Rusiyanın terrorçu dövlət kimi tanınması Rusiya üçün çox ciddi problemlərə səbəb olacaq- POLİTOLOQ
Vladimir Putin
Müxtəlif qərb siyasi instutlarının Rusiya əleyhinə aldığı qərarların həcmi və təsir dairəsi get-gedə genişlənir. Əslində Avropa parlamenti dəfələrlə Rusiya əleyhinə belə sərt qərarlar alıb. Bu sərt qərarlar daha sonra yalnız sözdə olmayıb, praktiki formada da Rusiyaya müəyyən iqtisadi, siyasi sanksiyaların tətbiq edilməyi ilə nəticələnib.
Bu barədə
Bizimyol.info xəbər portalına politoloq
Tural İsmayılov danışıb. Politoloq hesab edir ki, bu tip qərarların alınması Avropa ilə Rusiya arasındakı münasibətlərin daha da böhran vəziyyətinə gəlib çıxması ilə nəticələnəcək.
“Nəzərə almaq lazımdır ki, hal-hazırda Avropa parlamentinin Rusiyanı terrorçu dövlət elan etməsi, arxasında ciddi siyasi güc olmayan bir sıra şirkətlərin Rusiyaya kapital qoyuluşunun əleyhinə çevriləcək və arxasında ciddi siyasi insitutların dayanmadığı korporasiyalar Rusiya bazarını məcburi şəkildə tərk edəcəklər. Həm də Avropa parlamentinin Rusiyanı rəsmi olaraq terrorçu dövlət elan etməsi, Rusiya ilə digər dövlətlərin əlaqələrinin zəifləməyinə səbəb olacaq” - deyə Tural İsmayılov qeyd edib.
Politoloq bildirib ki, xüsusilə, Avropa parlamentindən bu qərarı Avropa ittifaqına üzv olan ölkə siyasətçilərinin prosesdə daha fəal olmağına səbəb olacaq. Bu günə qədər Rusiya ilə hansısa isti və loyal münasibətlərə malik olan siyasətçilər var idisə, bu sonuncu qərardan sonra onlar münasibətlərinə bir daha nəzər yetirəcəklər və nəticədə əlaqələr daha da uçuruma çəkilmiş olacaq.
“Avropa parlamentinin Rusiyanı terrorçu dövlət elan etməyi Rusiya üçün əhəmiyyətsiz kimi şərh edilsə də, əslində çox ciddi problemlərə səbəb olacaq ki, biz bunun nəticələrini çox da uzaq olmayan gələcəkdə müşahidə edəcəyik” - deyə Tural İsmayılov əlavə edib.
Tarix: 1-12-2022, 17:46