Noyabr 29-da Böyük Britaniyanın Azərbaycan Respublikasındakı fövqəladə və
səlahiyyətli səfiri Fergus Auldun Tərtər rayonuna səfər edib.Səfər çərçivəsində səfir Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim
Məmmədovla görüşüb. Rayon rəhbəri səfirə rayonun infrastrukturu, sosial-iqtisadi
göstəriciləri, istehsal olunan kənd təsərrüfatı məhsulları, sahibkarlığın inkişafı üçün
investisiyaların cəlb olunması barədə məlumat verib, Ermənistanın təcavüzü
nəticəsində sivil vətəndaşlara qarşı törədilən terror cinayətləri barədə danışıb. Bildirib
ki, 44 gün davam edən Vətən müharibəsi dövründə Tərtər rayonuna 16277 top, tank,
qrad mərmisi düşüb, 21 qadağan olunmuş raket atılıb. Bunun nəticəsində 40 yaşayış
məntəqəsi üzrə 3663 fərdi yaşayış evinə, 83 çoxmənzilli binada 1741 mənzilə, 301
qeyri-yaşayış sahəsinə, 184 sahibkarlıq və ictimai-iaşə müəssisəsinə, 47 sosial
obyektə, o cümlədən, 12 körpələr evi uşaq bağçasına, 16 məktəbə, İlk Peşə ixtisas
məktəbinə, Gənclər Mərkəzinə, Musiqi Məktəbinə, Klub İcma Mərkəzinə, 10 tibb
müəssisəsinə və 30 inzibati obyektə, 103 nəqliyyat vasitəsinə, 18 kənd təsərrüfatı
texnikasına, 505 əkin sahəsinə ziyan dəyib, güclü dağıntılar olub. 58 fərdi yaşayış evi,
çoxmənzilli binada olan 2 ev, 1 qeyri-yaşayış sahəsi, 2 sosial obyekt tam dağılıb.
Tərtər rayonu 46 hərbi, 16 mülki şəhid verib, 63 mülki şəxs yaralanıb.
Səfir mərkəzi meydanda Vətən müharibəsi zamanı erməni silahlı qüvvələri tərəfindən
Tərtərə atılmış qadağan olunmuş raketlərin qalıqlarına baxıb, rayonun infrastrukturuna
dəymiş ziyanı əks etdirən fotostendlərlə tanış olub.
Sonra o şəhərin Elman Səfərov küçəsinin sakini Sahib İsmayılovun ermənilərin atdığı
“Smerç” tipli raketin nəticəsində dağılmış evində olub. Bir tərəfdə açıq havada dağılmış
ev müzeyinə, digər tərəfdə dövlətin həmin dağılmış evin yanında öz vətəndaşına tikdiyi
evə baxıb.
Sonra səfir Şıxarx qəsəbəsində böyük hissəsi ermənilər tərəfindən dağıdılmış ”Marağa-
150” abidəsində olub. İcra başçısı səfirə abidə haqqında məlumat verərək bildirib ki,
“Marağa-150” abidəsi ermənilərin İran marağasından Qarabağa köçürülmələrinin 150
illiyi münasibəti ilə 1978-ci ildə özləri tərəfindən inşa edilib. 20-ci əsrin sonlarında
Ermənistanın Azərbayacana qarşı ərazi iddiaları başlayanda abidə ermənilər tərəfindən
qəsdən dağıdılsa da hələ də onun qalıqları qalmaqdadır. Bu, erməni yalanını, məkirini
ifşa edən tutarlı siyasi əhəmiyyətə malik bir abidədir.
Sonda tərəflər bir-birinə xatirə hədiyyələri təqdim ediblər.
Tarix: 29-11-2022, 22:38