"Qardaş yumruğu" kod adlı Azərbaycan-Türkiyə birgə təlimləri başa çatdı



Azərbaycanla Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən keçirilən "Qardaş yumruğu" kod adlı Azərbaycan-Türkiyə birgə təlimləri başa çatdı.  Təlimlər bir çox baxımdan diqqət çəkdi və başda İran olmaqla regionda imperialist maraqları olan, bu maraqlar çərçivəsində Azərbaycana təhdid yaradan qüvvələrə kifayət qədər ciddi mesaj oldu.  Xüsusilə təlimlər İrana cavab mahiyyəti daşıyırdı və demək olar ki, rəsmi Tehranın həm bir müddət öncə Araz çayı boyunca keçirdiyi “Qüdrətli İran” adlandırdığı təlimlərinə, həm də SEPAH-a bağlı Teleqram kanallarında İranın Xəzər dənizindən Bakı buxtasına hücum edəcəyinə dair yayılan təhdid xəbərlərinə layiqli cavab oldu.  Təlimlər çərçivəsində diqqətçəkən əsas məqam isə şübhəsiz təlimlərə Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” qırıcılarının cəlb edilməsi oldu. “F-16” qırıcılarının təlimlərə cəlb edilməsi Azərbaycan Prezidenti İlham Əliyevin 2020 ci ildə AzTV vasitəsilə xalqa müraciətində toxunduğu bir məqamı yenidən aktuallaşdırdı: “Bu bir ay ərzində, demək olar ki, mən hər gün müsahibə verirəm. Mənə sual verilir ki, Türkiyənin F-16-ları nə gəzir sizdə? Mən cavab verməkdən yorulmuşam. Gedin açın, peykiniz var, görmürsünüz nə gəzir? Gedin baxın F-16 neyləyir, havadadır, yerdədir? Hər kəs bilir ki, yerdədir. Özü də təlimlər üçün gəlib və müharibə başlayanda qalıbdır. Türkiyəli qardaşlarımız onları bizə mənəvi dəstək vermək üçün saxlayıblar. Bir də ki, əgər bizə qarşı kənardan təcavüz olarsa, o F-16-ları görəcəklər onlar”, - deyə dövlət başçısı xalqa müraciətində vurğulamışdı. Prezidentin iki il öncə dediyi bu sözlər faktiki olaraq təlimlər fonunda bir daha özünü doğrultdu. Düzdür, Azərbaycana İran tərəfdən birbaşa təcavüz olmasa da faktiki olarad təhdid yarandı. Buna cavab olaraq da rəsmi Tehran F-16-ları gördü.  Bu bir daha İrana açıq bir mesaj idi. Yəni İranın təhdidi qarşısında türk F-16-ları təlimlər adı altında havaya qalxdı. Ehtimal təcavüz riski qarşısında isə həmin F-16-lar təlimlərdə icra etdiklərini real döyüş vəziyyətini də icra edə bilər.
Müəllif: Politoloq Turan Rzayev,
Siam.az
Tarix: 6-12-2022, 17:51
Xəbəri paylaş





Xəbər lenti