Qarabağdakı FTX agenturası işə düşdü - “rus icması”nın xain “Donbas ssenarisi”


 

Qondarma “rus icması”nın sədri Aleksandr Bordov “Rusiya, bizi qoru” ritorikasına keçib; hərbi ekspert və siyasətçilər Rusiyanın planlarını pozmağın yolunu göstərdi

“Dağlıq Qarabağ”da yaşayan soydaşlar öz mülki, siyasi, sosial, iqtisadi və mədəni hüquqlarını həyata keçirməkdə, öz hüquqlarını qorumaqda Rusiyanın dəstəyinə arxalanmaq hüququna malikdirlər’’. “Yeni Müsavat” bildirir ki, bu sözləri azərbaycanlıların Şuşa-Xankəndi yolunda keçirdiyi aksiya ilə bağlı Qarabağdakı qondarma “rus icması”nın sədri Aleksandr Bordov deyib. Erməni əsilli Bordov özünün təxribatçı çıxışında ölkəmizi 10 noyabr üçtərəfli bəyanatını pozmaqda ittiham edib: “Təəssüf ki, bizim ciddi problemlərimiz var və bu, ilk növbədə, müharibədən sonrakı reallıqlara aiddir. 10.11.2020-ci il tarixli üçtərəfli atəşkəs sazişi vaxtaşırı kobud şəkildə pozulur”.
Rusiya Qarabağda sülhməramlıların müvəqqəti nəzarət zonasında “rus icması”nın yaradılması prosesinə hələ ötən ilin dekabrında başlamışdı.  Belə ki, Xankəndi və ətrafında “slavyan əsilli” şəxslərin siyahıya alınması bir ssenari idi.  Təsadüfi deyil ki, bunu separatçı rejim yox, Azərbaycan ərazisində müvəqqəti yerləşmiş Rusiya silahlı qüvvələri təşkil etdi.  Yeri gəlmişkən, A.Bordov Bakıda anadan olmuş ermənidir. O, Rusiya FTX-nin akademiyasını bitirib. A.Bordov həmçinin “Dağlıq Qarabağın rus dünyası” üzdəniraq “mədəni-maarif” layihəsinin, başqa sözlə, Azərbaycan üçün “Donbas ssenarisi”nin müəllifidir.
Erməni kilsəsinin 44 günlük müharibədən sonra da revanşistlərin tərəfində olduğu məlum faktdır. Bəllidir ki, Qarabağdakı qondarma “rus icması” sırf Moskvanın Bakıya təzyiq rıçağı kimi düşündüyü bir siyasi layihədir. Təsadüfi deyil ki, bu “icma”nın üzvlərinə Rusiya pasportları da paylanıb. Əlbəttə ki, Qarabağda heç bir legitim “rus icması”ndan söhbət gedə bilməz. Bunun üçün hər hansı qanuni zəmin, demoqrafik amillər mövcud deyil. Rusiyanın Qarabağ iqtisadi rayonu ərazisində “Rus icması” yaratması, “Rus mərkəzi” açmasının heç bir ictimai-sosial məntiqi yoxdur. Çünki Qarabağda ümumilikdə 27 min erməni yaşayır. Rusların Qarabağa köçürülməsi də mümkün deyil. Şübhəsiz ki, bunun səbəbi yalnız siyasi məqsədlərdir.
Hesab olunurdu ki, bu, “Donbas ssenarisi”nə bənzəyir. Rusiya əvvəlcə Donbasda separatçılığı dəstəklədi, bundan sonra orada yaşayanlara Rusiya pasportları payladı. Sonra isə bu bölgədəki vətəndaşlarını “qorumaq üçün” Ukraynaya hərbi müdaxilə etdi. İndi Bordovun təxribatçı bəyanatı da “Rusiya, bizi qoru” anlamına gəlir.
Qeyd edək ki, Azərbaycanda Rus İcması rəsmən qeydiyyatdadır və aktiv də fəaliyyət göstərir. Bu icmanın rəhbəri Mixail Zabelin həm də deputatdır. Bu prosesdə Azərbaycanın Rus İcmasının üzərinə də böyük iş düşür. Bordovu icmanın “qara siyahı”sına salmalı, onlardan olmadığını elan etməlidirlər. Təəssüf ki, Azərbaycanın Rus İcması Qarabağda qondarma “rus icması” layihəsi dövriyyəyə salınandan indiyə qədər hələ heç bir tutarlı reaksiya verməyib. İndi isə Bordov ermənilərin Rusiyaya güvənməsindən dəm vurur. Görünür, köhnə variantla yeni planlar ortalıqdadır.
Abxaziyada, Cənubi Osetiyada baş verənləri yada salmaq lazımdır: rus qoşunlarının ora yeridilməsinin əsas səbəbi ondan ibarət idi ki, guya Rusiya orada öz vətəndaşlarının təhlükəsizliyini təmin edir. Perspektivdə bu problem ən azı iki səbəbdən bizim üçün də yarana bilər. Birincisi, keçmiş SSRİ vətəndaşlarının Rusiya vətəndaşlığına qəbul edilməsi daha yüngülləşdirilmiş prosedur üzrə həyata keçirilir. Nəticədə, Dağlıq Qarabağda doğulmuş keçmiş SSRİ vətəndaşlarını asanlıqla Rusiya vətəndaşlığına qəbul edə bilərlər. Əslində bununla bağlı Rusiya qanunvericiliyində heç bir hüquqi əngəl yoxdur.
1989-cu il siyahıya alınmasında keçmiş DQMV-də cəmi 1922 rus yaşadığı, onun 800 nəfərini Xocavəndin Kuropatkino kəndində yaşayan molokanlar təşkil etdiyi, qalanlarının da ezam olunmuş partiya-sovet işçiləri olduğu göstərilib. 90-cı illərin əvvəlində həmin kəndin sakinlərinin bir hissəsi Azərbaycanın başqa rayonlarında yaşayan molokanların yanına köçüb, bir hissəsi də Rusiyaya. Faktiki, bugünlərdə Qarabağ sakini sayıla biləcək rusların mövcudluğu barədə heç bir informasiya yoxdur, varsa da bu, erməniyə ərə getmiş rus qadınlar ola bilər ki, onların da sayı 5-10 nəfər ola-olmaya. Və o qadınların içərisindən Qalina Somova deyilən “Rusiya diasporu”nun Qarabağdakı təmsilçisi 44 günlük müharibə başlayanda Rusiya Prezidentinə teleqram vurub kömək istəyirmiş. Görəndə ki, qondarma “rus diasporu” işini aparmaq Somovanın bacardığı iş deyil, onu Rusiya xüsusi xidmət orqanlarının akademiyasını bitirmiş hüquqşünas və yazıçı Aleksandr Bordovla əvəz etmək qərarına gəliblər. Əslən erməni olan, Bakıda doğulmuş və Zori Balayanın yaxın dostu “Qarabağın rus icmasına” rəhbərlik etməyə başlayıb.

Hərbi analitik Azad İsazadənin “Yeni Müsavat”a bildirdiyinə görə, “rus icması” süni bir ideyadır. Onun sözlərinə görə, vaxtilə Qarabağda rus kəndləri olub: “Amma hazırda yoxdur. Hətta torpaqları işğal etdikdən sonra yunanları da ərazilərdən çıxardılar. Yunanıstan səfirliyi atəş altında qalan insanları məcbur olub Mehmana kəndindən çıxardı. Eləcə də rus kəndlərindən rusları qovdular. İndi isə eyni ssenari təkrarlanır. Üstəlik, sülhməramlıların ailələrini köçürməyə çağırış edirlər. Rus əsgərlərin çoxu 18-20 yaşlıdır, onların ailəsi yoxdur, uzaqbaşı 100-150 ailə köçürülə bilər. Deməli, propoqandadır”. A.İsazadə qeyd edir ki, sadəcə, hər şeyi itirdiklərini hiss edirlər: “Ona görə sabah fransız icması, hətta Afrika icması yarada bilərlər. Ermənistanın özündə rus icması belə qalmayıb. Bizdə rus məktəbləri var, İrəvanda qadağan olunub, indi-indi Xankəndidə açmaq istəyirlər. Odur ki, işimizi davam etdirməliyik, çünki onların elədikləri ciddi bir bazası olmayan məsələdir”.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin  dediyinə görə, Rusiya işğalçı və imperialist dövlətdir: “Ona görə Cənubi Qafqazda, Qarabağ ərazisində iştahları azalmır. Ruslar imkanlarından istifadə edib Qarabağda daha uzun müddət qalmaq istəyəcəklər. Bunu çoxdan yaxşı bilirik. Sülhməramlı adı ilə Qarabağa daxil olan işğalçı ordunun məqsədi də budur. Biz ilk gündən deyirdik, indiki halda da ox yaydan çıxıb, rus qoşunları təxribat yaradır, ermənilərin tərəfindədir, balansı qorumurlar, müxtəlif bəhanələrlə bölgədə qalmaq cəhdləri göstərirlər. Ona görə Vardanyanı gətirirlər, "rus icması" yaradırlar. O baxımdan bu gün keçirilən etiraz aksiyaları tam yerindədir".
Partiya sədrinin fikrincə, qondarma qurumun olduğu ərazilərə hər kəsi buraxırlar - terrorçuları, İrandan gələn diversantları, hərbi texnikanı, amma bizi buraxmırlar, jurnalistlərin işinə imkan vermirlər: “Bizdən başqa hamı Qarabağın yuxarı hissəsinə gedə bilir. Bu səbəbdən rus qoşunları Qarabağdan rədd olub getməlidir, Laçın yoluna tam nəzarət etməliyik, bütün bu məsələlərin həllinin vaxtı çatıb. Çünki onların fəaliyyəti sülhməramlı missiyasına uyğun deyil, BMT mandatı altında yerləşməyiblər. Kəsəsi, biz yolu kəsib antiterror əməliyyatı keçirib silah qaldıran erməniləri həbs etməli, Balasanyan, Arutyunyan mühakimə olunmalıdır, qalanları çıxıb getməlidir, orada az sayda erməni qala bilər. Düşmənə güzəşt etdikcə istəkləri artır”.

ALDP sədri Fuad Əliyev “rus icması” yaradılmasını məkrli plan adlandırır. Partiya sədrinin sözlərinə görə, kor-kor, gör-gör, regionda uzunmüddətli yerləşmək üçün zəmin hazırlanır: “Biz Rusiya ilə yaxşı münasibətlərə malikik. Prezidentlər səviyyəsində yüksək etimad mövcuddur. Bakı və Moskva bir-birini addımlarında nəzərə alır. Fevralın 22-də imzalanmış strateji müttəfiqlik bəyannaməsi də əlaqələri gücləndirən sənəddir. Ancaq Qarabağ siyasətində bizi narazı salan hallar var və buna nöqtə qoymalıyıq. İlk növbədə sülhməramlı qüvvələr öz işlərini görməlidirlər, iki xalq arasında sülh yaratmağa yönəlik addım atmırlarsa, müqaviləyə xitam verməliyik. İkincisi, Qarabağın dağlıq bölgəsini anklava çevirmək, rus mərkəzi, rus icması adı ilə müxtəlif işlər görmək yolverilməzdir, rəsmi Bakı Moskva qarşısında bu məsələləri qaldırmalıdır. Yəni Bordov kimilərin hərəkətlərini onunla deyil, Rusiya ilə danışaraq dayandırmaq lazımdır. Ola bilsin ki, Rusiyada ermənipərəst dairələr, siyasi kluarlarda separatçıları dəstəkləyən güclər bu planları qururlar. Sözsüz ki, Rusiya rəhbərliyi məlumatlıdır, ancaq bu problemlər danışılmalıdır”. F.Əliyev təklif edir ki, xarici işlər nazirləri də Qarabağda “rus planları”nı müzakirə etməlidirlər: “Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini qorumağa təminat vermişik. Bordov ermənilərin Rusiyaya arxalanmasını deməklə Azərbaycanı düşmən tərəf kimi qələmə verir. Halbuki biz qondarma rejimə subyekt kimi baxmırıq, ermənilər Azərbaycan qanunlarını qəbul etməklə bizim dövlətə arxalana bilərlər”.
Emil SALAMOĞLU
Tarix: 14-12-2022, 09:43
Xəbəri paylaş





Xəbər lenti