Üç Türk lider bölgənin iqtisadi xəritəsini dəyişir: ABŞ-ın narazı qaldığı məqam
Prezident İlham Əliyevin Türkmənistana səfəri başa çatdı. Səfər bir çox baxımdan diqqət çəksə də başlıca məqam Türkmənbaşı şəhərində prezidentlər İlham Əliyevin, Rəcəb Tayyib Ərdoğanın və Sərdar Berdiməhəmmədovun geniş tərkibdə görüşü və görüşdən sonra imzalanan Azərbaycan-Türkiyə-Türkmənistan sənədləri oldu: Birincisi, imzalanan sənədlərə əsasən üç ölkə arasında administrativ və viza prosedurlarının sadələşdirilməsinə qərar verildi. İkincisi, avtodaşıyıcılar üçün səmərəli şəraitin yaradılması istiqamətində işlərin görüləcəyi bildirildi. Üçüncüsü, energetika sahəsində əməkdaşlıq inkişaf etdiriləcək. Dördüncüsü, Türkmənistan qazı Azərbaycan və Türkiyə vasitəsilə Avropa ölkəsinə ixrac ediləcək. Zəngəzur dəhlizi bu tarixdə hazır olacaq Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin geniş tərkibdə görüşündə çıxışı zamanı deyib: “Hazırda Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuluq. Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq”. Göründüyü kimi, baş verən bütün proseslərə baxmayaraq, rəsmi Bakı Zəngəzur dəhlizinin açılması istiqamətində qərarlı mövqeyindən bir addım da olsun geri çəkilməyib. Əksinə, ölkə başçısı açıq şəkildə bütün işlərin 2024-cü ildə tamamlanacağını elan edir. Bu həm də dəhlizin həmin tarixdə açılması deməkdir. Vaşinqtonu narazı salan məqam ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid deyib ki, ABŞ Türkmənistan qazının Azərbaycana çatdırılmasının dəstəkləməyin mümkün yollarını araşdırır. K.Donfridin sözləri onu deməyə əsas verir ki, rəsmi Vaşinqton Türkmənbaşı şəhərində prezidentlər İlham Əliyevin, Rəcəb Tayyib Ərdoğanın və Sərdar Berdiməhəmmədovun geniş tərkibdə görüşündən sonra imzalanan Azərbaycan-Türkiyə-Türkmənistan sənədlərindən böyük ölçüdə razıdır, lakin narazı qaldığı məqam da var. Məsələ ondadır ki, ABŞ qeyri-Rusiya təbii qazının əlçatanlığını artırmaq üçün Türkmənistan qazının Azərbaycana çatdırılmasını dəstəkləyir. Lakin Azərbaycanla Türkmənistan arasında istər bundan əvvəlki, istərsə də imzalanan yeni anlaşmalara görə, Türkmənistan mavi yanacağı İran vasitəsilə mübadilə formasında Azərbaycana, buradan isə Avropaya nəql edilir. Müqaviləyə görə, illik iki milyard kubmetrədək qazın mübadiləsi nəzərdə tutulur. Yeni anlaşmalar ilə bu həcmin artırılması nəzərdə tutulur. Vaşinqtonu narazı salan məqam isə türkmən qazının İran vasitəsilə mübadilə formasında Azərbaycan çatdırılmasıdır. Vaşinqton heç bir halda Tehranın prosesdə iştirak etməsini istəmir. K.Donfridin “ABŞ Türkmənistan qazının Azərbaycana çatdırılmasının dəstəkləməyin mümkün yollarını araşdırır” sözləri də bunu təsdiqləyir. Əslində bu məqam belə özlüyündə Bakının əlini gücləndirir. Məsələ ondadır ki, Türkmənistan və digər Orta Asya respublikalarının yanacağının Avropaya nəqli ya Rusiya üzərindən, ya da İran ərazisindən mübadilə yolu ilə mümkündür. Bu prosesin ikinci bir ölkə olmadan baş verməsi üçün Orta Asiyanı Qafqaza bağlayacaq “Transxəzər” boru xətinin ərsəyə gəlməsinə ehtiyac var. Bu layihənin ərsəyə gəlməsindəki başlıca maneə isə şübhəsiz, Rusiyadır. Bakı Vaşinqtonun siyasi dəstəyi ilə “Transxəzər” boru xəttinin çəkilməsi istiqamətində Kremlin süni maneələri və təzyiqlərini bloklaya bilər. Əgər bu baş versə, həm Avropaya mavi qaz nəqlinin həcmi artar, həm də rəsmi Bakı regionun başlıca enerji daşıyıcısı ölkə halına gələ bilər.
Müəllif: Politoloq Turan Rzayev,
Siam.az
Tarix: 15-12-2022, 15:04