Avropadan Azərbaycana çağırış: Media qanunu dəyişdirilməlidir - RƏSMİ BAKI HANSI ADDIMI ATACAQ?
Avropa Şurası Nazirlər Komitəsinin Strasburqda keçirilən 1451-ci görüşü başa çatıb.
DİA.AZ Toplum TV-ə istinadən xəbər verir ki, Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) qərarlarının icra durumu müzakirə olunan toplantının yekununda qətnamələr elan edilib.
3 gün davam edən iclasda Albaniya, Ermənistan, Azərbaycan, Bolqarıstan, Kipr, Fransa, Gürcüstan, Yunanıstan, Macarıstan, İtaliya, Litva, Malta, Moldova, Makedoniya, Polşa, Rumıniya, Rusiya Federasiyası, Serbiya, Türkiyə, Ukrayna və Birləşmiş Krallıqla bağlı qərarların icra durumu araşdırlıb. Toplantıda Azərbaycanla bağlı Xədicə İsmayılova, Anar Məmmədli, Elçin Namazov Qruplarına daxil olan qərarların və Sarqsyan Azərbaycana qarşı işi üzrə qərarın icra durumu müzakirə mövzusu olub.
AŞ NK bütün işlər üzrə qətnamələrini açıqlayıb.
Xədicə İsmayılova Qrupu ilə bağlı qətnamədə Azərbaycan Baş Prokurorluğunun X.İsmayılovaya qarşı törədilmiş cinayət əməllərinin araşdırılması ilə bağlı istintaqı yenidən başlatmasından məmnunluq ifadə edilib. Sənəddə vurğulanır ki, jurnalistə qarşı yol verilən əməllərin bütün motivləri araşdırlmalı, bütün şahidlər lazımi qaydada dinririlməli, bütün digər ipucları izlənilməlidir.
Qətnamədə media qanunvericiliyinin keyfiyyətinə də toxunulur, yeni qəbul edilmiş “Media haqqında” qanunun dəyişdirilməli olduğu ifadə edilir.
AŞ NK “…hakimiyyət orqanlarını … “Media haqqında” Qanunu tam şəkildə Avropa Şurasının standartlarına uyğunlaşdırmaq üçün tədbirlər görməyə dəvət edir; onları bu işdə Avropa Şurası vasitəsilə təmin edilən təcrübədən tam olaraq yararlanmağa təşviq edir”, sənəddə bildirilir. Komitə həmçinin, Azərbaycan hökumətini “Media haqqında” qanunun tələblərini, xüsusilə də jurnalistləri, media subyektlərini Media reyestrinə daxil etmək və ya daxil etməməklə vəzifələndirilmiş Medianın İnkişafı Agentliyinin tərkibi və fəaliyyət təcrübəsi haqqında məlumatlar təqdim etməyə çağırıb. Jurnalistlərə qarşı törədilmiş cimayətlərin araşdırılması, uyğun yerli məhkəmə təcrübəsinin yaxşılaşdırlması da sənəddə ifadə edilən çağırışlar arasındadır.
AŞ NK-nin digər iki qətnaməsi Məmmədov Qrupu və Namazov Qrupu üzrə çıxarıb.
Məmmədov Qrupu işi üzrə sənəddə AİHM-in Novruzlu və Əzizov Azərbaycana qarşı qərarı nəzərə alınaraq, işə Ali Məhkəmənin Plenumunda yenidən baxılmasından, ərizəçilərə qarşı cinayət ittihamlarına xitam verilməsindən məmnunluq ifadə edilib. AŞ NK hesab edib ki, bu qərarların fərdi aspektdə icrasında həll edilməmiş məsələ qalmayıb, qərarların icrasına nəzarətin qapadılmasına qərar verilib.
Komitə həmçinin vurğulayıb ki, qrup işində yerdə qalan 7 ərizəçinin (Xədicə İsmayılova, Anar Məmmədli, İntiqam Əliyev, Qiyas İbrahimov, Bayram Məmmədov, Arif və Leyla Yunus) hər birininin məhkumluqları ləğv edilməli, cinayət qeydləri silinməli və onlara qarşı irəli sürülmüş cinayət ittihamlarının bütün digər nəticələri aradan qaldırılmalı, habelə, mülki hüquqlarının tam şəkildə bərpa edilməsi təmin olunmalıdır.
Vəkillərin Azərbaycan Vəkillər Kollegiyasından xaric edilmələri ilə bağlı olan AİHM qərarlarının icrasına aid Namazov Qrupu üzrə qətnaməsində isə AŞ NK xaric edilmiş vəkillərə qarşı yol verilən pozuntuların aradan qaldırlması istənilib. AŞ NK “Hakimiyyət orqanlarını Elçin Namazov və Xalid Bağırovun təxirəsalınmadan əvvəlki durumlarının bərpa edilməsinin (restitutio in integrum) təmin olunması üçün bütün lazımi tədbirləri görməyə çağırır”, sənəddə vurğulanır.