Gürcüstana qayıtmaq – Mixail Saakaşvilinin “fatal səhvi”. Hazırda onun vəziyyəti necədir?


Analitiklər Mixail Saakaşvilinin Gürcüstana qayıtmasını 54 yaşlı eks-prezidentin “ən böyük” və hətta “fatal səhvi” adlandırırlar. Bu səhv həm Gürcüstanın bir nömrəli müxalifət partiyasına zərbə vurdu, həm də onun özünün şəxsi faciəsinə çevrildi.
Ötən il oktyabr ayının 1-də Gürcüstan telekanalları ölkənin keçmiş Prezidenti Mixail Saakaşvilinin Tbilisidə saxlanmasını əks etdirən kadrları yayımladılar. 8 il sonra Gürcüstana qayıdan eks-prezidenti iki polis müşayiət edirdi. Qollarını artıq qandallamışdılar, amma o gülümsəyirdi.
Bir ildən çox vaxt keçsə də, Saakaşvili hələ də həbsdədir, amma həbsxanada yox, bir neçə ay əvvəl köçürüldüyü paytaxt klinikasında. O, öz “Facebook” səhifəsində Ukraynadakı hadisələrə münasibət bildirir. Tbilisi Şəhər Məhkəməsində davam edən proseslərdə isə əvvəlki kimi uzun-uzadı çıxışlar etmir və hətta səhhətindəki problemlərə görə iclaslara belə gedə bilmir. Yaxınları Saakaşvilinin vəziyyətinin gündən-günə pisləşdiyini deyir və bildirirlər ki, yeganə çıxış yolu müalicə olunması üçün onu xaricə göndərməkdir.
Bəzi ekspertlər də belə düşünürlər. Xarici mütəxəssislərin iştirakıyla məhkəmə-tibbi ekspertizası keçirmiş qeyri-hökumət təşkilatının – “Empatiya” mərkəzinin rəyinə görə, Saakaşvilinin həbsxana şəraitində təhlükə törədən ağır xəstəlikləri var.
Noyabrın 20-də tibb işçiləri, müxalifət nümayəndələri, eks-prezidentin qohumları və tərəfdarları hökumət binasının önünə toplaşaraq Saakaşvilinin müalicə üçün xaricə köçürülməsini tələb ediblər.
“Boyu iki metr olan Saakaşvilinin çəkisi 80 kiloya düşüb, ey insanlar! O, köməkçi vasitələrdən istifadə edərək hərəkət edir, üç qaşıqdan artıq yemək yeyə bilmir. Yəni, vəziyyəti kritik həddə çatdırılıb. Artıq vaxt yoxdur, Mixail Saakaşvili üçün artıq saniyəölçən işə düşüb”, – aksiyada çıxış edən təşkilatçılardan biri, həkim Levan Peradze belə deyib.
Tədbirə qatılan həkimlər etiraz əlaməti olaraq tibbi xalatlarını kanselyariyanın önünə qoyublar.
Peradze hakimiyyət nümayəndələrinə xitabən “Bizsiz də hər şeyi bilirsinizsə, götürün bu xalatları, özünüz diaqnoz qoyun” deyib.
saakashvili Gürcüstan Gürcüstanın keçmiş prezidenti
Şəklin alt yazısı,Noyabrın 20-də hökumət binasının qarşısında Saakaşvilinin müalicə üçün xaricə köçürülməsi tələbiylə keçirilən aksiyaya müxalifət nümayəndələri, tibb işçiləri, onun yaxınları və tərəfdarları qatılıblar
Hakimiyyət Saakaşvilinin lazımi və müasir tibbi yardımla təmin olunduğunu və uyğun klinikada müalicə aldığını bildirir. Amma ədliyyə naziri Rati Breqadze “İmedi” telekanalının efirində Saakaşvilinin səhhətiylə bağlı suala belə cavab verib – “Qoy, bu haqda həkimlər danışsınlar; Saakaşvili isə reanimasiyada yox, terapiya şöbəsindədir və hər gün yanına ziyarətçilər gəlir”.
Saakaşvili Gürcüstana keçən ilin payızında qayıdıb. Bu barədə o özünün “Facebook” səhifəsində paylaşdığı videomüraciətlər vasitəsilə məlumat verib. Hakim partiyanın nümayəndələri əvvəlcə xəbərə ironiyayla yanaşıblar, videomüraciətləri saxta adlandırıblar. Amma sonra Gürcüstanın baş naziri eks-prezidentin Tbilisidə saxlanıldığını açıqlayıb. Ona qarşı əvvəllər irəli sürülmüş ittihamlara daha biri əlavə edilib – sərhədi qanunsuz keçmək.

“Zəhərlənmə”

Gürcüstanda Saakaşvili bir neçə cinayət əməlində günahlandırılır və hələ ölkəyə qayıtmamış onlardan ikisi üzrə qiyabi olaraq 6 illik həbs cəzasına məhkum edilib.
Eks-prezident ona qarşı irəli sürülən ittihamların siyasi xarakter daşıdığını bildirir və özünü “Putinin məhbusu” adlandırır. Saxlanıldıqdan dərhal sonra o, aclığa başladığını elan etmiş, yalnız 50 gün sonra aksiyanı dayandırmağa razılıq vermişdi.
Bu ilin fevral ayında eks-prezident adekvat tibbi xidmət tələbiylə yenidən aclığa başladı və bu dəfə aksiyanı 20 gün sonra dayandırdı.
Həbsdə olduğu müddət ərzində yeri bir neçə dəfə yer dəyişdirilən Saakaşvilini əvvəlcə Rustavidəki həbsxanaya aparıblar; sonra Tbilisi yaxınlığındakı xəstəxanaya, ordan da Qori şəhərindəki hərbi hospitala yerləşdiriblər. Keçən ilin dekabr ayında eks-prezidenti yenidən Rustavi həbsxanasına qaytardılar, bu ilin may ayında isə çoxprofilli “Vivamedi” klinikasına yerəşdirdilər.
Saakaşvilinin vəkilinin və yaxınlarının sözlərinə görə, tibb müəssisəsində olmasına baxmayaraq onun xəstəliklərinin sayı artır. Gündən-günə zəifləyir, çəki itirir, çətinliklə yeriyir və sol əlindən istifadə edə bilmir. Bundan başqa, hərarəti də düşmür.
Anası Giuli Alasaniya onda həm də gizli vərəm aşkar olunduğunu, amma digər xəstəlikləri kəskinləşdirə biləcəyi üçün həkimlərin müalicəyə başlamadıqlarını bildirib.
Saakashvili Gürcüstan Gürcüstanın keçmiş prezidenti
Şəklin alt yazısı,Bir neçə ay əvvəl Saakaşvilini Rustavi həbsxanasından Tbilisidəki “Vivamedia” klinikasına gətiriblər
Hazırda Saakaşvilinin vəkilləri məhkəməyə müraciət etmək üçün “Empatiya” mərkəzinin yekun rəyini gözləyirlər. Bu rəyi həm yerli, həm də xarici ekspertlər imzalayacaqlar. Diaqnozlardan və onların ağırlıq dərəcəsindən asılı olaraq onlar eks-prezidentin həbsdən azad edilməsini və ya cəzanın təxirə salınmasını tələb etməyi planlaşdırırlar.
Noyabrın 18-də “Empatiya” mərkəzi yekun rəylə bağlı işlərin artıq yekunlaşdığını, Saakaşvilinin təcili surətdə geniş tibbi müayinəyə və müalicəyə ehtiyacı olduğunu açıqlayıb.
“Bu, 188 səhifəlik bir rəydir, əlavə olaraq 60 səhifə xarici mütəxəssislərin rəyidir, 2900 səhifəlik də sübutlar var. Hazırda hamısı tərcümə olunur və tam konsensus olması üçün xarici həmkarlarımıza göndəriləcək. Sonra sənəd hüquqşünaslarla razılaşdırılacaq, çünki söhbət eks-prezidentə qarşı qəsddən və qeyri-insani davranışdan gedir”, – yekun rəyin hazırlanmasında iştirak etmiş ekspert, nevroloq Otar Toidze belə deyir.
Ekspert qeyd edir ki, Saakaşvilinin xaricə müalicəyə göndərilməsi xahiş yox, tibb elmi və etikasının tələbidir, çünki onu Gürcüstanda lazımi müalicəylə təmin etmək mümkün olmayacaq. Toidze eks-prezidentin səhhətinin pisləşməsini sonuncusu ölüm olan 4 pilləli pilləkənə çıxmaqla müqayisə edir:
“Mixail Saakaşvili artıq ayağını qaldırmış vəziyyətdədir və onu 4-cü pilləyə qoyması an məsələsidir”.
Saakashvili Gürcüstan Gürcüstanın keçmiş prezidenti
Şəklin alt yazısı,Ədliyyə naziri Rati Breqadze iddia edir ki, dövlət Saakaşvilinin sağlamlığını qorumaq üçün lazım olan bütün şərtləri təmin edib
Yekun rəyin detalları hələ açıqlanmayıb, amma yaxınları deyirlər ki, Saakaşvilinin orqanizmində ağır metallar tapılıb və bu, onu zəhərləmək cəhdiylə bağlı şübhələrə yol açıb.
Saakaşvilinin anası Giuli Alasaniyanın sözlərinə görə, toksikoloji analizin nəticələrində tallium, barium və gümüş su kimi maddələr sadalanıb və yaxın günlərdə yaxınları bununla bağlı amerikalı ekspertlərdən izahat gözləyirlər.
Eks-prezidentin vəkillərindən biri – Valeri Qelbaxiani bildirib ki, onun zəhərləndiyini düşünmək üçün əsaslar var.
Xüsusi penitensiar xidmət buna cavab olaraq, Saakaşvilinin zəhərlənməsiylə bağlı hər hansı rəsmi sənəd daxil olmadığını açıqlayıb. Ədliyyə naziri Rati Breqadze təsdiqlənməmiş məlumatları yaymamağa çağırıb. Onun sözlərinə görə, cavabsız sual qalmasın deyə nazirlik toksikoloji ekspertiza üçün Levan Samxarauli adına Milli Məhkəmə Ekspertizası Bürosuna müraciət edəcək.
Saakaşvili isə öz “Facebook” səhifəsində yazıb ki, heç vaxt vəkillərinə zəhərlənmədən şübhələndiyini deməyib və mövzuyla bağlı spekulyasiyanı yersiz hesab edir.
“Səhhətim həqiqətən də pisləşir, xüsusən də son iki ayda. “Vivamedi”nin həkimləri əllərindən gələni edirlər. Biz mütəxəssislərə inamalıyıq, bu məsələni hədsiz siyasiləşdirmək lazım deyil”, – eks-prezident belə yazıb.

Gürcüstana doğru

Saakashvili Gürcüstan Gürcüstanın keçmiş prezidenti
Şəklin alt yazısı,Saakaşvilinin qayıtması və həbsi Gürcüstanda ard-arda keçirilən mitinqlərlə müşayət olundu, amma zamanla aksiyalara qatılanların sayı azaldı, sonra isə ümumiyyətlə sıfırlandı
İkinci prezidentlik müddəti başa çatdıqdan sonra Gürcüstanı tərk etməsinə baxmayaraq Saakaşvili son illərdə ölkənin siyasi arenasında əsas fiqurlardan biri olaraq qalırdı. Burda eks-prezidentin çoxlu tərəfdarı vardı və onun yaratdığı Vahid Milli Hərəkat (VMH) partiyası hakimiyyət dəyişikliyindən sonra ölkənin ən böyük müxalif təşkilatına çevrilmişdi.
O, sosial şəbəkələrdə videomüraciətlər yayır (əsasən Ukraynadan), Gürcüstanda baş verən siyasi hadisələri şərh edir və əhalini seçkilərdə fəal iştiraka çağırırdı.
Ukrayna vətəndaşlığı olan eks-prezident vətənə qayıtmaq fikrində olduğunu bir neçə dəfə elan etmiş və bu, Gürcüstanda müxtəlif reaksiyalar doğurmuşdu. Əhalinin bir qismində ölkə siyasətində kardinal dəyişikliklər olacağı ümidi yaranmışdı, digər qismi isə Saakaşvilinin yenidən hakimiyyətə gələcəyindən ehtiyatlanmışdı. Bu gözləntilər özünü doğrultmadı.
Onun ölkəyə yerli seçkilər ərəfəsində qayıtması və tezliklə həbs edilməsi Gürcüstanda mitinqlər dalğası yaratsa da, zaman keçdikcə etirazçıların sıraları seyrəldi, sonra isə tamamilə yoxa çıxdı.
“Saakaşvili ümid edirdi ki, onun qayıtması müxalif düşüncəli kütlələri canlandıracaq və ciddi proseslərə səbəb olacaq, bu da öz növbəsində siyasi dəyişikliklərə gətirib çıxaracaq. Amma məlum oldu ki, müxalifətdə hamıdan çox tərəfdarının olması insanların həftələrlə, aylarla [mitinqlərdə] dayanmağa hazır olması demək deyil və belələrinin sayı da kifayət qədər çox deyil”, – politoloq Gia Nodia BBC-yə belə deyib.
Saakashvili Gürcüstan Gürcüstanın keçmiş prezidenti
Şəklin alt yazısı,Saakaşvili ikinci prezidentlik müddəti başa çatandan sonra Gürcüstanı tərk etsə də, ölkənin siyasi arenasında əsas fiqurlardan biri olaraq qalmaqdaydı
Bu ilin iyul ayında Saakaşvilinin vəkilləri onun artıq Gürcüstan siyasətiylə maraqlanmadığını açıqladılar.
“O, Gürcüstan telekanallarına baxmır, yalnız Ukrayna telekanallarını izləyir. O deyir ki, Gürcüstandakı siyasi vəziyyətlə maraqlanmır və bununla bağlı heç kimlə əlaqə saxlamır”, – onda Saakaşvilinin vəkillərindən Valeri Gelbaxiani belə demişdi.
Bundan qısa müddət sonrasa eks-prezidentin oğlu Eduard Saakaşvili atasıyla görüşəcək və aşağıdakıları söyləyəcəkdi:
“Atam bura qayıtmasının səhv olduğunu anlayır, mən bunu ondan bir neçə dəfə eşitmişəm. Düşünürəm ki, bunu başa düşüb, fikirləşir ki, gəlməməliydi. Bu gün onun üçün prioritet yalnız sağ qalmaq və sağlamlığını qorumaqdır”.

Saakaşvilinin gedişi

Saakaşvilinin siyasətdən getdiyini elan etməsindən sonra bəzi ekspertlər bildirdilər ki, indiyə qədər yalnız iki əsas siyasi oyunçunun – hakim partiyanın və VMH-nin mövcud olduğu Gürcüstanda siyasi landşat dəyişəcək. Analitiklərin fikrincə, belə ikiqütblülük Saakaşvilinin düşmən obrazını yaradan və onu şeytanlaşdıran hakimiyyətin maraqlarına uyğundur.
Amma Gia Nodiya deyir ki, ictimai rəydə qəbul olunması baxımından Saakaşvilinin siyasətdən getməsi baş tutmayıb. VMH tərəfdarlarının əksəriyyəti üçün bu təşkilat Saakaşvilinin partiyası olaraq qalmaqdadır və hazırda partiya daxilində cərəyan edən liderlik mübarizəsi də bunu təsdiq edir.
Partiyada əsas rəqabət mövzularından biri, kimin Saakaşviliyə daha sadiq olması və onu azad etmək üçün daha çox iş görməyə hazır olmasıdır.
“Saakaşvili siyasətdən getdiyini açıqladı, amma, deyəsən, tərəfdarları ona inanmadılar. Onlar hesab etdilər ki, bu, eks-prezidentin azadlığa çıxması üçün lazım olan müvəqqəti taktiki addımdır və azad edilsə, yenindən siyasətə qayıdacaq. Ən azı qavrama səviyyəsində Saakaşvili faktor olaraq qalmaqdadır və düşünürəm ki, [hakim partiya] “Gürcü arzusu” da onu belə görür”, – deyə, Gia Nodiya əlavə edir.
Hazırda VMH bəzi partiya üzvlərinin tələbiylə yeni partiyadaxili seçkilərə hazırlaşır. Mediada təşkilatdakı çəkişmələr, münaqişələr və parçalanmalarla bağlı xəbərlər dərc olunur.
Saakashvili Gürcüstan Gürcüstanın keçmiş prezidenti
Şəklin alt yazısı,Bəzi Saakaşvili tərəfdarları VMH sədri Niku Meliyanı partiyanı zəiflətməkdə və eks-prezidenti həbsdən çıxarmaq üçün yetərli qədər iş görməməkdə günahlandırırlar
Analitik Giya Xuxaşvili deyir ki, Saakaşvilinin VHM vasitəsilə Gürcüstan siyasətinə dolayı təsiri hələ də qalmaqdadır. Bununla belə, o qeyd edir ki, indi “biz başqa şey haqqında deyil, Saakaşvilinin sağlamlığı və həyatı haqqında düşünməli və dua etməliyik”.
O, eks-prezidentin Gürcüstana qayıtmasını ölkədaxili siyasi tendensiyalara mənfi təsir edən və onun üçün şəxsi faciəyə çevrilən fatal səhv adlandırır. Xuxaşvilinin fikrincə, eks-prezident özü bunu çoxdan başa düşüb, amma hakimiyyət Saakaşvilinin Gürcüstan siyasətindən getməsiylə bağlı bəyanatlarını onu azad etmək üçün yetərli arqument hesab etmir:
“Sadəcə, hakimiyyət başqa cür bacarmır. Onlar neqativ müstəvidə qalmalıdırlar – onlar demirlər ki, biz yaxşıyıq, deyirlər ki, alternativ bizdən də pisdir. Saakaşvili bu rola uyğunuydu, amma illər ərzində bu amil zəifləmişdi”.
“Saakaşvilinin azad ediləcəyini istisna etmək olmaz. Amma, təbii ki, hakimiyyət onu elə-belə yox, yaxşı qiymətə buraxmaq istəyər. Bu qiymətin nədən ibarət olacağını isə ancaq təxmin etmək olar”, – deyə Xuxaşvili əlavə edir.
saakashvili Gürcüstan Gürcüstanın keçmiş prezidenti
Şəklin alt yazısı,Eks-prezidentin anası Giuli Alasaniyanın sözlərinə görə, onun vəziyyəti günü-gündən pisləşir
Tərəfdarları prezidentin Saakaşvilini əfv edəcəyinə ümid edirdilər, amma bu baş vermədi. Artıq Salome Zurabişvili bunu heç vaxt etməyəcəyini açıqlayıb. BBC-yə müsahibəsində o qeyd edib ki, eks-prezidenti həm də qanunvericiliyin tələbinə görə əfv edə bilməz, çünki onun məhkəməsi yekunlaşmayıb. Zurabişvili həmçinin bildirib ki, belə bir addım ata biləcəyi halda da bunu niyə etməyəcəyini Gürcüstanda kifayət qədər izah edib.
“Gürcüstanda faktiki olaraq elə bir ailə yoxdur ki, avtokratik rejimdə yaşamağın nə demək olduğunu öz təcrübəsindən bilməmiş olsun. Düşünürəm ki, mən daha böyük qütbləşmə yaradacaq alətə çevrilməməliyəm. Amma mən dövlət başçısıyam və eks-prezidentin həbsxanada ölməsini, yaxud da geriyə dönüşü olmayan nəticələrdən əziyyət çəkməsini istəmirəm”, – Zurabişvili belə deyib.
O həmçinin qeyd edib ki, həkimlərin rəylərini diqqətlə izləyir və hesab edir ki, Saakaşviliyə xaricdə əlavə müalicə almaq imkanı yaradılmalıdır, amma bu qərarı məhkəmə verməlidir.
Saakaşvilini azad etmək çağırışları beynəlxalq platformalardan və Qərb siyasətçilərinin dilindən getdikcə daha tez-tez eşidilir. Bəzi politoloqların fikrincə, Gürcüstanın Avropa İttifaqına namizədlik statusu alması hakimiyyət üçün daxili siyasi maraqlardan daha vacib olarsa, Qərbin mövqeyi onu güzəştə sövq edə bilər.
“Hələ ki biz bunun əksini müşahidə edirik. İqtidardakıların əsas prioriteti daxili siyasət və hakimiyyəti qoruyub saxlamaqdır, Avropayla münasibətlər və namizəd statusu isə onlar üçün ikinci dərəcəli məsələdir”, – Gia Nodia belə deyir.
Bbc.com
Tarix: 4-12-2022, 14:14
Xəbəri paylaş





Xəbər lenti