Rusiyaya Bakının notasını “qazandıran” Vardanyan - Kremlin dərs çıxarmaq zamanı


 

Erməni oliqarxın Moskvanın “desantı” olduğuna şübhə qalmadı; politoloq: “Artıq lokal antiterror əməliyyatının zamanı yetişib...”

Üçüncü aydır Qarabağda sülənən erməni oliqarx Ruben Vardanyanın məhz Rusiyanın “desantı” olduğuna şəkk-şübhə qalmadı. “Yeni Müsavat” bildirir ki, Rusiya “sülhməramlı” qüvvələrinin müvəqqəti nəzarətində olan ərazimizdə sərvətlərimizin qanunsuz istismarı və onun ekoloji fəsadları ilə bağlı Azərbaycanın ilk monitorinqinin sabotaj edilməsi buna bariz sübutdur.
Rusiyaya arxayın olan bu əbləh neçə vaxtdır anklavda ölkəmizə qarşı rahatca təxribatçı əməllərinə davam edir, məkrli planlar qurur,  “artsax ordusu”nu gücləndirməyin vacibliyindən dəm vurur, hətta Azərbaycanı hədələyir. Oyuncaq qurumun geydirmə “dövlət naziri” anklavda faktiki girov duruma düşən soydaşlarına dünənki müraciətində görün nə deyib: “Mən "artsax"ın müstəqil və erməni diyarı qalması üçün hər şeyi etməliyəm. Biz "artsax"ı insanların dinc və təhlükəsiz yaşamaq istədikləri ölkəyə (?! - red.) çevirməyincə buradan getməyəcəyəm”.
“Müstəqil artsax”, “müstəqil ölkə”... Bu yaramazın başının artıq bir gülləsi, yaxud ən azı, əllərinin qandalı çatmır. Aydın məsələdir ki, o, təkcə öz sözünü demir. Həm də rusun ağzı ilə çərənləyir, Moskvanın mövqeyini ifadə edir. Yəni “sülhməramlı” kontingentlə, onun komandanı Andrey Volkovla ələ-ələ verib demək istəyirlər ki, Qarabağın yerdə qalan hissəsinin Azərbaycanın nəzarətinə keçməsinə imkan verməyəcəyik. Bu isə açıq-aşkar bizə “əlcək” atmaq, Azərbaycana sataşmaqdır.
Qərarımız nə olacaq? Vardanyanın nazı ilə daha nə qədər oynayacağıq? Rusiyaya insidentlə bağlı nota verildi, bu öz yerində, nəticə çıxarılmasa, sonrakı addımımız nə olmalıdır?
Yada salaq, V.Putinin imzası duran 22 fevral 2022-ci il Moskva bəyannaməsinin 1-ci bəndindəcə deyilir: “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar”.
Sənədin 11-ci bənd isə daha konkretdir: “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz ərazilərində təşkilatların və şəxslərin digər tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar”.
Hanı bəs? Rusiya Vardanyanın qarşısını niyə almır? Axı bu zat məhz rus hərbi kontingentinin nəzarətindəki ərazimizdə (!) oturub Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü təhdid edir. Həm də ordu yaradacağı ilə! Rusiya tərəfi isə nəinki onu bizə təhvil vermir, heç ağzını da yummur, əksinə, Azərbaycana qarşı provokasiyalar üçün yararlanır.
Yaxud Moskva bəyannaməsinin 18-ci bəndi: “Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və SEPARATÇILIQ (seçdirmə bizimdir - red.) təhdidlərinə... eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər”.
Bakı, nəhayət, Moskva bəyannaməsini əsas götürüb hərəkətə keçəcəkmi? Rusiya necə, baş verənlərdən düzgün nəticə çıxaracaqmı?
Bundan əlavə, ilk monitorinqin əngəllənməsi nümayəndə heyətimizin təhlükəsizliyinə “sülhməramlılar”ın heç də tam zəmanət vermədiyini ortaya qoydu. O zaman növbəti dəfə nümayəndə heyətimizi öz hərbçilərimiz müşayiət edə bilərmi?

Politoloq Elxan Şahinoğlu təklif edir ki, keçmiş Laçın dəhlizi nəzarətimizə keçəndən sonra vaxtilə Ermənistandan Qarabağa çəkilən qanunsuz kommunikasiya xətləri - elektrik, qaz boru və internet xətləri nəzarətimizə keçdiyi üçün rus və erməni separatçılar monitorinqi aparmaq üçün yenə şərait yaratmazlarsa, biz də kommunikasiya xətlərində onlara problemlər yarada bilərik. Bu cür təzyiq edə bilərik. Bəs digər mütəxəssislər, analitiklər nə düşünürlər?
“Yeni Müsavat”a danışan professor Qabil Hüseynli hesab edir ki, regionda mürəkkəb şərait yaranıb. Onun sözlərinə görə, Rusiya yenə öz ampluasında iştirak edir: “Rusiya guya sülhyaratma missiyasını yerinə yetirir, amma praktikada başqa addımları görməkdəyik. Cənubi Qafqazda aranı qarışdırmaq və bölgədə qalmaq üçün əlindən gələni etməyə çalışır. Bu, çox təhlükəli siyasətdir. Əgər sülhməramlılar işini görməsə və bizim monitorinqlərə şərait yaradılmasa, digər sərt addımları atmalı olacağıq”.
Q.Hüseynlinin fikrincə, baş verənlər monitorinq aparanların təhlükəsizliyinə zəmanət olmadığını ortaya qoydu: “Ruslar bunu təmin etmir. Ona görə artıq lokal antiterror əməliyyatlarının zamanı yetişib. Biz müəyyən diplomatik danışıqlardan sonra bölgədə cəza əməliyyatlarını həyata keçirməliyik, çünki alternativ qoymurlar”.

Siyasi şərhçi Əziz Əlibəylinin sözlərinə görə, ekoloqların vasitəsilə başlanan proses uğurlu olmaqla yanaşı, bölgədə ermənilərlə ruslar arasında, Qarabağ erməniləri ilə Ermənistan arasında parçalanma doğurub: “Birincisi, Ekologiya Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Xidmətinin və "AzerGold" QSC-nin əməkdaşları Xocalıda yerləşən qərargahında Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə müzakirələr aparıblar. Müzakirələr zamanı Rusiyanın sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində “qanunsuz iqtisadi fəaliyyətin tərkib hissəsi kimi faydalı qazıntıların qeyri-qanuni istismarı” ilə bağlı narahatlıq və narazılıq ifadə olunub. Xankəndi ermənilərinin müxalifət lideri Tiqran Petrosyan sosial şəbəkədə bildirib ki, “dekabrın 10-da bir qrup Azərbaycan vətəndaşı Dağlıq Qarabağda dislokasiya olunmuş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun  müşayiəti ilə Martakert (Ağdərə - red.) rayonundakı Drmbon (Heyvəlinin azərbaycanca adı - red.) və Kaşen (azərbaycanca adı Dəmirli - red.) yataqlarına çatmağa çalışıb”. Petrosyan “hakimiyyət”dən Azərbaycan vətəndaşlarının Dağlıq Qarabağ ərazisinə necə keçə bildiyini və dövlət orqanlarının niyə buna mane olmamalarını soruşub. Maraqlıdır ki, yerli əhalinin sayəsində qarşısı kəsilən Azərbaycan nümayəndələri daha sonra Dəmirli yatağına gediblər ki, orada da qabaqlarına “DQ təhlükəsizlik şurası”nın “katibi” Vitali Balasanyan çıxıb və imkan verməyib. Maraqlıdır, mədənə daxil ola bilməsələr də, ora qədər çata bilmələri addım olaraq qondarma rejimin təməllərini sarsıdıb.
Məsələn,  “Mənim sağım” müxalifət hərəkatının və Dağlıq Qarabağ İnqilab Partiyasının lideri Artur Osipyan bildirib ki, Rusiya sülhməramlıları tərəfindən “Azərbaycanlıların Drnbon və Kaşenə qədər müşayiəti” noyabrın 9-da verilən bəyanata əməl edilməməsinin pozulmasıdır. Bütün bunlar ruslarla erməniləri üz-üzə qoyub. Məsələyə bir də bu prizmadan baxmaq lazımdır”.

Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Rusiyanın Azərbaycanın monitorinqinin qarşısını almaq üçün “mülki təxribat” törədəcəyi gözlənilən olsa da, Vardanyan səhnəsinin təşkili həm də Kremldən göndərilmiş separatçının Bakı tərəfindən erməni əhalisinin “nümayəndəsi” kimi qəbul edilməsi planında ilk praktiki addım oldu: “Ruslar bununla erməni əhalisi ilə Bakının təmaslarını dəstəkləyən, bu məsələdə "beynəlxalq mexanizm"in hazırlanmasını istəyən ABŞ-a da Vardanyanı “qanuni təmsilçisi” kimi göstərirlər. Və aydındır ki, Vardanyan bundan sonra rəsmi Bakının göndərdiyi bütün nümayəndələrin qarşısına çıxarılacaq. Hələ ki edə biləcəyimiz hər dəfə onu “ofsaytda” qoymaqla “heç kim” olduğunu göstərməkdir. Hərçənd növbəti monitorinqdə hərbçilərin, yaxud təhlükəsizlik qüvvələrinin də iştirakına ehtiyac yarana bilər, çünki bu gün baş verənlər göstərdi ki, nümayəndələrimizin təhlükəsizliyi risk altındadır və təxribatların təşkilatçısı olan sülhməramlılar buna zəmanət verə bilməz".

Politoloq Zaur Məmmədov isə hesab edir ki, Qarabağda  Vardanyanın xüsusi göstərişinə əsasən erməni təxribatçılar tərəfindən Bakıdan gələn dövlət strukturlarının nümayəndələrinin yataqlara girişlərinin qarşısının kəsilməsi separatçılara baha başa gələcək: “Necə ki, 30 il ərzində Ermənistan kimlərəsə arxayın idi və nəyəsə ümid edirdi, bu gün də eyni situasiyanın şahidiyik. Amma düşmən tərəfi anlamalıdır ki, Ermənistan münaqişəyə səbəb olan davranışından əl çəkməsə, Azərbaycan Ordusu nəinki qanunsuz silahlı erməni birləşmələrinin yerləşdiyi ərazilərdə, hətta tarixi Azərbaycan torpaqları olan Zəngəzurda, Göyçədə də lazımi tədbirlər həyata keçirəcək”.
Tarix: 13-12-2022, 09:10
Xəbəri paylaş





Xəbər lenti