Əkrəm Həsənov: “İranda edam cəzasının olması onların daxili işidir, Azərbaycanda da tətbiqinin tərədarıyam”


“İranda edam cəzası varsa, bu, onların daxili işidir. Burada Qərb də riyakarlıq edir. ABŞ-ın özündə edam cəzası var. 2021-ci ilin əvvəlində Trampın tərəfdarları seçkinin nəticəsinə qarşı çıxış etdilər, hamısını cəzalandırdılar. Yəni dövlətlə dövlətçilik etmək olmaz. Bəli, Azərbaycanda da edam cəzasının olmasının prinsipcə tərəfdarıyam. Elə cinayətlər var ki, müstəsna hallarda edam cəzası tətbiq edilməlidir. Xüsusi amansızlıqla adam öldürmə, cinsi zorakılıq, uşaqlara, qadınlara qarşı zorakılıq… Niyə belə cinayətkarlar həbs olunmalı, bizim hesabımıza ömrünün sonunadək yaşamalıdırlar? Cəzanın cinayətkara ədalətli verilib-verilməməsindən söhbət gedir. Azərbaycan kimi hüquqi prinsiplərdən xeyli uzaq olan dövlətdə bunu etmək olmaz. Onsuz da, hüquq mühafizə orqanlarımız, məhkəmələrimiz min cür oyundan çıxır, günahsız insanları tutur, şərləyirlər. Əksinə, cəzalanmalı olan adamlara cəza vermir, məsuliyyətdən azad edirlər. Belə bir cəmiyyətdə hələ ölüm cəzasını, edamı da tətbiq etsək, onda tam biabırçılıq olacaq...”
 
Bu sözləri Pravda.az-a tanınmış vəkil Əkrəm Həsənov İranda etirazçı Möhsün Şikarinin edam edilməsi barədə danışarkən deyib.
 
O bildirib ki, Azərbaycan nə vaxt hüquqi dövlət prinsiplərinə cavab verər, onda ölüm hökmü bərpa edilə bilər: “Bu da məhz münsiflər məhkəməsi ilə olmalıdır. ABŞ, Rusiya, İngiltərə kimi xeyli ölkədə bu tətbiq olunur. Şəxsin günahkar olub-olmadığını 12 nəfər vətəndaşdan ibarət olan tərkib müəyyən etməlidir. Bunu dövlət məmurunun, hakimin əlinə vermək olmaz. İrandakı molla rejiminin, təbii ki, əleyhinəyəm. Onların ideologiyası, metodları mənim üçün qəbuledilməzdir. Eyni zamanda bir hüquqşünas, vətəndaş, insan kimi həmişə ikili standartların da əleyhinə olmuşam. Hər bir məsələyə prinsipial yanaşmağın tərəfdarıyam. Əgər hansısa dövlətdə hakimiyyətin zorla devrilməsinin əleyhinəyiksə, eyni məsələni İrana da tətbiq etməliyik. Dövlət orqanlarına, hüquq mühafizə orqanlarına - polisə qarşı zorakılığı qəbul etmiriksə, mən bunu İranda da qəbul etmirəm. Türkiyədə 2016-cı ildə çevrilişə cəhd oldu. Biz dedik “olmaz”. Eyni münasibəti İrana da aid edirəm. Mənim üçün hüququn, qanunun, prinsiplərin aliliyi nöqteyi-nəzərindən bunun fərqi yoxdur. Biz Türkiyədə kürd separatçılığının əleyhinəyiksə, eynilə İranda da istənilən separatçılğın əleyhinəyəm. Bu, bir prinsipdir. Necə ki azərbaycanlılar İranda çoxdurlar, Türkiyədə də kürdlər çoxdur. Kürdlər də deyirdilər ki, öz dövlətçiliyimizi istəyirik, öz dilimizdə təhsil, məktəb istəyirik. Biz də deyirik ki, Türkiyə düz edir. Onda eyni məsələni İrana da aid edirəm. Bu, İranın daxili işidir. Biz buna qarışsaq, sabah öz başımızda çatlayacaq. Ona görə yox ki, İranı sevirəm, əksinə. Sabah bizdə də, Türkiyədə də eyni problem olanda deyəcəklər ki, orda demirsinizsə, niyə burda “yox” deyirsiniz…”
Tarix: 10-12-2022, 11:02
Xəbəri paylaş





Xəbər lenti