Hakimiyyət həvəsində olan Talıbov, dindirilən naxçıvanlılar, yeni qərarlar...
Naxçıvan MR rəhbəri Vasif Talıbovun Bakıda olması barədə məlumat yayılıb. Bu barədə ilk məlumatı “AzPolitika.info” saytı yayıb. Saytın qaynağı MR-dəki etibarlı mənbədir. Sayt yazır ki, V.Talıbovun Bakıda kiminlə görüşəcəyi, nə məqsədlə gəldiyi haqda dəqiq məlumat yoxdur. Amma şübhəsiz ki, onun Bakıya gəlişi MR-dəki “fırtına” ilə bağlıdır. İstisna deyil ki, V.Talıbov Naxçıvana dair qərarlarla bağlı məlumatlandırılacaq.
Qeyd edək ki, Naxçıvanın bundan sonrakı idarəçiliyi ilə bağlı ciddi qərarların qəbul olunduğu haqda məlumatlar var. Bu qərarların yaxın günlərdə elan olunacağı gözlənilir.
Jurnalist Heydər Oğuz hesab edir ki, V.Talıbov Bakıya könüllü gəlməyib: “Onu dövlət ərkanına uyğun gətiriblər. O, istefa verə bilməz. Qaçmaq istəsə, təyyarə ilə İrana, Ermənistana, Rusiyaya gedə bilər. İslahatlar məxfi qaçış yollarının istifadə oluna biləcəyi orqanlardan başladı. Bu, təsadüfi deyildi. Onu harada dindirirlər, yaxud dindirirlərmi, bu barədə məlumatım yoxdur. Proseslərə bələd olan hər kəs bilir ki, rus sülh məramlılarının Qarabağa gətirilməsi Vasif Talıbovun işidir, xəyanətdir. Buna görə ona ən böyük cəza verilməlidir. Sözsüz ki, bunu araşdırmaq hüquq-mühafizə orqanlarının işidir. Həbs edilənlər Vasif Talıbov əleyhinə ifadə veriblər. Yeyintilər barədə rəsmi məlumatın verilməməsi ictimaiyyəti nəzərə almaqla bağlıdır. Hər biri təxminən yarım milyonluq yeyintiyə yol verib. Məndə olan məlumata görə, Rza Talıbovun Bakıdakı obyektlərində yoxlamalar başlanıb. Pulun kimlərə verildiyi bir-bir açıqlanır. Yeyintilər bank hesabları vasitəsilə aparılmırdı, pulu kisələrlə daşıyırdılar. Ən azı separatizmə meyl etdiyinə, Naxçıvanı Azərbaycandan ayırmağa cəhd etdiyinə görə Vasif Talıbova vətənə xəyanət ittihamı irəli sürülə bilər. Qızıl dükanları bağlandıqdan sonra Naxçıvandan təyyarə qalxdı. Nə var idi o təyyarədə? Talıbovların çox böyük qızıl sərvəti var. Onlar satılmaq üçün yox, çirkli pulların yuyulması üçün alınır. 2 milyon dollarlıq üzük var idi. Kimdir o qiymətə üzük alan? Təbii ki, məqsəd qızılları xarici ölkələrdə sərmayə kimi istifadə etmək idi. Naxçıvandan uçan təyyarədə bu qızıllar ola bilərdi. Ümumiyyətlə, maliyyə hesabatlarının hamısını gizlədiblər”.
H.Oğuz həmçinin iddia edir ki, V.Talıbov Rusiyanın agenti idi: “Hələ də rus hər an qayıda bilər düşüncəsi var. Təsəvvür edin ki, "5-ci kolon" V.Talıbovu hakimiyyətə gətirmək istəyib. O, ən önəmli namizədlərdən biri idi. Naxçıvan və Qarabağda eyni anda proseslərin baş verməsi təsadüfi deyil. Azərbaycanın müstəqillik yolunda irəliləməsinin qarşısını almaq üçün bu iki bölgədə vəziyyətə müdaxilə edilirdi. Qarabağın bir ayağı da Naxçıvandır. V.Talıbov bu illər ərzində kommunikasiyalardan danışıb, amma bir dəfə də olsun Zəngəzur dəhlizi ifadəsini işlətməyib. Yeri gəlmişkən, Talıbov əleyhinə ifadə verən vətəndaşlar qorxudulur. Naxçıvandakı şikayətçilər DTX-ya müraciət etsələr, yaxşı olar. Hesab edirəm ki, Talıbovun dövrü bitib. Naxçıvanda heç bir dövlət idarəsində Azərbaycan Respublikası adı yazılmayıb. Naxçıvan da Qarabağ kimi Azərbaycanlaşdırılmalıdır".
Siam.az bildirir ki, tədqiqatçı-jurnalist Tural Səfərov “Yeni Müsavat”a mövzunu belə şərh etdi: “Naxçıvanda gedən proseslər ölkə gündəminin ən aktual mövzusuna çevrilib. Dövlət Təhlükəsizliyi Xidmətinin muxtar respublikada keçirdiyi əməliyyatlardan sonra silsilə həbslər oldu. Bilirsiniz ki, indiyədək Naxçıvanın ləğv edilmiş Dövlət Gömrük Komitəsinin şöbə rəisi Mənsur Əsgərov, muxtar respublikanın maliyyə naziri Rafael Əliyev və Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov həbs edilib. Bu şəxslərin 500 milyon manata yaxın vəsaiti mənimsədiyi açıqlanıb. Bu, çox ciddi rəqəmdir. Əlbəttə ki, bu qədər vəsaiti həbs edilən adamların tək mənimsəməsini düşünmək sadəlövhlük olar. Araşdırmalar dərinləşdirildikcə, daha ciddi faktlar, böyük məbləğlər ortaya çıxacaq. Reallıq budur ki, uzun illərdir, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun yaxın ətrafına məxsus şirkətlər həm vergidən yayınıblar, həm də bu şirkətlərin Naxçıvana idxal etdiyi məhsullardan gömrük rüsumu alınmayıb. Bundan başqa, Naxçıvana ayrılan dotasiyadan tikinti-quruculuq işləri üçün nəzərdə tutulan vəsaitlər də mənimsənilib. Yəni ya nəzarətsizlikdən, ya da bilərəkdən məqsədli şəkildə Vasif Talıbov Azərbaycanın dövlət büdcəsinə milyardlarla manat ziyan vurub. Hər iki halda məsuliyyəti məhz Vasif Talıbov daşıyır. Ona görə də onun istefası labüddür. Hadisələrin bundan sonrakı inkişafı necə olacaq, bu barədə dəqiq proqnoz vermək çətindir. Hesab edirəm ki, Azərbaycan dövləti bu qədər qanunsuzluqları etmiş adamları mütləq cəzalandıracaq”.
T.Səfərov proseslərin gedişatı ilə bağlı bunları dedi: “Fikrimcə, Vasif Talıbovun Naxçıvan rəhbərliyindən uzaqlaşdırılması həlli vacib məsələyə çevrilmişdi. Zəngəzur dəhlizinin açılmasından sonra muxtar respublika logistik mərkəzə çevriləcək. Azərbaycanın əsas hissəsi ilə quru əlaqəsinin təmin edilməsi Naxçıvanın iqtisadi inkişafına təkan verəcək, bölgəyə investisiya qoyuluşunu stimullaşdıracaq, yeni istehsal müəssisələrinin yaradılmasına, əlavə iş yerlərinin açılmasına səbəb olacaq. Vasif Talıbov kimi bir despotun logistik mərkəzə çevriləcək Naxçıvana rəhbərlik etməsi Azərbaycan dövlətinin planlarını poza bilərdi. 27 illik korrupsiya, mənimsəmə "təcrübəsi" olan, hər zaman bölgəni qapalı formada idarə edən Vasif Talıbovun dünyaya açılan Naxçıvanda görülən işləri sabotaj etməyəcəyinə, ölkəmizə yaraşmayan hərəkətlərə yol verməyəcəyinə heç kim zəmanət verə bilməzdi. Ona görə də yeni dövrün Naxçıvanına müasir düşüncəli, yüksək iqtisadi biliklərə malik, despotizmdən uzaq, bölgəyə investisiya cəlb edilməsində maraqlı olan, öz cibini və sərvətinin artırılmasını deyil, dövlətini düşünən yeni rəhbər lazımdır. Naxçıvan Konstitusiyasına görə, Ali Məclisin sədri istefa verdikdə, yaxud öz vəzifələrini icra edə bilmədikdə Ali Məclisə sədrin birinci müavini, o da olmadıqda müavini rəhbərlik etməlidir. Hazırda Ali Məclis sədrinin iki müavin vəzifəsi vardır. Birinci müavin Azər Zeynalov hazırda Ali Məclisdə çalışır. Digər müavin vəzifəsi isə boşdur. Yəni Vasif Talıbovdan sonra Naxçıvana Azər Zeynalov rəhbərlik etməlidir. Gənc yaşlarından Vasif Talıbovun yanında çalışan, onun bütün qeyri-qanuni göstərişlərini icra edən, Naxçıvanda korrupsiya mexanizminin “qara qutusu” olan Azər Zeynalovun o vəzifədə qalması doğru deyil. Vasif Talıbovla bərabər o da istefa verməli və cəzalandırılmalıdır. Naxçıvan Ali Məclisinin 45 deputatı var. Həmin deputatlar içərisində dövlətimizə sədaqətli olan insanlar çoxdur. Müvəqqəti olaraq, onlardan biri Ali Məclisə rəhbərlik funksiyasını öz üzərinə götürə bilər. Yəqin ki, növbəti mərhələdə Naxçıvanın muxtariyyət statusuna yenidən baxılacaq, o zaman da Ali Məclisə ehtiyac olmayacaq. Vasif Talıbovdan sonra muxtar respublikada aparılan araşdırmaları dərinləşdirmək, hakimiyyətin nəzarətini gücləndirmək üçün Prezidentin Naxçıvan üzrə xüsusi nümayəndəsinin təyin edilməsi arzuolunandır. Sizə deyim ki, muxtar respublika sakinlərinin də gözləntiləri bu yöndədir.
Hesab edirəm ki, Naxçıvandakı bütün nazirlik və komitələr ləğv edilərək Azərbaycanın mərkəzi icra hakimiyyəti orqanlarına birləşdirilməlidir. Proseslər ona doğru gedir. Artıq Naxçıvanın Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsi ləğv edilərək baş idarələr yaradılıb. Düşünürəm ki, Naxçıvandakı digər müstəqil dövlət orqanlarında da bu cür islahatlar aparılacaq. Naxçıvanda müstəqil dövlət üçün lazım olan bütün strukturlar yaradılmışdı, muxtar respublika Azərbaycandan qoparılmışdı. Sevinirəm ki, dövlətimiz vaxtında müdaxilə etdi. Naxçıvan artıq Vasif Talıbov rejimindən xilas olunur. Biz bu gün artıq rahatlıqla “Naxçıvan Azərbaycandır” deyə bilirik".