Zəngəzur dəhlizi birdən-birə Putinin yadına düşüb? - NƏ BAŞ VERİR?

Zəngəzur dəhlizi birdən-birə Putinin yadına düşüb?
Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin noyabrın 24-də keçirilən iclasında Azərbaycanla dəmir yolunun bərpası məsələsi ilə bağlı prezident Putindən müsbət siqnal aldığını bəyan edib.

Ermənistan və Rusiya liderləri çərşənbə günü axşam KTMT sammitindən sonra İrəvanda ikitərəfli görüş keçiriblər.

“Rusiya prezidenti ilə danışıqlar zamanı biz müəyyən müsbət siqnallar aldıq. Bu o deməkdir ki, bizim dəmir yolunun bərpası ilə bağlı işə qayıtmağımız üçün əhəmiyyətli və ciddi imkan yarana bilər. Söhbət Horadiz – Mehri – Ordubad – Yerasx yolundan gedir”, – deyə baş nazir izah edib.

Eyni zamanda, Paşinyan əvvəlki mənfi təcrübəni nəzərə alaraq, bu mövzuya ehtiyatlı optimizmlə yanaşdığını etiraf edib.

“Əgər dünən eşitdiklərimiz və razılaşdığımızlar öz məntiqindən kənara çıxmasa, yaxın gələcəkdə “Ermənistan kəsişməsi” layihəsi çərçivəsində, xüsusən də dəmir yolunun yenidən qurulması sahəsində böyük investisiyalara ehtiyacımız olacaq və şadam ki, bizim belə imkanlarımız var”, – deyə hökumət başçısı bildirib.

Paşinyan hesab edir ki, Ermənistanın belə vəsait cəlb etmək imkanı var, üstəlik, beynəlxalq tərəfdaşlar bu layihəyə böyük maraq göstərməlidirlər.

O, eyni zamanda xatırladıb ki, bütün bu razılaşmalar təsdiqlənməli və təsbit edilməlidir. “Lakin yaxşı tərəfi odur ki, bizim maliyyə imkanları ilə bağlı problemimiz olmayacaq”, – Paşinyan əlavə edib.

Ermənistanın baş naziri bundan əvvəl bildirmişdi ki, ölkə hökuməti Şimal – Cənub layihəsini yenidən formalaşdırıb və onu Şimal – Cənub – Şərq – Qərb layihəsinə çevirmək niyyətindədir. Onun sözlərinə görə, bu, Ermənistanı İran və Azərbaycanla, Azərbaycanı isə Naxçıvan və Türkiyə ilə birləşdirəcək “Ermənistan kəsişməsi” layihəsinin işə salınması deməkdir.

Xatırladaq ki, dəmir yolunun Mehridən keçən hissəsinin tikintisinə dair razılaşma 2021-ci ilin dekabrında Brüsseldə əldə olunub. Ermənistan Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək 45 km dəmir yolu çəkməlidir. Erməni tərəfinin hesablamalarına görə, bunun üçün 200 milyon dollar lazımdır.

Paşinyanın son açıqlamaları belə güman etməyə əsas verir ki, Putin ona bu yolun tikintisi üçün lazımi vəsaiti ayıracağını vəd edib. Bu nə dərəcədə doğru ola bilər? Doğrudanmı Moskva indi Zəngəzur dəhlizinin reallaşmasında bu qədər maraqlıdır? Bu məsələ niyə birdən aktuallaşdı?

Siam.az bildirir ki, Press Klubun suallarını tanınmış analitiklər cavablandırıb.

Konstantin Tasits, Cənubi Qafqaz üzrə rusiyalı ekspert:

– Ermənistan və Azərbaycan liderləri dəfələrlə açıq şəkildə qeyd ediblər ki, Ermənistan-Azərbaycan münasibətlərinin digər problemlərinə nisbətən ən böyük irəliləyiş nəqliyyat əlaqələrinin açılması ilə bağlı danışıqlarda nail olunub. Ona görə də, çox güman ki, yaxın gələcəkdə bu konkret məsələdə konkret praktiki nəticələr əldə etmək mümkün olacaq.

2020-ci ilin noyabrında Üçtərəfli Bəyanat imzalanandan sonra Rusiya nəqliyyat kommunikasiyalarının açılması və iqtisadi əlaqələrin bərpasının ermənilərlə azərbaycanlılar arasında dinc həyatın bərqərar olmasına və etimadın bərpasına töhfə verəcəyini bəyan edib. Bu, Ermənistan-Azərbaycan münasibətlərinin hərtərəfli, kompleks normallaşması, o cümlədən sülh müqaviləsinin imzalanması üçün zəruri zəmin yaradacaq.

Gürcüstan Strateji Təhlil Mərkəzinin (GSAC) aparıcı eksperti Gela Vasadze:

– Moskva sülh müqaviləsi imzalanmadan və Azərbaycanın ərazi bütövlüyü birmənalı olaraq tanınmadan kommunikasiyaların açılmasında maraqlıdır və Bakı məlum səbəblərdən buna razı olmayacaq. Paşinyanın bu məsələyə münasibət bildirərkən təmkinli olmasının səbəbi də məhz budur.

Fikrimcə, Azərbaycanla Ermənistan arasında otuz ildən artıqdır davam edən hərbi münaqişə ilə bağlı problemlər hərtərəfli həll edilmədən, sülh müqaviləsi bağlanmadan, Azərbaycan və Ermənistanı birləşdirən hər hansı bir layihədən danışmağın sadəcə mənası yoxdur. Hətta bu layihələrdə Rusiya iştirak etsə belə, əhəmiyyəti olmayacaq. Üstəlik, Rusiyanın gələcəyi ilə bağlı böyük şübhələrim var. Amma bu başqa mövzudur.
Tarix: 28-11-2022, 08:54
Xəbəri paylaş





Xəbər lenti