Partiyalarla bağlı yeni qanunda ziddiyyət: “50 nəfər 5 min üzvü necə toplayacaq?”
Deputatlar “Siyasi partiyalar haqqında” yeni qanun layihəsini ikinci oxunuşda müzakirə ediblər – Təkliflər səsləndi Milli Məclisin bu gün keçirilən iclasında “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Layihəyə əsasən, dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 5000 üzvü olmalıdır. Siyasi partiya Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaşı (təsisçilər) tərəfindən təsis edilə bilər. Yeni qanun layihəsi 6 fəsil, 30 maddədən ibarətdir. Müzakirələr zamanı deputatlar qanunla bağlı təkliflərini səsləndiriblər. Millət vəkili Vüqar Bayramov deyib ki, yeni qanunun qəbulu islahatların inkluzivliyini genişləndirilməsinə və siyasi sferada əməkdaşlıq platformasının inkişafına xidmət edəcək. Deputat xatırladıb ki, plenar iclasadək layihəyə 70 düzəliş edilib: “Bu, demokratik müzakirə mühitindən xəbər verir. Hesab edirəm ki, qanun layihəsinin təkmilləşdirilməsi üçün bir sıra məsələlər həllini tapmalıdır. Məncə, partiayalar sadəcə mənfəət vergisindən deyil, eləcə də ƏDV-dən azad olunmalıdırlar”. “Eyni zamanda, seçkilərdə etibarlı səs qazanmış, ancaq Milli Məclisdə təmsil oluna bilməyən partiyalar arasında bölüşdürələcək vəsaitin artırılması lazımdır. 2.5 faizlik yardım hissəsinin artırılması siyasi partiyaların seçkilərdə iştirakını təşviq edə bilər. Bu baxımdan həmin rəqəmə baxılıb artırılması məqsədəuyğun olardı”, - deputat əlavə edib. Deputat Naqif Həmzəyevin sözlərinə görə, qanun layihəsindən bəlli olur ki, 50 nəfər tərəfindən siyasi partiya təsis edilir: “Başqa bir maddədə göstərir ki, siyasi partiya qeydiyyata alınana qədər siyasi fəaliyyətlə məşğul olmaq qadağandır. Bu zaman 50 nəfər 5 min üzvü necə toplayacaq? Məncə, bu məsələdə yumşalma olsa, ağzıgöyçəklərin də deməyə heç bir sözü qalmayacaq”. Deputat Cavid Osmanov təsisçilərin 20 ilə qədər Azərbaycanda yaşaması şərtinin layihəyə yenidən daxil edilməsini təklif edib: “Hansısa formada bu məsələyə baxılmasını xahiş edirəm”. Demokratik Maarifçilik Partiyasının rəhbəri, deputat Elşən Musayev isə deyib ki, siyasi partiyaların üzvlərinin qeydiyyata alınması vacibdir. Millət vəkili Milli Şurasının funksioneri barədə ironik ifadə də işlədib: “Belə olmasa, bir də görəcəyik ki, Gültəkin Hacıbəyli yenə Yeni Azərbaycan Partiyasının (YAP) mitinqində çıxış eləmək istəyir. Düşünürəm ki, partiyalara üzv olan şəxslərin qeydiyyatı mütləqdir”. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev isə qeyd edib ki, partiya üzvlərinin fərdi identifikasiya məlumatları gizli saxlanılmalıdır: “Hər kəs bilir ki, bu informasiya gizlidir. Bu da partiya üzvləri arasında narazılıqlara səbəb olur. Ona görə də partiya üzvlərinin adı, soyadı və şəxsiyyət vəsiqəsinin nömrəsini yazmaq kifayət edir. Qalan məlumatları şəxsdən almaq qanunla qadağandır”. Müzakirələrdən sonra qanun layihəsini ikinci oxunuşda qəbul edilib.