Ermənistan KTMT-dən çıxmağı bacaracaqmı? – İrəvanın tarixi qərar vermək anı bu gün başlayır


 
22-23 noyabrda Ermənistanda KTMT-nin növbəti sammiti keçiriləcək. Sammit çərçivəsində liderlər, xarici işlər nazirləri, müdafiə nazirləri və təhlükəsizlik şurası katibləri səviyyəsində iclaslar təşkil olunacaqdır. 
 
Gündəlikdə duran əsas məsələlər təşkilatın böhrana cavab sisteminin təkmilləşdirilməsi, sədrliyin rotasiya qaydasına uyğun olaraq yeni nümayəndəyə ötürülməsi və Ermənistana yardım göstərilməsi üçün birgə tədbirlərin müzakirəsi olacaqdır. Sessiya zamanı Kollektiv Təhlükəsizlik Şurasının Bəyannaməsinin və  Sülhməramlı Qüvvələrin müasir silahlar, hərbi və xüsusi texnika ilə təchiz edilməsi, radiasiya, kimyəvi və bioloji müdafiənin birgə formalaşdırılması ilə bağlı sıra sənədlərin qəbul ediləcəyi gözlənilir.
 
Sözügedən sammit Ermənistanın destruktiv siyasəti səbəbindən daxili parçalanma ilə müşaiyət olunacaqdır. Dəfələrlə KTMT-ni Azərbaycanla müharibə astanasına gətirməyə çalışan Ermənistan son cəhdini sentyabr təxribatından sonra etmişdi. Ermənistan Rusiyaya təşkilat  nizamnaməsinin 4-cü maddəsinə uyğun hərbi yardım məqsədilə müraciət etsə də, təşkilat vəziyyəti qiymətləndirmək üçün regiona monitorinq missiyası göndərməklə kifayətlənmişdi.
 
44 günlük müharibədən sonra Azərbaycan KTMT üzvü Qırğızıstanla “Strateji Tərəfdaşlıq haqqında”, Qazaxıstanla isə “Strateji Münasibətlərin Möhkəmləndirilməsi və Müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında” Bəyannamələr imzalamışdır. Qazaxıstanla imzalanan son Bakı bəyannaməsində isə Zəngəzur dəhlizi Orta Dəhlizin perspektiv hissəsi kimi dəyərləndirilmişdir. Qazaxıstan və Qırğızıstan daxil KTMT-nin 6 üzvündən 3-ü (+Belorus) Azərbaycanı Zəfər Günü münasibəti ilə təbrik etmişlər. 
 
Görünən odur ki, sammitdə Azərbaycan əleyhinə qərar qəbul edilməyəcək. Buna rəğmən, Ermənistanın ittiham və təkliflərlə çıxış edəcəyi gözləniləndir. Sammitə qədər Paşinyan 1991-ci il sərhədlərinə uyğun olaraq qoşunların geri çəkilməsi, şərti sərhəddə demilitarizasiya zonasının yaradılması, mühafizəni ordu birləşmələrindən sərhəd qoşunlarına ötürməyi, vəziyyətin monitorinqi məqsədilə KTMT missiyasından istifadəni təklif etmişdir.
 
Qəbul edilməyəcək təkliflərlə çıxış etmək İrəvana təşkilatı diskreditə etmə və ölkənin üzünü Qərbə çevirmək baxımından faydalıdır. N.Paşinyan KTMT-nin mövqeyindən məyus olduğunu, A.Qriqoryan KTMT-yə daha ümidlərin olmadığını, A. Simonyan isə təşkilatın “güllə atmayan tapança” olduğunu bildirmişdir. Sentyabr ayında ölkəyə səfər edən N.Pelosi dolayı olaraq Ermənistanı KTMT-dən çıxmağa çağırmışdır: “qərarları Ermənistan verir, biz yalnız kömək etmək istəyimizdən danışa bilərik”. Erməni qrupunun üzvü F.Pallone isə ABŞ-ın KTMT-nin xidmətlərinə müraciət etmədən “Ermənistanın təhlükəsizliyi üçün nə edə biləcəyini anlamağa çalışdığını” bildirdi. 
 
Ermənistan KTMT-dən çıxmaq istiqamətində artıq bir neçə addım atıbFransa, Hindistan, İran və Yunanıstanla hərbi və hərbi-texniki əməkdaşlıq, ABŞ və Fransanın təhlükəsizlik strukturlarının yüksəkrütbə/vəzifəli şəxslərinin Ermənistana səfərləri və hərbi diversifikasiya Ermənistanın tənha olmadığını göstərmək məqsədinə xidmət edir. 
 
Bununla belə, Ermənistanın KTMT-dən çıxmasına 3 faktor mane olur: 
 
Birinci, ATƏT-in 1992-ci il qərarına görə, Qərb “münaqişə” davam etdiyi müddətdə Azərbaycan və Ermənistana silah sata bilməz. Yəni, Ermənistanla hərbi əməkdaşlıq üçün sülh sazişi imzalanmalıdır. 
 
İkinci, Ermənistanın Rusiyanın təhlükəsizlik sisteminin bir hissəsi kimi qaldığı müddətdə ona Qərb istehsal olan müasir silahların verilməsi doktrinal prinsiplərə ziddir. 
 
Üçüncüsü, Ermənistanın KTMT-dən savayı Aİİ-nin üzvüdür. Üzvlük Ermənistana idxal-ixrac və birbaşa xarici investisiya məsələlərində üstünlük yaradır. Rusiyanın sanksiyalar altında olduğu şəraitdə bu üstünlüklər özünü daha qabarıq formada biruzə verirİranla Aİİ arasında imzalanan azad ticarət zonası saziş isə Ermənistanın təşkilat daxilində perspektivlərini daha da artırır. Ermənistan anlayır ki, KTMT-dən çıxma onun Aİİ-də də üzvlüyünə təsir göstərib, hərbi risklərlə yanaşı iqtisadi risklər yaradacaqdır.  
 
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi



Tarix: 22-11-2022, 09:05
Xəbəri paylaş





Xəbər lenti