Nikol Paşinyanın şantaj siyasəti bu dəfə də işə yaramadı


 

Nikol Paşinyanın şantaj siyasəti bu dəfə də işə yaramadı; “Rus NATO-su” Ermənistan rəhbərliyini saya salmadı; ekspert: “KTMT Ermənistandan bezib və bundan sonra...”

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) İrəvanda keçirilən sammitində “ev sahibi” Nikol Paşinyan açılış çıxışında Azərbaycanı yenə ittiham edib. O deyib ki, son iki ildə KTMT-nin üzvü olan Ermənistan ən azı üç dəfə Azərbaycan tərəfindən təcavüzə məruz qalıb. “Ermənistanın KTMT-yə üzvlüyünün Azərbaycanı aqressiv hərəkətlərdən çəkindirməməsi üzücüdür və o vaxtdan faktiki olaraq bu günə kimi biz Azərbaycanın Ermənistana qarşı təcavüzünə KTMT-nin reaksiyası ilə bağlı qərara gələ bilməmişik. Bu faktlar həm ölkə daxilində, həm də xaricdə KTMT-nin imicinə böyük zərbə vurur və mən bunu Ermənistanın KTMT-də sədrliyinin əsas uğursuzluğu kimi qiymətləndirirəm. Müttəfiqlərimiz - Qırğızıstan və Tacikistan arasında sərhəddə eskalasiya faktları barədə də eyni sözləri deyə bilərəm”. Paşinyan daha sonra “balansı” düzəltmək üçün KTMT-nin Qazaxıstanda asayişin bərpasındakı rolunu tərifləyib.
Yayılan kadrlardan görünüb ki, Paşinyanın anti-Azərbaycan mövqeli çıxışı ciddi qarşılanmayıb. Belə ki, V.Putinin masa üzərinə qoyulmuş su şüşəsini əlinə götürüb, ona diqqət kəsilməsi, Tokayevin fikrinin başqa yerdə olması, digər liderlərin də çıxışdan təngə gəlmiş kimi davranmaları müzakirə mövzusu olub. Hətta Rusiya mediası da bu görüntülərə diqqət çəkib.
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Dağlıq Qarabağ nizamlanmasında problemlərinin hərtərəfli həlli əlavə diqqət tələb edir. “Əlbəttə, bizdən əlavə diqqət tələb olunur - mən artıq bu barədə danışan həmkarlarımla razıyam. Əlbəttə, bunlar bizim diqqətimizi tələb edən ciddi məsələlərdir”, - deyə Putin bildirib. O əlavə edib ki, oktyabrın sonunda Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında Soçidə keçirilən üçtərəfli danışıqlar “prinsip məsələlər üzrə gələcək kompromislər üçün yaxşı zəmin yaradıb”. “Yalnız sərhədlərin delimitasiyası, nəqliyyat kommunikasiyalarının açılması və humanitar problemlərin həlli ilə bağlı əvvəllər əldə edilmiş razılaşmaları ardıcıl şəkildə yerinə yetirməklə biz Ermənistanla Azərbaycan arasında münasibətlərin stabil normallaşmasına nail ola bilərik. Ümid edirik ki, bu səylər İrəvanla Bakı arasında sülh müqaviləsinin bağlanmasına gətirib çıxaracaq”, - Putin qeyd edib. Rusiya lideri onu da deyib ki, Rusiya KTMT-nin sülhməramlı qüvvələrinin müasir silahlarla, hərbi və xüsusi texnika ilə, eləcə də xüsusi vasitələrlə təchiz edilməsi təklifini dəstəkləyir. Onun sözlərinə görə, KTMT-nin rabitə sisteminin təkmilləşdirilməsi, radiasiya, kimyəvi, bioloji müdafiə və tibbi təminat üzrə birgə strukturun yaradılması məqbuldur. Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Rusiya tərəfinin sülhməramlı səylərinin Ermənistan-Azərbaycan münaqişəsini həll edəcəyinə ümid etdiyini bildirib.
Sammitdə çıxış edən Tokayev Ermənistan-Azərbaycan münaqişəsinin diplomatik yolla həllinə yönəlmiş addımları dəstəkləyib. “Biz hamımız Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasında maraqlıyıq. Ümid edirik ki, Rusiya tərəfinin sülhməramlı səyləri Ermənistan-Azərbaycan münaqişəsinin müstəsna olaraq siyasi və diplomatik yollarla həllinə imkan verəcək və tərəfləri sülh müqaviləsi imzalanmasına gətirib çıxaracaq”. Yeri gəlmişkən, yaxın üç ildə Qazaxıstanın keçmiş baş naziri İmanqali Tasmaqambetov KTMT-nin baş katibi olacaq. Yeni baş katibin səlahiyyət müddəti 2023-cü ildə başlayacaq. O, bu postda Stanislav Zası əvəz edəcək.
Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistanla Azərbaycan arasında münaqişənin həlli üçün bütün səylərin göstərilməsini zəruri hesab etdiyini deyib. “Biz iki qonşu və dost dövlət arasında münaqişənin sülh yolu ilə həllini istəyirik”. Belarus rəhbəri Paşinyanın çıxışına reaksiya verərək “kimisə saxlamaq bizim işimiz deyil. Amma əslində biz reaksiya verməyə hazırıq”, - deyə bildirib. O qeyd edib ki, hazırda Rusiya bu məsələdə həm Ermənistan, həm də Azərbaycanın razılaşdığı vasitəçilik missiyasını həyata keçirir. “Gəlin bu istiqamətdə hərəkət edək. Razılaşaq, hər şeyi edək ki, orada insanlar ölməsin. Bu, Ermənistan və Azərbaycan cəmiyyətində məmnuniyyətlə qəbul ediləcək. Bəli, Nikol Vovaeviç, nüanslar var. Amma biz indi yenidən alovlana biləcək bu münaqişəni əsaslı şəkildə həll edə bilərik. İstəsə, ilk növbədə Ermənistan rəhbərliyi tərəfindən. Yeri gəlmişkən, bu barədə danışacağam. Bu, Belarus prezidentliyinin prioritetlərindən biridir. Biz buna göz yummamalıyıq. Biz bu problemi həll edə bilsək də, bacarmasaq da, bu, KTMT-nin diqqət mərkəzində olmalıdır”. Onun sözlərinə görə, müttəfiqlik münasibətlərini saxlamaq vacibdir: “Bu qəzəbli və sürətlə dəyişən dünyada müttəfiq münasibətlərimiz dəyişməz qalmalıdır. Biz aramızda ziddiyyət və fikir ayrılığı toxumu səpməyə imkan verməməliyik. Həm ölkələrimizin, həm də təşkilatımızın gələcəyi bundan asılı olacaq”.
Maraqlısı budur ki,  Paşinyan KTMT-nin bəyannamə layihəsini və Ermənistana yardım göstərilməsi üzrə birgə tədbirlər haqqında layihəni imzalamaqdan imtina edib. O, sammitdə çıxışı zamanı bəyan edib ki, Ermənistana yardım göstərilməsi ilə bağlı təqdim edilmiş bəyanat kifayət qədər dəqiq işlənib hazırlanmayıb və bu səbəbdən onu bu formada imzalamağa hazır deyil. KTMT-nin baş katibi Stanislav Zas da bildirib ki, bəyannaməni razılaşdırmaq mümkün olmayıb. Onun sözlərinə görə, 2 sənəd qəbul edilməyib: “Ermənistana yardım göstərmək barədə sənəd bütövlükdə hazır olduğu etiraf olunsa da, işlənməsinə ehtiyac var. Bu sənədi işləyib hazırlamaq və dövlət başçılarının imzalaması üçün təqdim edilməsinə göstəriş verilib. Bəyannamə də həmin qaydada işlənəcək”, - deyə Zas bildirib.
Azərbaycanı “işğalçı” kimi qəbul etdirməyə cəhd göstərən avantürist baş nazir məqsədinə nail ola bilmədikdə, növbəti dəfə şantaja əl atıb, amma bunun da mənası qalmayıb. Çünki KTMT-yə üzv ölkələrin rəhbərləri Azərbaycana daha çox etimad göstərirlər, nəinki satqın Ermənistana.
Belə görünür ki, Paşinyanın Rusiya Prezidenti Vladimir Putinin hava limanında ayağının altına qırmızı xalça döşətdirməsi, həmçinin onu şəxsən qarşılaması da işə yaramayıb. Nəticəsiz başa çatan sammitdən sonra keçirilən Putin-Paşinyan ikitərəfli danışıqlarında da hansısa nəticənin əldə olunmadığını qeyd etmək olar.
“Ermənistanın baş naziri KTMT-nin Ermənistanla Azərbaycan arasındakı vəziyyətlə bağlı işini daha çox fiasko kimi şərh edir”. Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov belə deyib. “Bu, erməni tərəfinin nöqteyi-nəzəridir, vəziyyəti bu cür qiymətləndirmək erməni tərəfinin haqqıdır”, - Rusiya rəsmisi bildirib. Bu yerdə xatırladaq ki, İrəvan sammitindən bir gün əvvəl, noyabrın 22-də Rusiya Prezidenti Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng etmişdi. Telefon danışığı zamanı Rusiya, Azərbaycan, Ermənistan liderləri arasında 2022-ci il oktyabrın 31-də Soçidə əldə olunmuş razılaşmaların, eləcə də üç ölkənin yüksək səviyyədə əvvəlki birgə bəyanatlarının praktiki olaraq icrası məsələləri nəzərdən keçirildiyi bildirilirdi. Qeyd olunmuşdu ki, Azərbaycan-Ermənistan sərhədində təhlükəsizliyin təmin olunması və Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpa edilməsi üzrə üçtərəfli formatda işin davam etdirilməsinin vacibliyi vurğulanıb. Putinin azərbaycanlı həmkarı ilə danışdıqdan sonra onun mövqeyinə zidd hər hansı addım atmayacağı əvvəlcədən bəlli idi. Üstəlik, İrəvan sammiti davam edərkən ermənilərin KTMT əleyhinə aksiyalar keçirməsi də erməni riyakarlığının bariz nümunəsi idi. 

Politoloq Qafar Çaxmaqlı “Yeni Müsavat”a bildirdi ki, Ermənistan bütün səviyyələrdə Azərbaycanın üstünə getməklə siyasi üstünlük əldə etmək istəyir: “Bir neçə gün öncə də Paşinyan təxminən eyni şeyləri söyləmişdi. O zaman dedikləri Qərbə yönəlik ritorika idi. Ermənistanın hətta KTMT-dən çıxması kimi çağırışlar əslində Rusiyaya bir basqı idi və onun indiki çıxışı da Rusiyanı və onun başını çəkdiyi bu təşkilatın Ermənistan Azərbaycan arasında gərginliklərdə ölkəsinin yanında olması istəyidir”. Q.Çaxmaqlı “Rus NATO-su”nun Ermənistana dəstək verməməsini normal sayır: “KTMT-nin dəfələrlə bu münaqişədə Ermənistanı dəstəkləməməsi o deməkdir ki, Ermənistana heç bir təcavüz olmayıb, əksinə, bu qurumun göndərdiyi heyət bölgədə incələmələr apararkən erməni təxribatlarının şahidi olub. Ermənistan indi KTMT-nin faktiki sədri olsa da, onun hər hansı qərar vermə yetkisi yoxdur. Rusiya isə Ermənistanın KTMT-dən Azərbaycana qarşı sui-istifadəsinə imkan verməz. Erməni çox şeylər danışa bilər, onun ittihamlarının hamısının cavabı var və Azərbaycan bunun fərqindədir”.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov da KTMT-yə üzv ölkələrin Ermənistan rəhbərliyini saya salmamasını təəccüblü saymır: “Nəzərə almaq lazımdır ki, Azərbaycan KTMT-yə üzv olan ölkələrlə yüksək səviyyədə münasibətlər qurub. Türk Dövlətləri Təşkilatı çərçivəsində Bakı, Qazaxıstan və Qırğızıstanla əməkdaşlıq edir. Bundan əlavə, Azərbaycanın təşkilatda aparıcı ölkə olan Belarusla normal münasibətləri var. Eyni zamanda Rusiya KTMT nəzdində Azərbaycan əleyhinə hansı qərarların qəbul edilməsinə şərait yaratmaz. Moskvanın bu istiqamətdə addım atması Azərbaycanla münasibətləri korlaya bilər”. T.İsmayılov hesab edir ki, digər tərəfdən, KTMT siyasi yox, hərbi təşkilatdır və bu təşkilatın Azərbaycan və Ermənistan arasında proseslərə müdaxilə ilə bağlı heç bir əsası yoxdur:  “Nikol Paşinyan ölkəsini KTMT-dən çıxartmaq üçün Azərbaycanla olan problemlərini bəhanə kimi gündəliyə salmağa çalışır. KTMT və Rusiyanın rəhbərliyinə çox yaxşı bəllidir ki, Paşinyanın bu dələduzluğunun səbəbi Azərbaycana qarşı təzyiq metodlarını tətbiq etməkdən ibarətdir”. Bununla belə, politoloq hesab edir ki, istənilən halda, Rusiya Ermənistana Soçidə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün daha ciddi təzyiqlər göstərməlidir: “Bu edilməyəcəyi təqdirdə, Ermənistanın təxribatları davam edəcək. Nəticədə Cənubi Qafqazda sabitliyə qarşı təhdid davam edəcək. Bu isə regional layihələrin reallaşdırılmasının ləngiməsinə səbəb olacaq. Nikolun sənədi imzalamamağı sürpriz deyildi. Hesab edirəm ki, hər kəs üçün bu gözlənilən addım idi. KTMT də Ermənistandan bezib və bundan sonra müəyyən məsafə saxlamaqla həm də rəsmi İrəvana dərs vermək istəyir”.
Paşinyanın Putinlə görüşü barədə açıqlamasına gəldikdə, T.İsmayılov qeyd etdi ki, Rusiya çoxdan dəmir yolu əlaqəsinin reallaşdırılmağını istəyirdi: “Bu barədə dəfələrlə çağırışlar edilib. Yəni bu, yenilik deyil. Bu məsələdə Paşinyanın da manevr imkanları məhdudlaşıb. Amma onun Putinlə söhbəti alınmayıb. Rusiya prezidenti sadəcə, Paşinyanı məcbur edir...”
Tarix: 25-11-2022, 10:38
Xəbəri paylaş





Xəbər lenti