İcra başçısı postu ləğv edilir?


Prezident İlham Əliyevin fərmanı ilə “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə əlavəyə edilən dəyişiklik edilib. Fərmana əsasən, Gənclər və İdman Nazirliyinin yerli bölmələrinin rəhbərlərini həmin mərkəzi icra hakimiyyəti orqanları ilə razılaşdıraraq yerli icra hakimiyyətinin başçısı vəzifəyə təyin və vəzifədən azad etmək səlahiyyətini itirib.
 
Bəzi xəbərlərə görə, ölkə üzrə fəaliyyət göstərən bütün icra hakimiyyətlərinə bu ilin sonuna qədər onlara tapşırılan bütün layihələri yekunlaşdıraraq hesabat vermələri tapşırılıb. Eyni zamanda növbəti ildən icra hakimiyyətlərinə yeni layihələrin verilməyəcəyi və büdcə ayrılmayacağı da bildirilir. Məlumatda həmçinin qeyd olunur ki, bu proses icra hakimiyyətlərinin yaxın zamanlarda ləğv olunmasına hesablanıb.
 
Qeyd edək ki, bir müddətdir ki, icra hakimiyyətlərinin ləğv edilməsi, böyük şəhərlərdə mer seçkilərinin keçirilməsi, bələdiyyə institutunun təkmilləşdirilməsi təkliflər sırasındadır. İcra hakimiyyətlərinin ləğv olunacağı barədə xəbərlər dövlət başçısının ötən ilin 7 iyul tarixli sərəncamı ilə yaradılmış 14 iqtisadi rayonların yaradılmasından sonra aktuallaşıb. Bildirilir ki, bu, ölkənin yeni idraəetmə modelinə keçməsi, bütün İcra hakimiyyətlərinin ləğvi prosesinə hazırlıqdır.
 
Son dövrlərdə yerli icra hakimiyyətlərinə etimad və inamın son dərəcə azalmasını həmin qurumlara rəhbərlik edən məmurların həbsində də görmək olar. Prezidentin sərəncamları ilə yerlərdə icra hakimiyyətinin başçısı təyin edilən məmurlar bu dövlət orqanlarını korrupsiya və rüşvət bataqlığına çeviriblər. Nəticədə xeyli icra başçısı həbs edilərək, dəmir barmaqlıqlar arasına göndərilib. Prezident İlham Əliyev də son çıxışlarının birində Azərbaycanda yeni idarəçilik modelinin yaradılmasına diqqət çəkib: “Mövcud regional idarəçilik sistemi Sovet İttifaqının çökməsindən sonra yaradılıb. Hesab edirəm ki, bu, o qədər də hərtərəfli düşünülməyib. İndiyə qədər 10-dan çox regional rəhbər şəxslər rüşvət, səhv idarəçilik və digər yanlış hərəkətlərə görə həbs olunublar. Təəssüf ki, bu sahə korrupsiya ilə çirklənib. Qarabağda sınaqdan keçirdiyimiz yeni sistem fərqli olacaq və düşünürəm ki, yekun sınaqlar bitəndən sonra bu sistemi Azərbaycanın digər ərazilərinə də tətbiq etmək və regionlarda dövlət idarəçiliyini təkmilləşdirmək mümkün olacaq”.
 
Yeni idarəçilik strukturunun hansı formada olacağına gəlincə, bu barədə fikirlər müxtəlifdir. Bəziləri Azərbaycanın Türkiyə modelinə keçid edəcəyini, bəziləri də fərqli bir idarəçilik mexanizminin tətbiq ediləcəyini bildirirlər. Ekspertlər hesab edirlər ki, Azərbaycanda tətbiq olunan yeni regional idarəçilik modeli, Türkiyədə artıq illərin sınağından çıxmış mərkəzi hakimiyyəti yerlərdə təmsil edən valilik sisteminə çox bənzəyir
İqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanda icra hakimiyyəti orqanlarının həm nüfuzunun, həm işləmə prinsiplərinin gözdən düşdüyü faktdır: “Onları ölkə Prezidenti də dəfələrlə tənqid edib, ictimai rəydə də belə bir fikir formalaşıb ki, rayon icra hakimiyyətləri institutu  köhnəlib, müsbət effekt vermir. İdrarəetmənin yeni bir formasına keçidin artıq zamanı yetişib. Lakin bunun üçün də konstitusion islahatlar lazımdır. Əgər icra hakimiyyətləri ləğv ediləcəksə, onların seçkili orqanlarla əvəz olunması gündəmə gəlməlidir. Böyük şəhər bələdiyyələrinin yaradılması, mer institutunun formalaşdırılmasına, 14 iqtisadi rayonun inzibati ərazi vahidinə çevrilməsi və rayonların təmərküzləşməsi doğru addımlar olardı. Ümid edək ki, gələn il məhz konstitusiya islahatları ilə bağlı referendumun gündəmə gəlməsi və referendumlar vasitəsilə bu problemlərin həlli mümkün ola bilər”.
 
Ekspert Əli Orucov isə bildirdi ki, yerli icra hakimiyyətlərinin bugünkü işi idarəetmə sisteminin bu həlqəsində geniş islahatlara ehtiyac olduğunu göstərir: “Onlar hətta seçkili qurum olan bələdiyyələrin az-çox mövcud olan səlahiyyətlərini də mənimsəyirlər.  Nəticə etibarı ilə belə yanaşmalar və sərt inzibatçılıq həmin bölgələrin, ümumilikdə isə ölkənin inkişafına əngəl törədir. Hesab edirəm ki Prezidentin yerlərdə nazirliklərin struktur bölmələrinin təyinində icra hakimiyyətləri ilə razılaşmanın ləğv edilməsi doğru addımdır. Əslində yerli özünüidarəetmə orqanlarının fəaliyyətlərinin və funksiyalarının  genişləndirilməsi çox aktualdır. Prezidentin işğaldan azad olunmuş ərazilərdə yeni modelin tətbiqi, məncə, pilot layihə kimi uğurludur. Tədricən ərazi idarə etmə orqanları üzrə idarəçiliyi yeniləmək yeni metodologiya keçirmək dövrün tələbidir. Eyni zamanda inzibatı ərazi bölgüsünü də yığcamlaşdırmaq  lazımdır. Bu həm də büdcə yükünü azaldar. Azərbaycan bir sıra sahələrdə Türkiyə təcrübəsindən bəhrələnir. Yerli idarəetməni də Türkiyə variantında yenidən formalaşdırmaq çox faydalı olardı. Bildiyiniz kimi, Türkiyədə bələdiyyələrin geniş funksiyaları və işlək mexanizmləri var. Onlar xalqın qarşısında hesabatlı olduğundan özlərində ciddi məsuliyyət və ictimai nəzarəti hiss edirlər. Lakin Azərbaycanda icra başçıları Prezident qarşısında hesabatlı olduqlarından çoxlu qüsurlara yol verirlər və əksəriyyəti də özünü xalqdan aralı salıb. Sanki müstəsna personadır. Doğrudur son dövrlər müəyyən dəyişikliklər var. Ancaq bu, fərdi yanaşmadan asılı  olduğundan ümumi nəticəyə təsir göstərmir. Düşünürəm ki, ərazi  idarəetmə yenidən dizayn edilməlidir. Çünki köhnəlib və faydalılığını itirib”.
 
Ə.Orucov qeyd etdi ki, Prezidentin 7 iyul 2021-ci il tarixli sərəncamı ilə 14 iqtisadi rayonun yaradılmasını  icra hakimiyyətlərinin ləğvinin başlanğıcı hesab etmək olar: “Son vaxtlar yerli icra hakimiyyətlərinə etimad və inamın son dərəcə azalmasını həmin qurumlara rəhbərlik edən məmurların həbsində də  görmək olar. Xeyli icra başçısı həbs edilərək, dəmir barmaqlıqlar arasına göndərilib. Yerli icra hakimiyyətlərinin bugünkü işi onu göstərir ki, idarəetmə sisteminin bu həlqəsində geniş islahatlara ehtiyac var. Son vaxtlar rayon icra hakimiyyətlərinin tabeliyindəki qurumların ard-arda ləğv edilməsi düzgün addımdır. Ötən bir neçə il ərzində kommunal, rabitə, mədəniyyət, ekologiya, təhsil, sosial və s. sahələr üzrə rayonlardakı mövcud dövlət qurumlarının hamısı ləğv edilib. Hazırda bu dövlət qurumlarının rayonlarda yalnız kiçik bir şöbələri qalıb, əvəzində isə yeni regional idarələr formalaşdırılıb. Yaxın zamanlarda ölkədə yeni idarəetmə modelinə keçidi, bütün icra hakimiyyətlərinin ləğvi və icra başçılarının azad olunmasını, əvəzində isə Prezidentin 7 iyul 2021-ci il tarixli sərəncamı ilə yaradılmış 14 iqtisadi rayon üzrə 14 regional icra başçısının təyin ediləcəyi arzuolunandır. Dövlət başçısı bu yaxınlarda bildirmişdi ki, Qarabağda sınaqdan keçirdiyimiz yeni sistem fərqli olacaq və yekun sınaqlar bitəndən sonra bu sistemi Azərbaycanın digər ərazilərinə də tətbiq etmək və regionlarda dövlət idarəçiliyini təkmilləşdirmək mümkün olacaq. Bütün sahələrdə olduğu kimi, idarəetmə strukturlarında da islahatın həyata keçirilməsi zamanın tələbidir”.
Tarix: 14-12-2022, 10:09
Xəbəri paylaş





Xəbər lenti