Azərbaycan nəyə hazırlaşır: referendum, Seçki Məcəlləsi…


“Hökumət demokratik açılımı başlatmaqla, daxili siyasi problemlərin həllinə çalışmalıdır”


2022-ci ilin son günlərində siyasi partiyalar haqqında yeni qanun layihəsi Azərbaycanın daxili siyasi gündəliyinin əsas mövzusuna çevrilib. Təqribən 4 aydır davam edən müzakirələr nəticəsində layihə yenidən redaktə edilib və dekabrın 6-da Milli Məclisdə ikinci oxunuşdan keçib. Mövzunu Pressklub.az üçün şərh edən Ümid Partiyasının lideri İqbal Ağazadə isə bildirib ki, belə bir qanunun qəbuluna həqiqətən ehtiyac var idi. 
“Bilirsiniz ki, ilk dəfə bu qanun 1992-ci ildə qəbul edilib. Düzdür, daha sonra ona bəzi düzəlişlər olunub, lakin indi ölkəmizdə tamamilə fərqli siyasi münasibətlər sistemi yaranıb. Xüsusilə Vətən müharibəsindən sonra formalaşan dialoq mühiti, siyasi problemlərin həllində hökumətlə müxalifətin əməkdaşlığının genişlənməsi ölkədə siyasi partiyaların çəkisini artıracaq yeni bir qanunun qəbulunu zərurətə çevirmişdi. Lakin qanunun ilkin versiyasında bəzi müddəalar bizim etirazımıza səbəb olmuşdu. Bunlar siyasi partiya təsis edilərkən təsisçinin azı 20 il Azərbaycanda davamlı yaşaması, təsisçi sayının 200 olması və digər müddəalar idi ki, onlar layihədən çıxarıldı”.
Maraqlısı ondadır ki, İqbal Ağazadə yeni qanunun qəbulundan sonra Azərbaycanda Seçki Məcəlləsinin, hətta seçki sistemin dəyişdirilməsi üçün referendum keçirilməli olduğunu söyləməklə, ölkənin siyasi gündəmini dəyişə biləcək məqamlara toxunub:
“Hazırda biz bəzi məsələlər barədə düşünməliyik. Məsələn, siyasi partiyalar haqqında qanunun qəbul edilməsində məqsəd nədir? Əgər hədəf çoxpartiyalı sistemin inkişafını təmin etməkdirsə, bu qanunun ardınca mütləq Seçki Məcəlləsində dəyişikliklər edib, majoritar sistemdən proporsional, yaxud qarışıq sistemə keçid etməliyik. Parlament seçkilərində proporsional sistemin tətbiqi Milli Məclisdə siyasi plüralizmi və siyasi rəngarəngliyi formalaşdıracaq. Ardınca bir demokratik açılım olmalıdır. Eynilə qonşu dövlətlərdə olduğu kimi, biz də referendumla siyasi sistemimizdə dəyişiklik edib, parlamentar rejimə keçidi təşkil etməliyik. Prezidentin səlahiyyətlərini azaldıb, Milli Məclisin səlahiyyətlərini artırmalıyıq. Artıq Qarabağ problemi demək olar ki, həll edilib, indi hökumət demokratik açılımı başlatmaqla, daxili siyasi problemlərin də həllinə çalışmalıdır”.
Qeyd edək ki, bir müddət əvvəl “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bu sətirlərin müəllifinə verdiyi müsahibədə Azərbaycanda yaxın müddətdə siyasi sistem dəyişikliyi ilə bağlı referendum keçiriləcəyini proqnozlaşdırmışdı. 


Tarix: 11-12-2022, 16:13
Xəbəri paylaş





Xəbər lenti