Xankəndi qızılı, Ukrayna palçığı...


 

Bizə qızıl və digər faydalı qazıntılar əlbəttə ki, lazımdır, amma əsas dəyərli olan bizim torpaqlarımızdır

Bu həftə Azərbaycan və Rusiya sülhməramlıları arasında gərginliklə diqqət çəkdi. Rusiya sülhməramlıları “iki od arasında su” rolunu oynaya bilmir - ya bu işi bacarmır, ya da müyyən direktivlər əsasında fəaliyyətini nizamlayır. Bizə elə gəlir ki, onları gətirib atıblar buraya, nə edirlər xəbəri olan yoxdur, Moskvadan min kilometrlərlə uzaq yerdir və sairə. Əslində, hər gün Moskvaya buradakı vəziyyətlə bağlı rəsmi məlumatdan kənar mütləq günlük raport gedir və müdafiə naziri Şoyqu bizdən daha çoxunu bilir. Laçın koridorundakı bu gün baş verənlərə qiymət birmənalıdır: dövlətimiz öz işini görür. Adı ekoloq olsun, ekskavator sürən olsun, nə olursa-olsun bunun arxasında dövlətin iradəsi durur. Bu barədə yazının sonunda yenidən qayıdacağıq.    

Ukraynadakı müharibə ilə bağlı da bu həftə üç mühüm hadisə baş verdi. Noyabrın 30-da Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen videomüraciət yayaraq çıxışında 2022-ci ilin fevral ayının əvvəlindən “100 mindən çox Ukrayna hərbçisi və 20 mindən çox mülki şəxs həlak olub” dedi. Bu rəqəmlər təkcə Kiyevdə deyil, bütün Qərb koalisiyasında “soyuq duş” effekti yaratdı. Bir neçə saat sonra video Avropa Komissiyasının rəhbərinin səhifəsindən silindi, Kiyevin itkilərindən danışdığı fraqment kəsildikdən sonra yenidən yayımlandı.  
Bəyanatlarında diqqətli olan təcrübəli Ursula fon der Leyenin niyə bu rəqəmi səsləndirdiyi, bu məlumatı hansı mənbədən aldığı haqda suallar hələ də açıq qalır. Qışın erkən gəlməsi və enerji sektorunda ciddi problemlər səbəbindən çətinliklərlə üzləşən Ukrayna ordusu haqda bu rəqəmi səsləndirməkdə məqsədi nə ola bilərdi? Ən ciddi ehtimal budur ki, bu rəqəmləri ortaya atmaq Zelenskiyə təsir etmək məqsədi daşıyır. Çünki bəzi məlumatlara görə, Ukrayna prezidenti son vaxtlar özünü “çox müstəqil aparır”, Qərb koalisiyasının Putinlə bütün mümkün təmaslarını birmənalı rədd edir. Bu isə əlbəttə ki, “müharibə qırğılarını” məmnun edə bilməz. Bu rəqəmi səsləndirməkdə məqsədi “sizi tək qoyarıq, 100 min əsgəriniz məhv olar” təhdidi kimi də qəbul etmək olar. Elə həmin gün Zelenskinin mətbuat katibi bildirdi ki, ölənlərin sayını yalnız Ukraynanın Ali Baş Komandanı Zalujnı, müdafiə naziri Reznikov və prezidenti Zelenski səsləndirə bilər. Rusiya özü də görünür, bu rəqəmlərin səsləndirilməsinin əslində oyun olduğunu bildi, çox üzərinə getmədi. Yada salaq ki, Rusiya Müdafiə Nazirliyi bu rəqəmin son olaraq 62 min civarında olduğunu bəyan edib.

İkinci mühüm gəlişmə Ağ Evdən gələn “Rusiya müharibəni dayandırmağa hazır olduğunu nümayiş etdirərsə, Co Bayden Ukraynada sülh danışıqları üçün Vladimir Putinlə görüşməyə hazırdır” bəyanatı oldu. ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays faktı təsdiqləyərək, dəqiqləşdirmə apardı, danışıqların yalnız Rusiya ordusunun işğal zonasından tam çəkiləcəyi halda mümkünlüyünü dedi.
Üçüncü mühüm gəlişmə isə “neftin qiymətinin məhdudlaşdırılması koalisiyasının” Rusiya neftinin barelini 60 dollar və ya ondan aşağı qiymətə almaqla bağlı qərarıdır. Sanksiyaya qoşulan ölkələr hesab edirlər ki, neftin dəyərinin 60 dollar müəyyən edilməsi Rusiyanın Ukraynadakı döyüş əməliyyatları üçün gəlirlərinin məhdudlaşdırılmasına gətirib çıxaracaq. Kiyev bu qərara da etiraz edir, rus neftini 60 deyil, 30 dollara almağın Rusiyaya daha tez təsir edəcəyini deyir. Rusiya neftinin qiymətinin yuxarı həddi dekabrın 5-də “və ya bir müddət sonra” qüvvəyə minəcək. Həmçinin, koalisiya 2023-cü il fevralın 5-dən Rusiya neft məhsulları üçün qiymət tavanı təyin etmək niyyətindədir.    
ABŞ-ın patronajlığı ilə verilən qərarın əsl niyyəti bəllidir. Neftin yüksək qiyməti ABŞ-da ciddi inflyasiya və bahalıq yaradıb. Ağ Ev Ukrayna müharibəsi fonunda “bir güllə ilə iki dovşan” siyasətini davam etdirir. Çünki Rusiya bəyan edib ki, onun neftinə kənardan qiymət təyin etmək debillikdir və qərara səs verən ölkələrə neft satmayacaq.
Beləliklə, bu üç mühüm gəlişmə əsasında neçə aylardır dünyanı məşğul edən “Ukraynada müharibə nə vaxt bitir” sualını yenidən aktuallaşdırır. Məlumatlara görə, ABŞ-ın Rusiyanın danışıqlarla bağlı “nəbzini yoxlaması” Ukraynadakı vəziyyətlə birbaşa bağlıdır. Ukraynadakı payız-qış mövsümü müharibəsi ABŞ və NATO generaliteti üçün yeni sınaqdır. Amerika və müttəfiqləri adətən, səhralarda hərbi əməliyyat planları qurublar. Ukraynada cəbhə zonası (1100 kilometrdən çoxdur) indi palçıqda batır. Üstəlik, Ukraynanın bəzi bölgələri və paytaxt Kiyev ciddi enerji böhranı ilə üzləşib. Enerji sektorunda böhran Qərb silahlarının cəbhə zonasına yük qatarları ilə daşınmasını da ciddi şəkildə əngəlləyib. İndi ukraynalılar bu işi kiçik həcmli teplovozlarla etməyə çalışırlar ki, bu da işğalçıya əlavə vaxt və üstünlük verir.
Daha bir iddia ondan ibarətdir ki, Rusiya Xerson şəhərindən çəkildikdən sonra əsas qüvvələrini Donbasda Kramatorsk və Slavyansk kimi sonuncu şəhərləri də işğal etmək üçün cəmləyib. Əgər bu şəhərlər də Rusiyanın işğalı altına düşərsə, Putinin elan etdiyi “xüsusi hərbi əməliyyatlar” öz məqsədinə çatmış olacaq, Donbas tam Rusiyanın nəzarətinə keçəcək.
ukrain.PNG (1.02 MB)
Putin yaxşı anlayır ki, sanksiyalar altında uzunmüddətli müharibə çətin olacaq. O səbəbdən bəlkə də fevralın 24-dək Donbasın işğalını rəsmiləşdirmək istəyir. Son iki şəhər işğal edildikdən sonra “xüsusi hərbi əməliyyatı” dayandırmaq olar. Görünür, Qərbin hazırlığı da məhz Donbasın tam işğalından sonrakı dövrə hesablanıb. Əlbəttə ki, bu plan gerçəkləşərsə, əsas məsələ Zelenskini yola gətirmək olacaq. Çünki hamı yaxasını kənara çəkəndə, ortada o qalacaq. Qərbdən çox asılı olan Ukrayna prezidenti sonadək möhkəm dayana biləcəkmi? 
Azərbaycanın ekoloqlarının bir neçə saat əvvəl Laçın dəhlizindən Xankəndi istiqamətində təbii sərvətlərimizin daşınması xəbərlərindən sonra araşdırmaya başlaması erməniləri əlbəttə ki, ciddi qorxudub. Düz də ediblər, çünki bu, torpaqlarımızda məskunlaşmağa razılıq verdiyimiz ermənilər üçün ciddi xəbərdarlıqdır. Laçın dəhlizi bağlanmayacaq, amma Azərbaycan ora yerləşəcək. Bizə qızıl və digər faydalı qazıntılar əlbəttə ki, lazımdır, amma əsas dəyərli, qiymətsiz olan bizim torpaqlarımızdır. Ermənilər də bunun fərqindədir, Rusiya da...
WhatsApp Image 2022-12-03 at 14.59.42.jpeg (135 KB)
Nazim SABİROĞLU,
Musavat.com   
Tarix: 4-12-2022, 09:25
Xəbəri paylaş





Xəbər lenti