İranda hicab inqilabı. “Onlar azad həyat yaşamaq arzularının əvəzini öz həyatları ilə ödəyirlər”
“Bəlkə bir gün etiraz şüarımı qışqıranda əxlaq polisi məni də öldürəcək. Amma bu gün biz etiraz etməsək, hakimiyyət daha da əxlaqsızlaşacaq. Qadın hüquqlarının bərpası naminə ölə də bilərik. Amma qalib yenə biz olacağıq”, – bu sözləri İranda etiraz edən 31 yaşlı azərbaycanlı Meydan TV-ə müsahibəsində deyib. Ailəsi ilə Tehrana qohumlarını ziyarətə gedən 22 yaşlı Məhsa Əmini cari ilin sentyabrın 13-də həbs olunub. O, əxlaq polisinə təhvil verildikdən bir neçə saat sonra komaya düşüb. Sentyabrın 16-sı Məhsa Əmini bu xəstəxanada vəfat edib. Şahidlər, ailəsi və xəstəxana əməkdaşları gəncin öldürüldüyünü bildirib. Gənc qızın ölümündən və bu iddialardan sonra ölkədə ictimai-siyasi vəziyyət gərginləşib. İranın Tehran, Təbriz, İsfahan, Şiraz, Kirman və başqa böyük şəhərlərini etiraz aksiyaları bürüyüb. Həmin ölkədə 2 aydan çoxdur davam edən etirazları izləyən İnsan Haqları Fəalları qrupunun bildirdiyinə görə, iğtişaşlar zamanı azı 328 nəfər ölüb, 14 825 nəfər isə həbs edilib. İran hökuməti həftələrdir itkilərlə bağlı rəqəmlərdən danışmayıb.
31 illik həyatın meydanda keçən 13 ili
Adının təhlükəsizliyi səbəbindən anonim qalmasını istəyən 31 yaşlı İran vətəndaşı Meydan TV-ə deyir ki, ölkəsində qızlar doğulduğu gündən ölənə kimi “kukla” həyatı yaşamağa məcbur edilir. “İranda 5 yaşımdan hicab taxırdım. Evdə qardaşlarıma hər sərbəstlik verilmişdi. Mən isə kukla kimi idarə edilirdim. Paltarlarımı atam seçirdi. Necə danışmalı olduğuma babam qərar verirdi. Bircə məktəbə getməyə razı idilər. Məktəbdə də qapalı və bol geyinmək şərti var idi. Təsadüfən hansısa oğlana baxsan azı 3 gün döyərdilər. 13 yaşımda məktəbdə bir müəllimim var idi, bizə hüquqlarımızdan danışdı. Təbii ki, dərsdə icazə vermirdilər, amma o, biz azad böyüyək deyə bir yolunu tapıb danışırdı. Onunla söhbətdən sonra başladım yaşadıqlarımı düşünüb, təhlil etməyə”, – o deyib.
Xanımın sözlərinə görə, təhlillərinin nəticəsi olaraq 13 ildir meydandadır. Sayını itirdiyi qədər zorakılığa məruz qaldığını vurğulayan xanım əlavə edir ki, “bilirəm ki, öldürüləcəm, amma hakimiyyətə boyun əyməkdənsə meydanlarda ölərəm”. “18 yaşımda artıq hüquqlarımın tapdalanmasına səsimi çıxardım. İlk 3 ildə aksiyalarda təzyiq görmədim, sonrakı zorakılıqların isə sayını itirmişəm. 22 yaşımda 2 dəfə polis saxladı, 24 yaşımda 1 illik həbs olundum. Hicabdan başlamış bütün sərbəstliklərin verilməsini tələb edirdim. 27 yaşımdan indiyə kimi ara-sıra küçələrə çıxardım. Son zamanlar isə hər gün meydandayam. Təzyiq görsəm də, davam edirəm. Yaxın qız dostumu polis öldürüb, neçəsini zindana atıblar. Mən də bugünlük, sabahlığam”, – o, Meydan TV-ə danışarkən deyib. O qeyd edib ki, illərdir davam edən etirazlardan ən alovlusu budur.
İranda qadınların etirazları təzə deyil
İranda qadın hərəkatı 19-cu əsrin sonlarında konstitusiya inqilabı zamanı qadınların küçələrə çıxması ilə başlayıb. Qadınların geyimləri isə İranda 20-ci əsrin əvvəllərindən hökumətin gündəmində olan məsələdir. Çadra ölkədə 1936-cı ilə qədər – müasir İranın atası Rza şah Pəhləvinin dövründə rəsmən qadağan edilməmişdi. 1941-ci ildə Məhəmməd Rza iqtidara gəldi. Onun dövründə ölkənin modernləşməsinin əsası qoyuldu. Tarixə “Ağ inqilab” adı ilə düşən müddətə aid olan 1963-cü ildə qadınlara səs vermək hüququ və kişilərlə eyni siyasi hüquqlar verildi. Daha sonra nikah və boşanma məsələlərini özündə ehtiva edən ailənin qorunması haqqında qanun qəbul edildi. Ailənin qorunması haqqında qanun qızların evlilik yaşlarını 13-dən 18-ə yüksəltdi. Eyni zamanda qadınların boşanma ərizəsi yazmaq hüquqlarının önünü açdı. Kişilərin evlənə biləcəyi qadınların sayı 1-ə endi. Lakin qadınların bu azadlıqlarının ömrü qısa oldu. Belə ki, 1979-cu ildə İranda Şah Məhəmməd Rza Pəhləvinin devrilməsi ilə nəticələnən İslam İnqilabı baş verdi. İnqilabdan bir ay sonra İranda qadınların hicab məcburiyyəti haqda qanun qüvvəyə mindi. İranlı qadınlar kütləvi etirazlar üçün meydana axışıb. İlk etirazlar 1979-cu il martın 8-də – Beynəlxalq Qadınlar Günündə başlayıb. Azərbaycan Feminist hərəkatının nümayəndəsi Gülnara Mehdiyeva deyir ki, 70-ci illərin sonundakı aksiyalar nəticə vermədi. Feminist fəal onu da əlavə edir ki, həmin çıxışlar istər 2014-cü ildə olan etiraz kampaniyalarına, istərsə də bugünki aksiyalara təməl olub. “2014-cü ildən İranda artıq bir kampaniya başlamışdı. “Mənim gizli azadlığım” adlanırdı. Bu kampaniyanı da Məsih Əlinejad adlı bir aktivist başlatmışdı. O, öz hicabsız fotolarını sosial şəbəkələrdə yerləşmişdi. O, çağırış etmişdi ki, digər qadınlar da şəhərin müxtəlif yerlərində, parkda, gəzəndə, küçədə və s. öz hicabsız fotolarını paylaşsınlar. Bu, çox ciddi marağa səbəb olmuşdu. 2017-ci ildə isə o, kampaniyanın adını “Bəyaz Çərşənbə”qoydu. Bu isə o demək idi ki, hər həftənin çərşənbə günü qadınlar nə isə akt eləməli idi. Hicab çıxartmaq aktı və yaxud bunu edə bilmirdilərsə, bəyaz rəngdə hicab bağlayaraq öz fotolarını paylaşmalı idilər”, – Mehdiyeva Meydan TV-ə müsahibəsində deyib. Feminist fəal indiki və keçmiş etirazların əsas oxşar cəhətinin qadın həbsləri, zorakılıqlar olduğunu düşünür. Onun fikrincə, həmin etirazlar arasındakı fərq isə əvvəllər yalnız qadınlar meydana çıxırdı. Hazırda isə kişilər də qadınların aksiyasına dəstək nümayiş etdirir. “Hələ öncəki illərdə də hicabını çıxaran, eləcə də ictimai yerdə hicabını açan qadınlara sərt cəzalar tətbiq olunurdu. Onlar 16-18 il həbs cəzasına məhkum edilirdi. Amma bu, sadə bir həbs cəzası deyildi. Onlar həbsdə valideynləri ilə danışa bilmirdi, işgəncəyə məruz qalırdı. Hətta onlara hökumət kanallarına çıxarılıb, məcbur edilirdilər ki, “baş verənlər Qərbin işidir, biz Qərbin oyununun qurbanı olmuşuq” desinlər. Avropanın təxribatına uyublar. Bəziləri anası ilə birgə həbs olunurdu. Həbs edilməyən ailə üzvlərinə də təzyiq edilirdi. Yəni bu inqilab çoxdan yetişən bir şey idi. Məhsa Əminin ölümü isə sadəcə son damla oldu”, – azərbaycanlı feminist bildirib. Sentyabrın 22-də etirazlar başlayandan qadınlar hicablarını açır, onları yandırır və saçlarını kəsirdilər. Bunun ardınca aksiyalarda “Diktatora ölüm!”, “Məhv olsun Xameneyi!” kimi şüarlar səsləndirilməyə başlanmışdı. 2017-ci ildə isə polis bildirmişdi hicab qaydasını pozan qadınları həbs etməyəcəklər. Lakin 2021-ci ilin avqustunda mühafizəkar İbrahim Rəisi prezident seçiləndən sonra vəziyyət yenə də pisləşib.
Dava təkcə hicab davası deyil
Azərbaycan Feminist hərəkatının digər fəalı Nərmin Şahmarzadə etirazların təkcə hicab ilə bağlı olmadığını xatırladır. “Bu nümayişlər, bu hərəkatın aktivləşməsi sadəcə hicaba qarşı olan bir şey deyil. Hicab ən görünən və ən bariz nümunədir ki, qadınları bununla itaət elətdirirlər. Bu, qadınlar üzərindəki hegemoniyanın simvoludur. Qadınlar da birinci o hegemoniyanın simvolunu dağıdaraq hüquqlarını tələb edirlər. Yəni bunun altında bir sıra məsələlər var. Bu rejimi devirməklə öz analıq hüquqlarını, uşaq doğmaq və ya doğmamaq hüquqlarını və yaxud da öz orientasiyaları ilə bağlı qərarları və digər şeyləri açıq formada bəyan eləməkdən çəkinməyəcəklər”, – feminist fəal deyib. “Oyanış” jurnalının baş yazarı, meydanlarda qadınların hüquqlarını da dilə gətirən güneyli fəallardan biri də Məhsa Mehdili olub. O, hazırda Türkiyədə yaşasa da, İranda baş verən hadisələri yaxından izləyir. Siyasi fəaliyyətinə görə, həbs edilən, zorakılıq görən, təqib və təzyiqlərə məruz qalan Mehdili İranı “qadınların cəhənnəmi” adlandırıb. “16 il əvvəl Güney Azərbaycanda tələbə idim. Bizə universitetə uzunboğaz çəkmə geyinməyə icazə verilmirdi. Bunlar insanlara qəribə gəlir, amma yaşamayan başa düşməz. Qışda, soyuqda, qarda topuğun yuxarısına çıxmayan ayaqqabı ilə gedirdik. Hamı birmənalı olaraq bol və qapalı geyimdə olmalı idi. 2006-2007-ci ildə olan etiraz dalğalarında iştirak edən tələbələrdən bri idim. Dəfələrlə saxlanılmışdım, polis hədə-qorxusu ilə üzbəüz qalırdım. İranda özəl həyata çox müdaxilə var. Təsəvvür edin ki, qadınlar uşaqlarına valideynlik barədə hüquqi sənəd ala bilmir. Qadının boşanmaq haqqı yoxdur. Ölkə xaricinə çıxanda mütləq ərindən sənədli icazə almalıdır. Ərinin istəmədiyi yerdə işləyə bilməz. Bundan başqa, məsələn, məhkəmələrdə 2 qadının şahidliyi 1 kişiyə bərabərdir. Qanpulu kişinin qan pulunun yarısı qədərdir. Qız uşağını atası, ya da babası öldürəndə onu edam etmirlər, həbs cəzası verilir. Halbuki eyni hal oğlan üçün baş verəndə cəzası edam olur. Uşağın varisliyi əvvəlcə atanındır, sonra atanın atasınındır, 3-cü dərəcədə ananındır. O qədər çirkin şeylər var ki. Dəhşətlidir ki, qız uşaqlarının evlənmək yaşı yoxdur. Sözdə 13 yaş deyirlər, ancaq qanunda 13 yaş altı, hətta altı yaşlıq qız uşağı olsa belə ona məhkəmə izn verə və evləndirilə bilər. Hesabatlarda 6 yaşında evləndirilən qızlar barədə çox məlumat var”, – fəal təəssüflənərək bildirir.
İrandakı qadınların səsinə səs verən də oldu, eşitməzlik edən də
Dünya liderləri və dövlət rəsmiləri rəsmi Tehranı 22 yaşlı Məhsa Əmininin hicaba görə həbsdə öldürülməsindən sonra ölkəni bürüyən etirazları dağıtdığına görə pisləyib. Prezident Co Bayden 21 sentyabr-da BMT Baş Assambleyasına müraciət edib. “Bu gün biz İranın cəsur vətəndaşlarının və cəsur qadınlarının yanındayıq. Onlar hazırda əsas hüquqlarını təmin etmək üçün birlik nümayiş etdirirlər”, – o deyib. Böyük Britaniya xarici işlər naziri Lord Tariq Əhməd qadınlar və ya İran cəmiyyətinin hər hansı digər üzvlərinin fundamental hüquqlarından istifadəsinə cavab olaraq zorakılıq ilə üzləşməsini əsassız hesab edib. Fransa dünyada qadınlara və qızlara qarşı zorakılığın bütün formaları ilə mübarizə və aradan qaldırılması üzrə ardıcıl, qətiyyətli öhdəliyini bəyan edib. İsrailin Baş naziri Yair Lapid deyib ki, iranlı gənclər rejimin buxovlarından əziyyət çəkir və mübarizə aparır, dünya isə susur. “Onlar azad həyat yaşamaq arzularının əvəzini öz həyatları ilə ödəyirlər. İran rejimi yəhudilərə, qadınlara, geylərə, Qərbə nifrət edir. Onlar Salman Rüşdi və Məhsa Əmini kimi fərqli düşünən müsəlmanlara nifrət edir və onları öldürürlər”, – Baş nazir deyib. Çili, Yunanıstan, İtaliya, İsveç kimi dövlətlər də Məhsa Əminin ölümünə reaksiya verib, İran hakimiyyətini qadınlara qarşı ədalətli davranmağa çağırıb. Kanada, Albaniya, Andorra, Avstraliya, Norveç, Fransa, Almaniya, İslandiya, Kosovo, Liviya, Lixtenşteyn və Yeni Zelandiyanın qadın nazirləri dəstək bəyanatı imzaladı. Oktyabrın 1-də İranda rejim əleyhinə etiraz aksiyalarına dəstək üçün yürüşlər, toplaşmalar start götürdü. Əfqanıstanın Kabil şəhərinin cəsur qadınları hərəkata dəstəklərini ifadə etmək üçün küçələrə çıxıblar. Bütün Avropa və Asiyada minlərlə insan etirazlara toplaşıb. Fransalı aktrisalar Marion Cotillard və Juliette Binoche İran qadınları ilə həmrəy olaraq saçlarını kəsdiriblər. ABŞ-da 2014-cü ildən iranlı qadınları hicablarını çıxarmağa çağıran “Mənim gizli azadlığım” hərəkatını quran jurnalist və fəal Məsih Əlinejad da Qərb feministlərinə və qadın liderlərə müraciət edərək, İranı daha çox dəstəkləməyə çağırıb. “Washington Post” qəzetində dərc olunan məqalədə fəal Əlinejad Fransanın keçmiş ətraf mühit naziri Seqolen Royal və Avropa Birliyinin iki keçmiş baş diplomatı, Britaniyadan Ketrin Eşton və İtaliyadan Federika Moqerini də daxil olmaqla, bir neçə qadın siyasətçinin rəsmi görüş zamanı İranda hicab taxmağa razılıq verməsindən narahat olduğunu bildirib. Sosial mediada, “Twitter”də 200 milyondan çox insana çatan “#MahsaAmini” həştəqi altında saçlarını kəsdirən yüz minlərlə qadınların fotoşəkilləri, sənət əsərləri və videoları ilə davam edən qadın qiyamına ərəb həmrəyliyi də qoşulub. Ərəb fəalları Məhsa Əmininin öldürülməsini pisləmək və iranlı qadınlarla həmrəy olduqlarını təsdiqləmək üçün küçələrə çıxıblar. Onlar “Ərəb qadınları iranlı bacıları ilə həmrəydir” devizini əsas götürüb. Tunisdə insan haqları və feminist birliklər paytaxt Tunisdə İran Mədəniyyət Mərkəzinin qarşısında iranlı qadınlara dəstək aksiyası təşkil edərək, bu aksiyada İranda qadınlara edilən zülm və zülmü pisləyiblər. Qadın etirazçılar səslənərək “Tunisli qadınlar iranlı qadınları dəstəkləyir”, “İran qadınları ilə həmrəyliyimizi ifadə etmək üçün burada”, “İnqilab və azadlıq” şüarları səsləndiriblər. Sentyabrın 27-də feminist fəallar İranda qadın hərkatına dəstək məqsədi ilə bu ölkənin Bakıdakı səfirliyinin binasının qarşısında etiraz aksiyası keçirib. Aksiya iştirakçıları “Qadınlardan əlini çək!”, “Rədd olsun əxlaq gözətçiləri”” sözləri yazılmış köynəklər geyinib. Etrazçılar əllərində tutduqları qara əmmaməni yandırmağa cəhd edib, bu zaman polis əməkdaşları buna imkan verməyib. Feminist fəal Gülnara Mehdiyeva deyir ki, aksiyanı səfirlik önündə keçirməyə icazə verməsələr də, Azad Qadın heykəli önündə istəklərinə çatıblar. “Biz simvolik olaraq molla əmmaməsini simvolizə edən əmmaməni yandırmışdıq və buna 2 dəfə cəhd elədik. Birincidə polis tərəfindən qarşısı alınmışdı, ikinci də Azad Qadın heykəli qarşısında bunu etdik. Bu da simvolik olaraq həmrəylik və bizim yerli feministlər olaraq mövqe qoymaq xarakteri daşıyırdı. Yəni bizim fikrimiz nədir, onu bildirmək istəyirdik. O, əmmamə məhz irticanı simvolizə edirdi. Daha çox dəstək olmaq lazımdır. Amma təbii ki, bizim hal-hazırda yerli feministlər olaraq resurslarımız az olduğu üçün ciddi töhfə vermək imkanımız yoxdur. Sadəcə yürüş, sadəcə həmrəyəm demək bu, bir növ formallıq xarakteri daşıyır. Təbii ki, yürüşlər də vacibdir. Amma bilmək lazımdır ki, həmin dəstəyin təsir gücü nə qədərdir. Avropa ölkələrindən daha çox dəstək gözləyirdik, hələ də İrana qarşı sərt çıxışlar ediləcəyinə ümid edirəm. Çünki bu yaxınlarda xəbər çıxdı ki, orada həbs olunan 15 minə yaxın adamı edam gözləyir. Kütləvi şəkildə 15 min insanın öldürülməsi, ibtidai dövr barbarlığıdır. Yəni axırıncı dəfə asteklər günəş Allahına 10 min adamı qurban vermişdilər. Bu qədər insanın edam edilmə ehtimalı dəhşətdir”, – Mehdiyeva Meydan TV-yə danışanda qeyd edib. Nərmin Şahmarzadə dəstək aksiyalarının daha yaradıcı olmasını istəyir. O deyir ki, dəstək aksiyalarına dövlət rəsmilərinin qoşulması daha effektli olur. “Azərbaycanda “Baku TV”nin əməkdaşı hava proqnozunda başındakı örtüyü Təbriz barədə danışarkən açır. Nəzərə alsaq ki, Azərbaycanda hicab qadağası yoxdur, həmin qadın isə hazırda İranda olanlar ilə eyni həyatı yaşamır. Ona görə də bu, mübarizəyə dəstək simvolu kimi dərin bir şey deyil. Azərbaycan hakimiyyətinin hicab və digər məsələlər ilə bağlı yanaşması İran hakimiyyətindəki kimi deyil ki, biz burada güc birləşməsini hicab və ya digər şeylər ilə edə bilək. Həmin şəxs həqiqətən hicab taxsa idi, yaxud da bizim ölkədə qadağa olsa idi, fərqli reaksiya olacaqdı. Bir burada dəstəyimizi hakimiyyətlərin – istər İran, istər Azərbaycan hakimiyyətlərinin qadınların üzərindən manipulyasiyalarına, təzyiqlərinə görə tənqid etməliyik. Müəyyən statusu olan kəslərin həmin aksiya iştirakçılarına dəstək olması ona işarədir ki, haqlarını tələb edənlər 1 qrup marjinal deyil. Həmin ölkədə dövlətdə yüksək vəzifədə olan azsaylı qadınlar, müəllimlər, həkimlər də dəstək olmalıdır. Eləcə də digər ölkələrdə olan qadınların dəstəyi də vacibdir. Məsələn, Azərbaycanda yüksək vəzifədə olan qadınların bu məsələlərə adekvat reaksiyaları olmadı. Bu da yanlış idi”, – feminist fəal vurğulayıb. Azərbaycan hökuməti İrandakı etirazlar barədə bəyanat, açıqlama verməyib. Baxmayaraq ki, İran-Azərbaycan münasibətlərində gərginlik davam edir. Oktyabr-noyabr aylarında İran Azərbaycanla, Azərbaycan isə İranla sərhəddə hərbi təlimlər keçirib. Rəsmi Tehran Şiraz şəhərində terror hadisəsi ilə bağlı Azərbaycan vətəndaşlarını saxladığını, Azərbaycanın təhlükəsizlik qurumları isə İran xüsusi xidmət orqanlarının Azərbaycanda təxribat-pozuculuq fəaliyyəti ilə əlaqəli olduğu bildirilən iki qrupu həbs etdiyini bildirib. Yalnız ölkə prezident İlham Əliyev noyabrın 25-də “İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik” deyə ictimaiyyətə bildirib. Xatırladaq ki, Güney Azərbaycanın Qəzvin şəhərində 22 yaşlı Sepehr İsmaili etiraz aksiyası zamanı öldürülüb. Amma Azərbaycan rəhbərliyindən bu barədə də hər hansı reaksiya verilməyib. İranın lideri Ayətullah Əli Xamenei bu etirazların təsirini kiçik hesab edərək, onların ABŞ, İsrail və digər xarici dövlətlər tərəfindən başladığını və qızışdırıldığını söyləyib, tənqidçilər iddianı uydurma hesab edirlər. Etiraz aksiyalarında saxlanılan, ölən, yaralananlar barədə isə rəsmi açıqlama verilmir.
Məhsa Əminiyə dəyilən hər zərbənin intiqamını almağa davam
28 yaşlı, Təbrizdə qalan, əslən azərbaycanlı xanım deyir ki, İranda hələ də Məhsa Əminiyə vurulan, dəyən hər zərbənin intiqamını almağa davam edirlər. “İlk 3 gün başını açan qadın görəndə nifrət ilə baxan polis işçilərinin önündən bu gün hicabsız keçirik. Hərəkatın aparıcı qüvvələri əslən iranlılar olsa da, Azərbaycan kökənlilər də az deyil. Polis bir neçə dəfə mənə kiçik, fiziki təzyiqlər etmişdi. Bu gün aksiyalar azalıb, olsa yəqin yenə döymək istəyərlər. Amma bu gün İranda yaşayan qadınları döymək asan deyil, biz istədiyimizə qismən çatdıq. Hökumətin təyin etdiyi müəllim, həkim işləyən qadınlar da etirazını deyir. Həm universitet, həm məktəblərdə dərsə hicabsız gəlmək adiləşib. Məktəbləri baykot edən qızlar var. Küçədə istədiyimiz geyimdə gəzib, bütün hüquqlar bərpa olunan gün tam arzumuza çatacağıq”, – o Meydan TV-yə danışarkən deyib. Digər azərbaycanlı qadın, 31 illik ömrünün 13 ilini meydanlarda olan fəal etirazçı qadınların haqq səsini boğmağa nail olmağı qeyri-mümkün sayır. “Bu gün qadınların haqları üçün səslərini boğmaq istəyirlər. Amma biz mübarizəmiz ilə onların qəddarlığını boğacağıq. Hər kəsin müasir yaşadığı dünyada keçmişdə qalmaq olmaz. Bir gün etiraz edən bütün qadınlar ölərsə, siz bizim üçün mübarizə edərsiniz”, – o qeyd edib. Həmin fəal sonda bütün qadınlara müraciət edərək “haqq üçün savaşdan qorxmayın, haqq üçün savaşanlara dəstəkdən qorxmayın” deyərək sözlərini tamamlayıb. “Mediaşəbəkə”nin dəstəyi ilə