Dövlətin adını Şimali Azərbaycan olaraq dəyişmək Cənubi Azərbaycan düyününü açacaq?


Azərbaycan Respublikasının adının Şimali Azərbaycan olması təklifi edilir. 
Təklif bundan öncəki illərdə, hətta müstəqilliyin ilk illərində də tez-tez gündəmə gələn aktual mövzudur. Təklifi irəli sürənlərin əsas arqumenti budur ki, Azərbaycan adlanan coğrafiya və bu coğrafiyada yaşayan Azərbaycan türkləri 1828-ci ildə çar Rusiyası və Qacar imperiyası arasında imzalanan Türkmənçay sülh müqaviləsi ilə iki hissə bölünüb. Müxtəlif vaxtlarda Türkmənçay müqaviləsinə görə istər Rusiyanın işğal etdiyi, istərsə də Qacar sonralar isə sadəcə İran adlanan ölkənin işğalı altında olan Azərbaycanda milli hökumətlər, dövlətlər yaransa yalnız Şimalda Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etmişdir. Təklif irəli sürənlər iddia edirlər ki, Türkmənçay müqaviləsinə görə Azərbaycan coğrafiyasının cənub hissəsi İran işğalında olduğu üçün müstəqil Azərbaycanın adı şimali Azərbaycan olaraq dəyişdirilməlidir. İkiyə ayrılan coğrafiyalar (ölkələr) Cənubi Azərbaycan faktoruna görə Azərbaycanın adının dəyişdirilərək Şimali Azərbaycan edilməsini təklif edənlərin səmimiyyəti, saflığı və ən əsası vətənpərvərliyi təqdirəlayiq olsa da təklif olduqca absurddur. Bunu bir neçə nümunə ilə də görmək olar: 1. İrlandiya - Məlum olduğu kimi hazırda Şimali İrlandiya və İrlandiya adında iki ölkə var. 1900-cü illərin əvvəllərinə qədər varlığını birlikdə davam etdirən Şimali İrlandiya və İrlandiya Respublikası Böyük Britaniyanın tabeliyində idi. Krallığın adadakı amansız siyasəti nəticəsində 1916-cı ildə İrlandiya Respublikasının paytaxtı və adanın ən böyük şəhəri Dublində başlayan İrlandiya Müstəqillik hərəkatı İrlandiyanın müstəqilliyi ilə yekunlaşsa da Şimali İrlandiya hələ də krallığın bir parçası olaraq qalmaqdadır. İrlandlar Şimali İrlandiyanı İrlandiyanın bir parçası olaraq saysa da bu günə qədər ölkə adını Cənubi İrlandiya olaraq dəyişməyi təklif etməyiblər. 2. Koreya - İrlandiya nümunəsində olduğu kimi hazırda dünya üzərində iki fərqli adda Koreya dövləti də var. Təəssüf ki, ölkəmizdə bir çoxları həmin ölkələrin Şimali və Cənubi Koreya adlandığını sanır. Əslində isə Şimal - Koreya Xalq Demokratik Respublikası (KXDR), Cənub isə Koreya Respublikası adlanır. Bu günə qədər hər iki Koreya dövləti birləşmək yolunda fərqli addımlar atsa da dövlət adının şimali və ya cənubi Koreya olaraq dəyişmək təklif edilməyib. 3. Almaniya: Yəqin ki, bir xalqın müharibə və sonrasında işğal nəticəsində ayrılıb sonra da birləşməsinə ən gözəl nümunə Almaniyadır. 1939-1945-ci illərin müharibəsindən sonra alman nasizmi süqut etdi, alman xalqı da qalib dövlətlər və təbii ki, SSRİ-nin istəyi əsasında Almaniya Federativ Respublikası (AFR), Almaniya Demokratik Respublikası (ADR) olaraq iki hissəyə bölündü. Vahid Almaniyanın bərpası isə yalnız 3 oktyabr 1990-cı ildə AFR konstitusiyasına əsasən, ADR və Qərbi Berlinin AFR-in tərkibinə daxil olması ilə əldə edildi. Əslində qeyd etdiyim bu ölkələr və xalqlar kimi çox misallar vermək olar. Lakin Almaniya nümunəsi göstərir ki, ayrı düşən xalqların parçalanan coğrafiyaların birləşməsi üçün mövcud ölkə adının dəyişməsi heç bir məna kəsb etmir. Hatay və Texas variantı birləşmə Cənubi Azərbaycanın bir gün Azərbaycana birləşməsi üçün mütləq ölkənin adını Şimali Azərbaycan etməyə ehtiyacı yoxdur. Dünyada Texas və Hatay variantı birləşmələr daha praktik və realdır.  Çox bilinməsə də bu gün ABŞ-ın ən zəngin ştatlarından olan Texas 19-cu əsrin əvvəllərində müstəqil respublika idi. Belə ki, Texas 1836-cı ildə Meksikadan ayrılaraq öz müstəqilliyini elan etdi. Texasın ABŞ-a könüllü birləşməsi isə 10 il sonra, yəni 1846-cı ildə baş tutdu. Eyni ilə bu gün Türkiyə Cümhuriyyətinin bir parçası olan Hatay 1938-ci ildə Fransanın Suriya mandatından ayrılaraq Hatay Cümhuriyyəti adı ilə qısa müddət müstəqil olub. 1939-cu ildə Türkiyə Respublikasına birləşmək qərarı verən Hatay o vaxtdan Türkiyənin bir parçasıdır. Bu gün bizim Güney Azərbaycana baxışımız da məhz Texas və Hatay nümunələrində olduğu kimi olmalıdır. Güney Azərbaycanın öz müqəddəratını təyin etməsi istiqamətində bütün dəstəyimizi ifadə etməliyik.  Yalnız Güney Azərbaycan öz müqəddəratını təyin edəcəyi təqdirdə hansısa birləşmədən söhbət açmaq olar. Digər tərədən nəzərə almaq lazımdır ki, Azərbaycanın adını Şimali Azərbaycan olaraq dəyişməyimizə İran səssiz qalmayacaq. Molla rejimi cavab olaraq 31 ostanlıqdan üçü Ərdəbil, Qərbi və Şərqi Azərbaycan ostanlıqlarının adını dəyişə bilər. Tehran bununla da yetinməyib daha da irəli gedərək bütün türk toponimlərinin adını dəyişə bilər. Rəsmi Tehran onsuz da belə bir şey üçün bəhanə axtarır. Belə bir addımı atacağımız təqdirdə bu bəhanəni özümüz öz əlimiz ilə İrana vermiş olacaq.
Müəllif: Politoloq Turan Rzayev,
Siam.az

Tarix: 30-11-2022, 20:40
Xəbəri paylaş





Xəbər lenti