Putin komandasında panika


“SSRİ-ni bərpa etmək” iddiası ilə Ukraynaya qarşı müharibə başlayanlar indi beynəlxalq məhkəmələrdən yayınmaq üçün yol axtarırlar. Ukraynanı işıqsız, istiliksiz qoymaq da bir işə yaramadı, Ukrayna xalqının döyüş əzmini aşağı salmadı.
Avropada təbii qazın yüksəlmiş qiyməti, müharibə xərclərinin artması, müharibənin uzanması da beynəlxalq koalisiyanın Ukraynanı sonadək müdafiə etmək iradəsini sarsıtmadı.
Rusiyanın müharibə ideoloqlarının ümidləri suya düşdü və məcburən ritorikalarını dəyişdilər.
Rusiya dövlət televiziyalarında bütün günü təbliğatla məşğul olan Kremlin sözçüləri Rusiya – Ukrayna savaşında artıq Rusiyanın məğlub ediləcəyi variantı da müzakirəyə çıxarırlar. Rusiya məğlub olacağı təqdirdə müharibə cinayətlərinə görə Rusiya rəsmilərinin, Kreml ideoloqlarının, hətta Kremlin qapıçısının da (Marqarita Simonyanın dediyinə görə) Haaqa məhkəməsi qarşısında dayanacağından danışırlar. Bir – birlərini belə dəhşətli perspektivlə qorxudurlar ki, guya daha yaxşı səfərbər olunsunlar. Rusiyanı labüd məğlubiyyətdən xilas etsinlər.
Rusiya müharibə ideoloqlarının ritorikası, arqumentləri özü artıq əslində məğlubiyyətdən xəbər verir.
9 ay öncə “ABŞ-ı yerində otuzdurub yeni dünya düzəni yaratmaq”, “NATO-nu 1997-ci il sərhədlərinə qədər geri oturtmaq”, “Ukraynanı işğal edib “rus dünyasına” qatmaq”, “Rusiya – Ukrayna- Belarus birliyi bazasında yeni SSRİ yaratmaq” kimi böyük iddialarla işğalçılıq müharibəsinə başlayanlar indi Rusiya xalqlarına deyirlər ki, sizin övladlarınız ölməlidir ki, biz beynəlxalq məhkəmədən canımızı qurtara bilək.
Öz təbliğatlarından çox aydın görünür ki, hazırda Rusiya rəhbərliyinin, Kreml sözçülərinin əsas arzusu beynəlxalq məhkəmədə mühakimə olunmaqdan yayınmaqdır.
9 ay qabağa qədər isə qarşılarına çıxan hər kəsi hədələyirdilər ki, Lavrovla razılaşmasanız, Şoyqu gələcək.
İndi həmin yekəxanalar, “necə edək ki, Rusiya dağılmasın?”, “necə edək ki, beynəlxalq məhkəmələrdə mühakimə olunmayaq?” qayğısı ilə yaşayırlar. Görün Ukrayna xalqı, onun azadlıq eşqi nələrə qadir imiş.
Əli Kərimli
Tarix: 2-12-2022, 09:18
Xəbəri paylaş





Xəbər lenti