Fransaya qarşı Azərbaycan qətnaməsi - hökumət icrasını niyə yubadır?
Sabiq nazir: “Biz Fransanın nazı ilə çox oynayırıq”
Bu ilin noyabr ayının 15-də Fransa Senatı Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə qəbul etmişdi və hökumət bu sənədlə qondarma “artsax”ın müstəqilliyini tanımağa və Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırış etmişdi. Bu bədnam sənədin lehinə 295, əleyhinə 1 senator səs vermişdi. Bundan iki həftə sonra, yəni noyabrın 30-da isə Fransa Milli Assambleyası Azərbaycana qarşı qətnamə qəbul edib.
Azərbaycan Milli Məclisinin qəbul etdiyi qətnamədə isə Azərbaycan hökumətinə çağırış edilib. Qətnamədə Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivləri aşkar edildiyi təqdirdə, onların dondulması, Fransa şirkətlərinin Azərbaycan dövlətinin sifarişləri ilə həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməməsi, Fransa şirkətlərinin enerji sektorunda Azərbaycan tərəfi ilə əməkdaşlığına, eləcə də ölkələr arasında mövcud olan siyasi, iqtisadi münasibətlərə yenidən baxılması da əks olunmuşdu. Bəs ötən müddət ərzində hökumətin bu istiqamətdə hansısa addımlar atdığı müşahidə olunurmu?
Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan tərəfi Fransaya qarşı səslənən bəyanatlardan o tərəfə praktiki addımlar atmayıb: “Milli Məclisin də hökumətə tövsiyəsində nəzərdə tutulan addımların atıldığı barədə cəmiyyətə hələ məlumatlar verilməyib. Belə addımlar, tədbirlər olsaydı yəqin ki, ictimaiyyətə açıqlanardı. Əslində biz Fransanın nazı ilə çox oynayırıq. Aydındır ki, Fransa Avropa İttifaqının Almaniyadan sonra ikinci dayaq ölkəsidir, BMT Təhlükəsizlik Şurasının üzvüdür və s. Ancaq bütün bunlar bu erməni yedəyində gedən fransızlara haqq vermir ki, Cənubi Qafqazın ən nüfuzlu ölkəsinə qarşı ləyaqətsiz münasibət sərgiləməkdə davam etsinlər. Bizim cavabımız praktiki addımlar fazasına keçmədikcə, Fransa daha da irəli gedir. Noyabrın 30-da Fransa Senatının aşağı palatasının da yekdilliklə Azərbaycana qarşı qətnaməyə səs verməsi bunun təsdiqidir. Baxmayaraq ki, elə həmin gün Fransa Xarici İşlər Nazirliyi parlamentin qəbul etdiyi qətnamələrin hökumətin mövqeyi olmadığını açıqladı. Biz bir məsələni anlamalıyıq ki, ermənilərlə fransız rəsmilərin mənəviyyatı heç bir baxımdan fərqlənmir. Fransanın ermənidən fərqlənməyən prezidenti Makron parlamentin vasitəsilə Azərbaycana təzyiq edir, həm də burada təhdid var. O zaman sual olunur: biz nəyi gözləyirik? Biz gözləməliyik ki, bizim Fransanın Azərbaycanda olan iqtisadi maraqlarına heç bir problem yaratmadığımıza arxayın olan Paris bizə qarşı növbəti düşmənliyini etsin, sonra biz hərəkətə keçək? Hesab edirəm ki, sözlə cavab vermək taktikasını praktiki addımlar fazasına keçirməliyik. Yaranmış vəziyyətdə biz, sadəcə olaraq, Fransa ilə diplomatik münasibətlərin dondurulmasına qədər sərt danışmağı da bacarmalıyıq. Eyni zamanda Milli Məclisin hökumətə etdiyi müraciətdə əksini tapan sanksiyalara gedilməlidir. Əgər Fransa Cənubi Qafqazda Azərbaycanı itirmək istəyirsə, buyursun. Qorxmaq lazım deyil. "Qorxan gözə çöp düşür" deyirlər. Fransa dövləti Makron demək deyil və bu dövlət heç vaxt Cənubi Qafqazda Azərbaycanı itirmək istəməyəcək. Biz, sadəcə, qətiyyətli olmalıyıq. Başqa yol Fransanın istəyini təmin etməkdir ki, bu da mümkün deyil".
Politoloq Yeganə Hacıyeva isə bildirdi ki, Fransa-Azərbaycan ticarət tərəfdaşlığı genişmiqyaslı əməkdaşlıqdır. Gündəlik istehlak mallarından tutmuş qlobal səviyyədə enerji, nəqliyyat daşımalarına qədər geniş spektri əhatə edir. Amma Fransanın ard-arda qəbul etdiyi anti-Azərbaycan qətnamələri bu əməkdaşlığa ciddi zərbədir: “Qətnamələr tövsiyə xarakterli olsa da, Fransa Xarici İşlər Nazirliyi bu qətnamələrin rəsmi Parisin mövqeyini əks etdirmədiyini bəyan etsə də, Azərbaycan bunu fransız riyakarlığı olaraq qəbul edir. Bu riyakarlıq Azərbaycan-Fransa münasibətlərini korlayıb. Hələ ki Azərbaycan narazılığını, etirazını Fransa ilə iqtisadi münasibətlərə yenidən baxmaq həddində etməyib. Amma Azərbaycanın bunları etmək üçün kifayət qədər əsasları var. Azərbaycan bundan sonra Fransa ilə bir sıra layihələrdən imtina edə bilər. Bundan sonrakı zamanda Azərbaycan ərazisindən istifadə edəcək Fransanın yük daşımaları sual altına alınıb və bloklanıb. Bundan sonrakı mərhələlərdə hətta Fransanın iştirakçılığı mümkün olsa belə, Azərbaycanın şərtləri Fransaya hamı üçün olan şərtlərdən daha sərt olacaq. Mövcud imzalanmış və fəaliyyətdə olan layihələrdən isə imtina etmək əlavə problemlər yarada bilər. Azərbaycan bütün addımlarını kifayət qədər ölçüb-biçərək atır və atmalıdır”.
Tarix: 7-12-2022, 09:01