəkələri vasitəsilə Mumbayı Sankt-Peterburqla birləşdirir. Hindistan Ekspeditorlar Assosiasiyaları Federasiyasının hesabatına görə, INSTC Süveyş kanalından keçən ənənəvi dəniz marşrutundan 30 faiz ucuz və 40 faiz qısadır.
Azərbaycan bu qrupa 2005-ci ildə qoşulub və o vaxtdan marşrutun gələcək inkişafında fəal iştirak edib. 2021-ci ilin iyun ayında Azərbaycan, Rusiya və İran dəmir yolu şirkətlərinin birgə idarə etdiyi ilk qatar Finlandiyadan Hindistana 30-40 futluq konteyner kağız məhsulları daşıyıb. 2022-ci ilin avqustunda Belarus və Rusiya dəmir yolu şirkətləri INSTC çərçivəsində Azərbaycana yük daşımağa başlayıb və taxta-şalban məhsulları ilə yüklənmiş ilk ekspress qatar cəmi 7 günə Azərbaycanın Abşeron stansiyasına çatıb. Şimal-cənub marşrutunun Bakı-Tbilisi-Qars dəmir yolu ilə Şərq-Qərb Orta Dəhlizinə birləşdirilməsi imkanı Azərbaycanın geniş Avrasiya regionunda əsas tranzit qovşaqlarından biri kimi güclənməsinə səbəb olur.

Hindistan üçün INSTC uzun müddətdir ki, Asiya bazarlarını Avropa ilə əlaqələndirmək üçün Çin və Pakistanın rəhbərlik etdiyi layihələrə alternativlər yaratmaq məqsədinə xidmət edir. Bununla da Yeni Dehli bəzi nəqliyyat marşrutlarını Süveyş kanalından uzaqlaşaraq İran, Azərbaycan, Türkmənistan, Qazaxıstan və Rusiyanın dəmir yolu sisteminə yönləndirməyi hədəfləyib ki, bu da iqtisadi artımı kataliz edərək bu bazarların istifadə olunmamış ticarət potensialını açıb.
Keçmişdə INSTC gözlənilən nəticələri verməsə də, daha az iqtisadi mübadilə və inkişaf etməmiş nəqliyyat şəbəkəsi səbəbiylə, Ukrayna ilə bağlı sanksiyalardan sonra Rusiya-Hindistan ticarətinin artması üçün alternativ marşrutlara təcili ehtiyac, marşruta daha yaxşı təsir göstərə bilər. Artıq 2022-ci ilin iyulunda Rusiya Xəzər dənizi və Fars körfəzindəki Rusiya və İran limanlarından keçərək Mumbaya taxta laminat təbəqələri olan 40 futluq iki konteyner daşıyan ilk qatarını göndərdi. Sentyabrın 9-da Azərbaycan, İran və Rusiya marşrut boyu nəqliyyat və tranzit əməliyyatlarının sadələşdirilməsi mexanizmlərini nəzərdə tutan INSTC-nin gələcək inkişafı haqqında Bakı Bəyannaməsini imzaladılar.
Azərbaycan üçün INSTC strateji məqsəddir, istehsal fəaliyyətləri, dəyər və təchizat zəncirlərinin sahilyanı rayonlardan bir zamanlar periferik ərazilərə köçürülməsindən faydalanmaq imkanıdır. Bakı Astaraçay üzərində 60 milyon dollarlıq körpünün tikintisini də maliyyələşdirib. İran nəhayət 2019-cu ildə Qəzvin-Rəşt dəmir yolu hissəsini istifadəyə verdikdən sonra Azərbaycan Hindistan və Rusiya arasında yüklərin Azərbaycan və İran üzərindən rahat tranzitini təmin edəcək 164 kilometr uzunluğunda Rəşt-Astara dəmir yolunu tamamlamağa çalışır. İyulda Rəşt-Astara dəmir yolunun 70 faizi artıq tamamlanıb və Rusiya qalan hissəsinin tikintisini İran nefti ilə barter yolu ilə maliyyələşdirəcəyini bəyan edib.
INSTC ölkələri də bu yaxınlarda marşrutun yumşaq infrastruktur potensialını yaxşılaşdırmaq üçün səyləri artırıblar. Rusiya Çini birləşdirən Şimal dəhlizi boyunca asan tranzit təmin etmək üçün Rusiya, Qazaxıstan və Belarus milli dəmir yolu şirkətlərini bir araya gətirən “UTC Logistics”in analoqu olan INSTC-də ucdan-uca logistika üçün birgə dəmir yolu operatorunun yaradılmasına təkan verməkdə xüsusilə fəal olub. Azərbaycan və Hindistan ikitərəfli qaydada İkiqat vergitutmanın qarşısının alınması haqqında saziş üzrə danışıqlara yardım edib. Daha inkişaf etmiş nəqliyyat infrastrukturu ilə birlikdə daha çox tənzimləyici yaxınlaşma ümumilikdə INSTC ölkələri, xüsusən də Hindistan və Azərbaycan arasında ticarət əlaqələrini dərinləşdirəcək. O, Bakı ilə Yeni Dehli arasındakı siyasi fikir ayrılıqlarını aradan qaldırmasa da, yenə də praqmatik yollarla fikir ayrılıqlarını müzakirə etmək üçün imkanlar yaradacaq.
Hindistan-Azərbaycan münasibətlərindəki bu tendensiya Azərbaycanın Qarabağ müharibəsindən sonrakı dövrdə beynəlxalq əməkdaşlığa yanaşmasının mühüm tərkib hissəsi olan “özgələşdirmədən uyğunlaşma” strategiyası kontekstində nəzərdən keçirilməlidir. Müvafiq olaraq, Bakının Türkiyə ilə müttəfiqlik münasibətləri Yunanıstanla qarşılıqlı əməkdaşlığa mane olmayacaq şəkildə qurulub və ya İranla siyasi-iqtisadi əlaqələr üçün kanallar açıq saxlanmaqla İsraillə hərbi-iqtisadi əlaqələr genişləndirilir. Eynilə, Azərbaycan Pakistanla artan ittifaqının Hindistanla praqmatik əməkdaşlıq hesabına olmaması üçün diqqət göstərir. 2022-ci ilin fevralından sonra Bakının INSTC çərçivəsində əməkdaşlığa artan sadiqliyi bu strategiyanın tərkib hissəsi olub.
Sevinc Əliyeva
Ordu.az
Tarix: 13-11-2022, 22:56
Xəbəri paylaş





Xəbər lenti