Erməni politoloq: “Fransa tarixdə ermənilərlə çox oyun oynayıb”


“Fransanın ermənilərlə oyun oynamaq məsələsində kifayət qədər zəngin təcrübəsi var”.
Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bunu erməni politoloq Arqişti Kiviryan deyib. O bildirib ki, 1920-ci ili yada salmaq kifayətdir:
“İyulun 4-də Kilikiya Respublikası elan olundu və oradakı ermənilər Fransanın onları qoruyacağına ümid edirdilər. Hər şey bir gündə bitdi. Ertəsi gün fransızlar türklərlə razılaşaraq bu elan edilmiş siyasi birliyi, eləcə də orada yaradılmış erməni silahlı birləşmələrini ləğv etdilər. İndi Fransa yenə erməniləri Azərbaycanla ticarət obyektinə çevirəcək. Üstəlik, Senatın qərarı tövsiyə xarakteri daşıyır”,-deyə o bildirib.
Erməni analitikin fikrincə, Fransa həqiqətən də Ermənistana kömək etmək istəsəydi, 44 günlük müharibə zamanı Ermənistanı silah, sursat və kəşfiyyat məlumatları ilə təmin edə bilərdi. “Məndə olan məlumata görə, Azərbaycan fransızların yaratdığı peyk sistemlərindən kifayət qədər çoxlu kəşfiyyat məlumatları alır. Əgər Fransa hazırda Ukraynaya verilən silahların 10 faizini Ermənistana versəydi bu, hətta hüquqi qüvvəsi belə olmayan bəyanatlardan 100 dəfə təsirli olardı. Siyasətdə belə bəyanatlar qarşı tərəfə ünvanlanmış ticarət təklifidir. Fransanın çox effektiv silah növləri var. Lakin Ermənistan onlardan bir dənə də olsun patron almayıb”, - deyə Kiviryan vurğulayıb.



Tarix: 20-11-2022, 22:51
Xəbəri paylaş





Xəbər lenti