NATO-nun kontr-admiralı Bakıda - İranla gərginlik, Rusiya məsələsi...
Elxan Şahinoğlu: “Azərbaycan NATO ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır”
Bakıda Azərbaycanla NATO arasında Fərdi Tərəfdaşlıq Proqramı çərçivəsində keçirilən NATO Günləri başlayıb. Ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, NATO nümayəndə heyətinə Avropadakı Müttəfiq Qüvvələrin Baş Qərargah rəisinin müavini kontr-admiral Qunşteyn Brusdal başçılıq edir. Noyabrın 21-də o, Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Kərim Vəliyev tərəfindən qəbul edilib. “NATO-nun müxtəlif proqramları çərçivəsində ikitərəfli əməkdaşlıq məsələləri, o cümlədən mövcud və mümkün təhlükələr zamanı birgə tədbirlər müzakirə edilib”, - deyə məlumatda bildirilir.
Kontr-admiral Brustal Azərbaycanın NATO-nun sınanmış tərəfdaşı olduğunu qeyd edərək, terrorizmlə mübarizədə Bakının rolunu və Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq sülhməramlı missiyalarda iştirakını qeyd edib.
Qeyd edək ki, noyabrın 17-də Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə etimadnaməsini NATO Baş katibi Yens Stoltenberqə təqdim edib. Görüşdə tərəflər NATO-Azərbaycan tərəfdaşlığı və onun gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparıb. Noyabrın 21-də isə İspaniyanın paytaxtı Madriddə NATO Parlament Assambleyasının (PA) 68-ci sessiyası öz işinə başlayıb. Sessiyada alyansa üzv olan 30 ölkənin, eləcə də tərəfdaş dövlətlərin nümayəndələri iştirak edirlər. Tədbir çərçivəsində Ukraynada vəziyyət, NATO-nun yeni strateji konsepsiya, NATO-nun müdafiə və çəkindirmə siyasəti, kibertəhlükəsizlik, enerji təhlükəsizliyi, iqlim dəyişikliyi kimi mövzular müzakirə edilir. Sessiyada NATO-nun Baş katibi Yens Stoltenberqin çıxışı nəzərdə tutulur. Tədbirdə Azərbaycanın NATO yanında nümayəndəliyinin və Milli Məclisin nümayəndələri iştirak edirlər. Rusiya ilə 9 aya yaxındır davam edən Ukrayna müharibəsinin qeyri-formal iştirakçısı olan NATO-nun Bakıda geniş tədbirlər planı Moskvanın da diqqətini çəkməyə bilməz. Azərbaycan hərbi bloklara qoşulmayan ölkə olsa da, NATO üzvü Türkiyə ilə müttəfiqlik edir. Yerli müşahidəçilərə görə, Azərbaycan Türkiyə ilə müttəfiqlik edərək ordusunu modernləşdirməyə çalışır. Ötən il bu barədə Prezident İlham Əliyev də danışıb. Türkiyə qismində əslində NATO Azərbaycanda artıq təmsil olunub. Ağdamda Türkiyə Rusiya ilə birgə monitorinq mərkəzi təşkil edib. Türkiyə çox yüksək səviyyədə Azərbaycanla müttəfiqlik əlaqələri həyata keçirir. Bəzi ekspertlər isə o qənaətdədir ki, NATO-nun regionda fəallaşmaq istəyi Azərbaycanın İranla münasibətlərinin son zamanlarda gərginləşməsi ilə bağlı ola bilər. Azərbaycan-İran sərhədində son zamanların gərginliyi, Azərbaycanın Xəzərdəki neft kontraktlarına hansısa bir təhlükənin yaranması ehtimalı bu alyansa daxil olan bəzi ölkələrin narahatlığına səbəb ola bilər. Etiraf edilməlidir ki, NATO da indi əvvəlki qüdrətində deyil. Bəzi şərhçilər NATO ilə əlaqələrdə Bakının da maraqlarına “uyğun nüanslar” görür və hesab edirlər ki, Azərbaycan burada “manevr imkanları” qazanır. NATO bölgədə minalanmış ərazilərin təmizlənməsinə də yardım edə bilər.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu NATO-nun Azərbaycana olan marağına toxundu: “SSRİ dağıldıqdan sonra NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramı irəli sürüldü. Azərbaycan bu proqramda fəal iştirak edirdi. Sonradan fərdi anlaşmalar imzalandı. Bu da əsaslıdır. Azərbaycan NATO-nun müxtəlif təlim-tədris proseslərində iştirak edirdi. Amma son illər Azərbaycan daha çox NATO-nun standartlarını mənimsəməyə başlayıb. Azərbaycanın əsas müttəfiqi olan Türkiyə NATO-nun əsas ölkələrindən biridir. Dövlət başçısı İlham Əliyevin də təlimatı var ki, Azərbaycan Ordusu Türkiyənin kiçik ordu modelinə çevrilməlidir. Bu isə o deməkdir ki, ordumuz NATO standartlarına uyğunlaşdırılmalıdır. Bu istiqamətdə də müəyyən işlər görülür. II Qarabağ müharibəsindəki qələbəmiz də bunun bariz nümunəsidir. Ordunun təchizatı, qidalanması, geyimlə təchiz olunması və s. Türkiyə və NATO standartlarına uyğundur. Azərbaycan NATO ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır. Müharibədən sonra da müxtəlif təlim-tədris işlərində iştirak edirik. Üstəgəl, NATO-nun özünün də Azərbaycana marağı var. Ölkəmizi dəstəkləyirlər. NATO Parlament Assambleyası hələ müharibədən əvvəl də ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən sənədlər qəbul edirdi. Bu proses indi də davam edir. İndi Azərbaycan-İran münasibətlərində gərginlik var. Rusiya ilə də münasibətlərdə soyuqluq var ki, NATO buna diqqət edir. Azərbaycana bu istiqamətdə gələcəkdə də dəstəyini artıra bilər”.
AMİP Mərkəzi Şurasının sədri, politoloq Rəşad Bayramov dedi ki, NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Baş Qərargah rəisinin müavini kontr-admiral Qunnşteyn Brusdalın başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfəri və bu ayın 25-dək Bakıda “NATO günləri”-nin keçirilməsi, eləcə də bir neçə gün əvvəl Yens Stoltenberq tərəfindən Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadənin etimadnaməsini qəbul etməsi ölkəmizin hərbi Alyans üçün cazibədar ölkə olduğunu göstərir: “Azərbaycan da müasir dünyanın ən böyük hərbi alyansı - NATO ilə əlaqələrə xüsusi önəm verir və bu əməkdaşlığı səmərəli və balanslaşdırılmış xarici siyasət üçün vacib faktor hesab edir. Azərbaycanın qarşılıqlı maraqlar əsasında NATO ilə əməkdaşlıq məsələsi Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası və Hərbi Doktrinasında da öz əksini tapıb. Başqa sözlə desək, Azərbaycan və NATO arasında münasibətlər özündə qarşılıqlı faydalanmanı, necə deyərlər, hər iki tərəf üçün "qazanclı əməkdaşlığı" ehtiva edir.
Təbii ki, Azərbaycan-NATO tərəfdaşlığında əsas istiqamətlər siyasi dialoq, sülhü dəstəkləmə əməliyyatları, meydana gələn təhlükəsizlik təhdidləri və əsas vurğusu müdafiə məsələlərinə yönələn geniş spektrli məsələlər üzrə praktiki əməkdaşlıqdan ibarətdir. Azərbaycan Respublikası ilə NATO arasında məzmunlu tərəfdaşlığın əsası 4 may 1994-cü il tarixində “Sülh naminə tərəfdaşlıq” proqramının çərçivə sənədinin imzalanması ilə qoyulub və həmin gündən keçən illər ərzində də bu münasibətlər daim inkişaf edib. Azərbaycanın NATO ilə əməkdaşlığı özünü Türkiyənin timsalında daha aydın göstərir. Azərbaycan MDB məkanında bir NATO üzvü ölkə ilə hərbi müttəfiqlik əlaqələri qurmuş yeganə ölkədir. Başqa sözlə desək, Türkiyənin timsalında əslində NATO Azərbaycanda artıq təmsil olunub.
NATO-nun regionda fəallaşması heç şübhəsiz ki, Cənubi Qafqazın əhəmiyyəti ilə birbaşa bağlıdır və ölkəmiz də bu fəallaşmadan öz məqsədləri üçün istifadə edə bilər. Son dövrlərdə İrandan gələn təhdidlər, eləcə də Rusiyanın Cənub Qafqaz siyasətində Ermənistan maraqlarından çıxış etməsi ölkəmizə hərbi alyansla münasibətlərdə əlavə manevr imkanları verə bilər".
“Yeni Müsavat”
Tarix: 23-11-2022, 11:26