Professor: “Vardanyan Volkovla qardaşyana siyasət aparır, amma...”

Professor: “Vardanyan Volkovla qardaşyana siyasət aparır, amma...”
Əli Abbasov

“Əslində Laçın yolu ilə Zəngəzurdan keçəcək kommunikasiya məsələsi eyni götürülməlidir. Bunlar haradasa bir-birinin alternatividir. Amma problem ondadır ki, Moskvadan Xankəndiyə göndərilən Ruben Vardanyan Qarabağı həm Azərbaycanın, həm də Ermənistanın təsirindən çıxararaq birbaşa Rusiyaya bağlamaq layihəsini icra edir. Mən hesab edirəm ki, bu, ayrıca bir oyundur. Bu, oyun birbaşa Azərbaycana qarşı olduğu üçün reallaşmasına imkan vermək olmaz. Bu oyun həm də Paşinyan və Ermənistana qarşıdır. Vardanyan sülhməramlı kontingentin komandanı Volkovla qardaşyana siyasət aparır. Amma güclərinin olmadığı açıq görünür”.

Bunu Qarabağın dağlıq hissəsində yaranmış vəziyyəti Reyting.az-a şərh edərkən professor Əli Abbasov deyib.

Ə. Abbasov bildirib ki, gələcəkdə Azərbaycan, Ermənistan və Gürcüstan liderlərinin görüşəcəyi haqda fikirlər səslənir: “Ehtimal edirəm ki, həmin görüşdə hansısa qərar verilə bilər. Açığı, belə bir görüş olsa, deməli, imkanlar yaranır ki, üçüncü tərəfin iştirakı olmadan Azərbaycan və Ermənistan müzakirələr apara bilsin”.

Professor xatırladıb ki, Azərbaycanın QHT fəalları Laçın-Şuşa yolunda aksiya keçirir və nəticədə yol bağlanıb: “Mən hesab edirəm ki, bu, olduqca yaxşı və düşünülmüş aksiyadır. Əslində bunu çoxdan etmək lazım idi. Nümayiş etdirmək lazımdır ki, Azərbaycanın imkanları çoxdur, sadəcə, ondan istifadə etmir. Yəni bu aksiya göstərir ki, Azərbaycanın imkan və alətləri kifayət qədərdir. Əlbəttə, bu baxımdan Laçın olduqca əhəmiyyətlidir. Məsələ sadədir, ermənilər Zəngəzur dəhlizini hansı formada qəbul edirsə, biz də o formada cavab veririk”.

Aksiyanın nəticəsinə gəldikdə, Ə. Abbasov deyib ki, bu, ümumi proseslərdən asılıdır: “Mənim fikrimcə, aksiya davam etməlidir. Amma aydındır ki, prosesi soyuq qışda aparmaq çətin olacaq. Bu mənada məsələ həll edilməlidir. Yolun bağlanması həm də psixoloji təzyiqdir. Onlar ya yolun bağlanmasına razı olmalıdır, ya da hansısa malların Azərbaycandan ora daxil olmasına razılıq verilməlidirlər”.

Professor sonda diqqətə çatdırıb ki, vaxtilə Şuşa-Laçın yolu ilə Azərbaycana qarşı silah-sursat daşınıb, terrorçular gedib-gəliblər. Odur ki, aksiya davam etməlidir və sonda siyasi qərar verilməlidir.
Tarix: 16-12-2022, 16:13
Xəbəri paylaş





Xəbər lenti