BMT-də Rusiya ilə bağlı sənəd səsə qoyuldu - Azərbaycan yenə iştirak etmədi
BMT Baş Assambleyasının xüsusi sessiyasının iştirakçıları Rusiyanın Ukraynaya vurduğu zərərin beynəlxalq reyestrinin, habelə itkilərin kompensasiyası mexanizminin yaradılmasının zəruriliyi ilə bağlı qətnamə qəbul ediblər.
Yeniavaz.com xəbər verir ki, sənədin əleyhinə Rusiya, Belarus, Zimbabve, İran, Çin, Şimali Koreya, Kuba, Mali, Nikaraqua, Suriya, Baham adaları Birliyi, Mərkəzi Afrika Respublikası, Eritreya və Efiopiya səs verib.
Postsovet məkanı ölkələrindən Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan bitərəf qalıb. Qətnaməni Gürcüstan, Latviya, Litva, Moldova, Ukrayna və Estoniya dəstəkləyib. Azərbaycan və Türkmənistan səsvermədə iştirak etməyib.
Macarıstan və Türkiyə də qətnaməni dəstəkləyiblər. İndoneziya, Səudiyyə Ərəbistanı və Serbiya bitərəf qalıb.
İclasa Rusiyadan təzminatların tutulması mexanizmi haqqında qərar layihəsi təqdim olunub.
"Baş Assambleya beynəlxalq hüquq nöqteyi-nəzərindən Ukrayna ilə əməkdaşlıqda Rusiya Federasiyasının Ukraynaya qarşı qanunsuz hərəkətləri nəticəsində dəymiş zərərin, itkilərə görə zərərin ödənilməsi üçün beynəlxalq mexanizmin yaradılmasının zəruriliyini qəbul edir. Baş Assambleya tövsiyə edir ki, üzv ölkələr Ukrayna ilə əməkdaşlıq edərək bütün maraqlı fiziki və hüquqi şəxslər üçün zərər, itki və ya zədə ilə bağlı iddialar və onların əsaslandırılması haqqında məlumat mənbəyi kimi xidmət edəcək beynəlxalq zərər reyestrini yaratsınlar”, - sənədin mətnində deyilir.
Qətnamədə həmçinin Rusiya Federasiyasına Ukraynada hərbi əməliyyatları dayandırmaq və qoşunları çıxarmaq üçün növbəti çağırış yer alır.
Tarix: 15-11-2022, 14:48