PUTİNİN “B” PLANI ÜZƏ ÇIXDI - “Yalançı bayraq əməliyyatı”yla üstünlüyü ələ keçirməyə çalışacaq
Təxminən 9 aya yaxındır davam edən Rusiya-Ukrayna müharibəsində böyük itkilər verən Vladimir Putin cəbhədə üstünlüyü ələ keçirmək üçün yeni planlar hazırlamağa başlayıb.“AzPolitika.info” xəbər verir ki, bu barədə Ukrayna kəşfiyyatı məlumat yayıb.
Rusiyanın “yalançı bayraq əməliyyatı”na imza atmağa hazırlaşdığını iddia edən Ukrayna kəşfiyyatı, bu addımla Belarusun müharibəyə cəlb ediləcəyini bildirib.
Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin hesabatına görə, Rusiya qüvvələri Belarusun Qrodno vilayətindəki Astravets Elektrik Stansiyasını və Brestdəki infrastruktura hücum etməyi planlaşdırır. İddiaların mərkəzində olan obyekt Litva sərhədinə yaxın və ölkənin paytaxtı Vilnüsdən cəmi 40 kilometr aralıda yerləşir.Eyni xəbərə görə, Rusiya bu əməliyyatı NATO və Ukraynanı ittiham edəcək şəkildə həyata keçirmək niyyətindədir. Bildirilir ki, Rusiya bu addımı ilə Ukraynanı və NATO-nu çətin vəziyyətə salmağa, həmçinin Belarusu müharibəyə cəlb etməyə çalışacaq. Belarusun müharibəyə qoşulmasıyla birlikdə Ukrayna müharibəsində ikinci cəbhə açılacaq.
Bəzi hərbi ekspertlər Belarusu müharibəyə cəlb etmək planını, Rusiyanın son həmləsi olaraq şərh edirlər.
Qeyd olunur ki, “yalançı bayraq” əməliyyatı bir ölkənin ictimai rəy yaratmaq və ya özünü haqlı göstərmək üçün düşmən adı altında öz qoşunlarına qarşı hücuma keçməsinə verilən addır. Ölkələr kəşfiyyat bölmələrinin və gizli təşkilatların vasitəsilə özlərinə hücum edərək, düşmənlərini günahlandırırlar.
Tarix: 24-11-2022, 07:41