AB Rusiyanı “terrorçu dövlət” elan edərsə... - Azərbaycanın seçim məsələsi
Siyasi analitiklərdən “həssas mərhələ”nin başlanması anonsu; “Ukraynaya qarşı əməliyyatlarda Rusiyaya dəstək verməyən Azərbaycana və Türkiyəyə qarşı tələblər irəli sürmək absurd olar”
“Avropa Parlamenti gələn həftə Rusiyanı terrorçu ölkə elan edən qətnaməyə səs verəcək”. Bu barədə srağagün Avropa Xalq Partiyasının (APP) rəsmi saytında məlumat verilib. “Gələn həftə biz Rusiyanı terrorçu dövlət kimi tanıyacaq qətnaməyə səs verəcəyik”, - deyə rəsmi bəyanatda bildirilir. Xüsusən də 44 günlük müharibədən sonra açıq-aşkar ermənipərəst və Azərbaycana qarşı təxribatçı mövqe sərgiləyən, əleyhimizə bir necə ədalətsiz qətnamə qəbul edən Avropa Parlamenti bu cür qərarlarla sözsüz ki, həm də Azərbaycan və Türkiyə kimi bitərəf ölkələri Ukrayna məsələsində seçim qarşısında qoymaq və öz tərəflərinə çəkmək niyyəti güdür. Belə bir qərar olarsa, Azərbaycan seçim qarşısında qala bilərmi? Rusiyanın terrorçu dövlət elan olunması ölkəmiz üçün hansı anlama gələcək və Rusiya ilə iqtisadi əlaqələrə görə bizi, qardaş Türkiyəni hansısa sanksiyalar gözləyə bilərmi?
Politoloq Yeganə Hacıyeva “Yeni Müsavat”a bildirdi ki, Rusiyanın bu mərhələ üçün terrorizmi dəstəkləyən ölkə kimi tanınması planı Avropa təsisatlarının Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına qarşı dirənişində növbəti mərhələdir. Bundan sonrakı mərhələdə isə Avropa Şurası Parlament Assambleyasında Rusiyaya qarşı sərt addımlar atılacaq. Rusiya isə bütün bunlardan çəkinmədiyini nümayiş etdirir. Məsələnin digər tərəfi isə Avropa Parlamentində bəlli dairələrin və şəbəkələrin Azərbaycan və Rusiyanın əleyhinə sanksiyalara qoşulmasından Azərbaycana və Türkiyəyə qarşı istifadə etməyə çalışmalarıdır: “Bizə aydın idi ki, Avropa Parlamentində Türkiyəyə və ölkəmizə qarşı addımlar atılacaq. Lakin məsələ ondadır ki, Avropa Parlamenti ilk növbədə Ermənistana qarşı addımlar atmalıdır. Çünki Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlarını Ermənistan açıq şəkildə dəstəkləyib və dəstəkləyir. Ermənistan Rusiyaya genişmiqyaslı dəstək verib. Bu faktlar ortada ola-ola Ukraynaya qarşı əməliyyatlarda Rusiyaya dəstək verməyən Azərbaycana və Türkiyəyə qarşı tələblər irəli sürmək, hansısa cəza tədbirlərinə əl atmaq absurd olar. Mən bu mərhələ üçün Azərbaycan və Türkiyəyə qarşı sanksiyalar qəbul ediləcəyini düşünmürəm. Sadəcə, qərarlaşdırılmayan cəhdlər ola bilər. Azərbaycan və Türkiyəyə dolayısı ilə seçim şərtini irəli sürmək cəhdləri olacaq. Ölkələrimizi sevməyən qüvvələr Rusiya ilə iqtisadi əlaqələrimizin mümkün qədər azaldılması və bununla Rusiyaya əlavə bir zərbə vurmaları üçün bunları edə bilərlər”.
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov isə bildirdi ki, Rusiya-Ukrayna müharibəsində Qərb koalisiyasının yekdil fikirdən çıxış etməsi bəzi radikal addımlara da gətirib çıxarır. Belə ki, Avropa Parlamenti artıq Rusiyanı terrorçu ölkə elan edən qətnamə qəbul etməyə hazırlaşır. Nəzərə almaq lazımdır ki, söhbət bizim şimal qonşumuzdan gedir və Rusiyanın terrorçu dövlət elan olunması bir sıra məsələləri də aktullaşdıracaq: “Avropa İttifaqı burada öz şəxsi maraqlarından çıxış edir. Ukraynanı müdafiə Rusiyanı beynəlxalq nüfuzdan tamamilə salmaq mahiyyəti güdür. Eyni zamanda Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər gücləndikcə Azərbaycan və Türkiyənin atacağı addımlar da geniş müzakirə mövzusu olur. Nəzərə almaq lazımdır ki, biz Rusiya ilə 2022-ci il fevral ayının 22-də "Müttəfiqlik və qarşılıqlı fəaliyyət haqqında" bəyannamə imzalamışıq. Hazırda Rusiyanın məhz Qarabağ mövzusunda sərgilədiyi mövqe böyük ziddiyyətlər doğurur. Bunu nəzərə alaraq Azərbaycan düşünmürəm ki, Rusiyaya qarşı hansısa çox ciddi və kəskin addımlar atsın. Zaman-zaman bəzi siyasi bəyanatlar səsləndirilir. Əgər bizim milli maraqlarımızla əks mövqedə duran Kremlin addımları olursa, biz buna qarşı çıxırıq. Lakin Avropa İttifaqının Rusiyanı terrorçu dövlət elan etməsi Azərbaycanı da Rusiyaya qarşı yönəlməyə məcbur etmir. Buna baxmayaraq, Azərbaycana Avropa İttifaqı tərəfindən müəyyən tələblər irəli sürülə bilər. Dəfələrlə biz bu istiqamətdə təzyiqlərlə rastlaşmışıq. Xüsusilə İran mövzusunda".
Ekspertin sözlərinə görə, indi Rusiyanın terrorçu dövlət elan olunması Azərbaycan və Türkiyə qarşısında hansısa şərtləri formalaşdırmır: “Biz bütün dövlətlərlə mehriban qonşuluq siyasətinin formalaşmasında maraqlıyıq. Əgər milli maraqlarımızdan kənar hər hansı tələb irəli sürüləcəksə, Azərbaycan buna uyğun olaraq addımlar atacaq. Ancaq dünyanın geosiyasi mübarizəsində yer tutmaq gələcəkdə Azərbaycan üçün hansısa uğurları şərtləndirəcək demək çətindir. Kiçik dövlətlər gərək proseslərə uyğun addımlar atsınlar. Hər hansısa kiçik dəyişiklikdən ilhamlanaraq radikal addımların atılması hər zaman uğura gətirmir. Hər şeyi məhz zamanı gələndə reallaşdırmaq daha böyük uğur gətirir”.
Tarix: 22-11-2022, 08:58