Lavrov-Bayramov görüşünün konturları - TƏHLİL



Azərbaycan və Rusiya xarici işlər nazirlərinin son görüşü regional siyasətin konturlarının müəyyən edilməsinə xidmət edir. Görüş Ermənistan-Rusiya münasibətlərində mövcud gərginlik fonunda baş verir. Təsadüfi deyildir ki, görüşdən bir gün əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında paylaşılan ikitərəfli münasibətlərin vəziyyətinə dair məlumatda Azərbaycan Rusiyanın Cənubi Qafqaz və Xəzər dənizində vacib tərəfdaşı və müttəfiqi adlandırılmışdır. Hazırda regionda Rusiya üçün ən proqnozlaşdırılan ölkə məhz Azərbaycandır.
 
Rusiya görüş ilə bağlı paylaşdığı rəsmi məlumatlarda 4 dəfə 2022-ci il müttəfiqlik fəaliyyəti haqqında bəyannaməyə istinad etmişdir. Bəyannamə 43 bənddən ibarət olsa da, Rusiya sənədin məğzini “xarici siyasətin əlaqələndirilməsi, hərbi-siyasi əməkdaşlığın gücləndirilməsi və beynəlxalq terrorizmə qarşı mübarizədə qüvvələrin birləşdirilməsi” kimi təqdim etmişdir. 
 
Görüşdən bir neçə vacib nəticə çıxarmaq olar:
 
1. Lavrov bir daha sülh müqaviləsinin Rusiya variantını irəli çəkməyə cəhd etmişdir. Lavrov 10 noyabr, 11 yanvar, 26 noyabr və 31 oktyabr tarixli üçtərəfli razılaşmaların bütün müddəalarının icra edilməsinin vacib olduğunu qeyd edib, bu bəyanatların bütün məsələlərin, o cümlədən nəqliyyat və iqtisadi əlaqələrin bərpa edilməsi, sərhədlərin delimitasiyası və sülh müqaviləsinin bağlanması üzrə “tam hüquqlu həlli üçün sanballı, möhkəm, etibarlı əsas” olaraq qaldığını bildirmişdir. Rusiyanın bütün səylərinə rəğmən, Bakı həm sülh sazişinin Moskva variantını, həm də İrəvanın çərçivə sazişi variantını rədd etmişdir. Beləliklə, danışıqlar Azərbaycan variantı üzərində aparılmaqdadır. 
 
2. C.Bayramov çıxışı zamanı Azərbaycanın Qarabağ ermənilərinə digər vətəndaşlarla bərabər hüquqlar bəxş edəcəyini bildirmişdir. Bu o anlama gəlir ki, Bakı ermənilərə arzuladıqları “status”u verməyəcəkdir. Çıxışında Lavrov “postmünaqişə” sözündən istifadə edib, Rusiya şirkətlərinin “Azərbaycan ərazilərinin” bərpa edilməsində aktiv iştirak etməyə hazır olduğunu bildirib.
 
3. Putinin Valday, Lavrovun isə 1 dekabr tarixli çıxışından sonra Rusiya növbəti dəfə görüş zamanı Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsində tanımağa doğru getdiyini bildirdi. 1 dekabr tarixli çıxışında Lavrov qeyd etmişdir ki, Alma-Ata Bəyannaməsi çərçivəsində sülh sazişinin imzalanması Qarabağın Ermənistan tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınması anlamına gəlir. Görüşdən sonra Lavrov Praqa görüşünün danışıqlarda yeni mərhələ açdığını və sülh sazişinin BMT və Alma-Ata Bəyannaməsi əsasında imzalanacağını bildirdi.
 
4. Görüşdə Azərbaycanı narahat edən məsələlər (kommunikasiyalar, erməni silahlilarının Qarabağda qalması, mina daşınması, təbii sərvətlərin qanunsuz istismarı və s.) müzakirə edildi. Kommunikasiyalar üzrə ortaq yanaşmanın olduğunu 4 dekabr tarixli məlumatdan müəyyən etmək mümkündür. Həmin məlumatda bildirilir ki, “Rusiyanın səylərinin ən mühüm istiqaməti regionda nəqliyyat kommunikasiyalarının açılmasıdır”. Təbii sərvətlərin qanunsuz istismarı məsələsində də müəyyən razılığın əldə edildiyini qeyd edə bilərik. Lavrova görə RSK-nın iştirakı ilə Azərbaycan qurumlarının nümayəndələri bu məsələnin həll edilməsi üzrə işləyir. Təsadüfi deyildir ki, bu bəyanatdan sonra Laçında RSK-nın məsuliyyət zonasına qadağan olunmuş əşyaların gətirilməsinin qarşısının alınması məqsədilə rentgen skanerin quraşdırılacağı elan edildi.
 
5. C.Bayramova əsasən, Bakı üçüncü şərhlər paketini İrəvana təqdim edib, ilin sonuna kimi sülh müqaviləsi layihəsi üzrə danışıqların üçüncü raundunun keçirilməsini mümkün sayır. Burda aparıcı söz “danışıqlar” olduğundan C.Bayramovun sözlərindən belə nəticəyə gəlmək olar ki, ilin sonuna qədər sülh sazişinin imzalanma şansları çox aşağıdır.
 
Nəticə etibarı ilə, Moskva Bakının Laçın dəhlizini nəzarətə götürmək üçün diplomatik hazırlıq işlərini gördüyünü dərk edib Bakı ilə əməkdaşlığa üstünlük vermişdir. Bununla belə, Rusiyanın yenə öz həll variantını irəli çəkməyə çalışması predmetli danışıqların ikitərəfli qaydada Vaşinqtonda aparılacağını deməyə əsas verir.
 
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi



Tarix: 8-12-2022, 14:45
Xəbəri paylaş





Xəbər lenti