Gələn həftə Avropa İttifaqı ilə görüşdür - “ilişib qaldığımız məsələlər” hansıdır?


 
Dekabrın 12-də Brüsseldə Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borelin sədrliyi ilə Aİ xarici işlər nazirlərinin altı "Şərq tərəfdaşlığı" ölkəsindən beşinin (Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) xarici işlər nazirləri ilə görüşü keçiriləcək.
Görüşdə Avropa İttifaqının komissarı Oliver Varhelyi də iştirak edəcək, xəbəri Avropa İttifaqı Şurasından veriblər. İclasda "Şərq tərəfdaşlığı"nın gələcəyi, eləcə də təhlükəsizlik çağırışları və Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsinin bütün region üçün nəticələri müzakirə olunacaq. Aİ-"Şərq tərəfdaşlığı" iştirakçıları ŞT-nin regionda sabitliyin və rifahın möhkəmləndirilməsinə necə töhfə verə biləcəyi barədə fikir mübadiləsi aparacaqlar. Bundan əlavə, iştirakçılar “yaşıl” və rəqəmsal texnologiyaların təşviqi və regionun sosial-iqtisadi bərpasına təkan verilməsi üçün əsas alət kimi İqtisadi və İnvestisiya Planını müzakirə edəcəklər.
Qeyd edək ki, Prezident İlham Əliyev noyabrın 17-də Avropa İttifaqının "Şərq tərəfdaşlığı" üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi, Avropa İttifaqının və bir sıra üzv ölkələrin "Şərq tərəfdaşlığı" üzrə məsul şəxslərinin daxil olduğu nümayəndə heyətini qəbul edib. Prezident həmin görüşdə deyib ki, "Şərq tərəfdaşlığı" ilə bağlı yeni imkanların nədən ibarət olduğunu nəzərdən keçirməliyik: “Bizə gəldikdə, biz bu proqramı və bu platformanı üzv ölkələr arasında əməkdaşlıq deyil, Avropa İttifaqı ilə əməkdaşlığı gücləndirmək üçün əlavə imkan hesab edirik. Çünki "Şərq tərəfdaşlığı"na üzv olan digər beş ölkə ilə bizim fərqli münasibətlərimiz var. Bizə isə Avropa Komissiyası ilə əlavə əməkdaşlıq mexanizminin əldə edilməsi vacib idi. İndi isə sizin də qeyd etdiyiniz kimi, yeni geosiyasi şəraitdə bunu yenidən nəzərdən keçirmək lazımdır. Bizə gəldikdə, biz, eyni zamanda Avropa İttifaqına üzv olan dövlətlərlə ikitərəfli əsasda fəal işlədik. Üzv ölkələrin doqquzu ilə biz strateji tərəfdaşlıq haqqında bəyanat, yaxud saziş imzalayıb və ya qəbul etmişik. Bu isə üzv dövlətlərin üçdəbiridir. Hesab edirəm ki, Azərbaycan "Şərq tərəfdaşlığı" qrupuna daxil olan nadir ölkədir ki, öz strateji hədəfinə həqiqətən nail olub. Beləliklə, bu, yaxşı platformadır və biz onu Avropa İttifaqı ilə sazişimizin müzakirəsi üçün təməl hesab edirik. Saziş üzərində iş uğurla, lakin ləng gedir. Uğurla gedir ona görə ki, sazişin bəndlərinin 90 faizi razılaşdırılıb. Ləng gedir, ona görə ki, orada hər iki tərəfdən siyasi iradə tələb edən və necə deyərlər, ilişib qaldığımız məsələlər var. Azərbaycanda bununla bağlı müəyyən narahatlıqlar var, çünki bizim imzaladığımız və ya imzalamağı planlaşdırdığımız hər hansı saziş bizə və tərəfdaşlarımıza əlavə fayda verməlidir. Biz orta və ya uzunmüddətli perspektivdə iqtisadi çətinliklər yarada biləcək hər hansı bir sənədi imzalaya bilmərik. Yəni ləngiməyə səbəb olan bəndlər iqtisadiyyat, ticarət və bəzi digərləridir. Mən prosesin sürətləndirilməsi ilə bağlı nümayəndə heyətimizə artıq təlimat vermişəm və hesab edirəm ki, sazişin yekunlaşdırılması üçün fürsət var”.
Bəs “ilişib qaldığımız məsələlər” hansılardır?

Şəhla Cəlilzadə: "Aİ-də İlham Əliyev "xilaskar" kimi qarşılanmaqdadır"
STM əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Azərbaycan Prezidentinin Aİ-də xilaskar kimi qarşılanmasından söz açdı: “2022-ci ilin fevralından etibarən yaşanan qlobal hadisələr, Rusiyanın Ukrayna torpaqlarını işğalı, Rusiyaya tətbiq olunan çoxsaylı sanksiyalar və bu səbəblə Qərbin özünün məruz qaldığı "soyuq qış" təhlükəsi Aİ-nin Cənubi Qafqaza münasibətində rolu və dinamiklərini tamamilə dəyişmiş, Aİ-ni etibarlı enerji tərəfdaşları axtarışları Azərbaycanla münasibətlərini də yenidən formalaşdırmağa məcbur edib. Bu baxımdan 2004-cü ildə elan olunan və Azərbaycanın da üzvü olduğu "Şərq qonşuluğu", 2009-dan isə "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində Aİ-Azərbaycan əlaqələrinin ötən bir il ərzində daha da inkişafını müşahidə edə bilərik. Təsadüfi deyil ki, cənab Prezident bunu Aİ ilə ikitərəfli münasibətləri inkişaf etdirmək və imzalanacaq əməkdaşlıq sazişinə dair təmasları genişləndirmək üçün “yaxşı platforma” adlandırıb. Məhz bu platformada əməkdaşlıq sayəsində Aİ Gürcüstan, Ukrayna və Ermənistanla müvafiq genişləndirilmiş əməkdaşlıq sazişləri imzalayıb. Məsələn, Aİ 2014-cü ildə Gürcüstanda Assosiasiya Sazişi imzalamış (2016-da qüvvəyə minib), 2017-ci ildəki sazişlə isə Gürcüstanın ticarət tərəfdaşına çevrilib. Gürcüstanın Aİ-yə təqdim etdiyi xüsusi şərtlərin əvəzində Aİ də gürcülərə Şengen zonasına sərbəst/vizasız səyahət imkanı tanıyıb. Bununla yanaşı, Aİ Gürcüstanda ən böyük donor təşkilat olub, hər il 120 milyon avrodan çox reform gündəliyinə maliyyə yardımı ayırır, həmçinin vətəndaş cəmiyyətinin inkişafına dəstək məqsədilə gürcülərin Erasmus+, Horizon 2020, Kreativ Avropa proqramlarına qatılmasına, texniki dəstək imkanlarına töhfə verir. 2021-ci ildə Aİ-Gürcüstan ticarət dövriyyəsi 2,8 milyard avro olub (2 milyard avro Aİ-dən Gürcüstana ixrac). Maraqlıdır ki, 2014-cü ildə Aİ-Gürcüstan ticarət dövriyyəsi elə eyni həcmdə, 2,9 milyard dollar idi və ötən illərdə ciddi artım müşahidə olunmayıb. Halbuki 2014-cü ildə Rusiya Gürcüstanın xarici ticarətində (Türkiyə və Azərbaycandan sonra) 3-cü yeri tuturdu (852,6 milyon dollar ticarət dövriyyəsi ilə). 2021-ci ildə isə Rusiya-Gürcüstan ticarət dövriyyəsi xeyli (2 dəfə) artaraq 1,6 milyard dollara yüksəlib. Aİ bu sazişlərlə tərəfdaşlıq etdiyi ölkənin Rusiya iqtisadiyyatı və bazarından uzaqlaşdırılmasına, ticarətin (ixracın və idxalın) Aİ yönümündə diversifikasiyasına nail olmağa çalışır (nə qədər nail olduğu isə sual altındadır). Bu əsnada öz vergi və tariflərini, idxal və ixrac qanunlarını tərəfdaşlıq etdiyi ölkə üzərində impozə etməklə, bəzən qarşı tərəfin iqtisadi-ticari maraqlarına zərər vura bilir. Təbii ki, Aİ daha çox öz mənfəətini düşünür. Lakin Azərbaycanın da öz maraqları vardır. Bizə Avropanın maraqlarına xidmət etmək deyil, ikitərəfli sərfəli sövdələşmə əldə etmək lazımdır. Azərbaycan milli maraqlarının qoruyucusu kimi cənab Prezident “Biz orta və ya uzunmüddətli perspektivdə iqtisadi çətinliklər yarada biləcək hər hansı bir sənədi imzalaya bilmərik” deyərkən məhz bunu nəzərdə tutur. 2022-ci ilin 18 iyulunda Aİ ilə Azərbaycan enerji sahəsində strateji tərəfdaşlığı nəzərdə tutan anlaşma memorandumu imzalamaqla bu sahədə ortaq məxrəcə gəlməyin mümkünlüyünü sübut ediblər. Ticarət münasibətlərinin daha da inkişafı qarşılıqlı maraqların qorunmasını ehtiva edən ticarət müqaviləsi ilə mümkün ola bilər. Bu, sadəcə, ticarəti deyil, həm də investisiyaların, yaşıl iqtisadiyyatın və sivil cəmiyyətin inkişafını özündə ehtiva edən sənəd olacaqdır. Ursula fon der Lyayen 18 iyul memorandumundan sonra mediaya açıqlamasında vurğulamışdır ki, Aİ 2024-cü ilədək Azərbaycana 60 milyon avro investisiya (fond) ayırıb və İqtisadi və İnvestisiya Planına görə 2 milyard avro əlavə investisiyanın planlaşdırılması nəzərdə tutulub. 25 min kiçik və orta sahibkarlığın inkişafına dəstək, Port Baku-nun davamlı inkişaf edən nəqliyyat şəbəkəsinə çevrilməsinə töhfə nəzərdə tutulur. Aİ Azərbaycanı qlobal keçid məntəqəsi (Global Gateway) olaraq görür. Bu əsnada Aİ-nin Mərkəzi Asiya və Uzaq Şərqlə əməkdaşlığında Azərbaycan mühüm əhəmiyyət kəsb edir. Qarşıdakı dövrdə həm də Ortaq Aviasiya Məkanı Sazişinin imzalanması gözlənilir. Bütün bunların gerçəkləşməsi üçün Aİ Azərbaycandan investorlara daha etibarlı əməkdaşlıq mühitinin yaradılması, sivil cəmiyyətin təsis olunmasında müəyyən müsbət impulsların ötürməsi tələb olunur. Bu sahədə razılaşma əldə olunarsa, gələcəkdə Aİ-Azərbaycan əlaqələrini yeni müstəviyə çıxarmaq mümkün olacaqdır. Bununla yanaşı, Oliver Varheylinin öz Twitter səhifəsində cari enerji böhranına qarşı Aİ-nin təcili tədbirləri sırasında Bolqarıstan-Şimali Makedoniya qaz interkonnektorunun təsis olunmasını qeyd etməsi, bu yaxınlarda (1 oktyabr 2022 tarixində) Azərbaycanın Cənub Qaz Dəhlizinin uzantısı olan Yunanıstan-Bolqarıstan qaz interkonnektorunun işə düşməsindən sonra daha bir uzantısının işə düşməsinin planlaşdırıldığı anlamına gəlir. Bütün bunların fonunda təsadüfi deyil ki, Sorosun Açıq Cəmiyyət Fondunun hesabatında “Aİ-nin enerji maraqları qalib gələrək Azərbaycan üzərində öz dəyərlərini impoze etmək niyyəti uğursuzluğa düçar oldu” qeydi yer almaqda və Aİ-də İlham Əliyev “xilaskar” kimi qarşılanmaqdadır".

Əli Orucov: "Azərbaycanın "Şərq tərəfdaşlığı" ilə bağlı fikir ayrılıqları..."
AMİP liderinin köməkçisi, siyasi ekspert Əli Orucov isə bunları dedi: “Bildiyiniz kimi, Azərbaycanın Avropa İttifaqı ilə "Şərq tərəfdaşlığı" proqramı ittifaqa qonşu olan 6 postsovet ölkəsi arasında əlaqələrin dərinləşdirilməsi və bu əlaqələrin davamı olaraq gələcəkdə ittifaqla üzvlüyədək inkişafı perspektivinə yönəlik təşəbbüsdür. Azərbaycan "Şərq tərəfdaşlığı" proqramına qoşulmasa da Ermənistan, Ukrayna, Moldova, Gürcüstan bu proqrama imza atdılar.
Belarus Respublikası əvvəlcə təşəbbüsə isti yanaşsa da sonra rəsmi Minsk bu proqrama qoşulmadan imtina etdi. Azərbaycanın tərəddüd etməsinin əsas səbəbləri Rusiyanın təzyiqləri və ittifaqın irəli sürdüyü şərtlər oldu. Həm iqtisadi, həm də siyasi və demokratik dəyərlər sahəsində islahatlar rəsmi Bakını "Şərq tərəfdaşlığı"na qoşulmaqda tərəddüdə yol açdı. Lakin ittifaqın 9 ölkəsi ilə strateji əməkdaşlıq qurdu və bu prosesi dərinləşdirdi. Lakin qitədə baş verən sürətli dəyişikliklər və yeni reallıqlar Azərbaycanın "Şərq tərəfdaşlığı"na marağını bir qədər artırdı və Bakının rəsmi mövqeyində yumşalmalar oldu. Azərbaycan Avropanın ayrılmaz bir tərkib hissəsi kimi özünü despotik qonşularının təhdidindən və basqılarından, həmçinin bəzi iqtisadi siyasi asılılığından xilas etməlidir ki, bunun da inkişaf etmiş və demokratik Avropaya inteqrasiyadan keçir. Düşünürəm ki Azərbaycanın siyasi kursunda da xeyli mütərəqqi xətt hiss olunmaqdadır. Lakin görüləcək işlər də kifayət qədər çoxdur. Bütün bunların öhdəsindən isə gəlmək heç də asan deyil. Odur ki, Azərbaycanın "Şərq tərəfdaşlığı" ilə bağlı fikir ayrılıqları və ziddiyyətlər tədricən aradan qaldırılmasına, fikrimcə, yaxın zamanlarda nail olunacaq. Prezident İlham Əliyevin də Aİ rəsmisi ilə görüşündə səsləndirdiyi fikirlər bu qənaətə gəlməyə əsas verir".“Yeni Müsavat” 
Tarix: 7-12-2022, 09:22
Xəbəri paylaş





Xəbər lenti