Tehran və İrəvanın Bakıya qarşı odla oyunu - İranın “Laçın yolu” gözləntisi


 

Qafqazda nüfuzunu itirən Tehran sülh müqaviləsini əngəlləməyə çalışır; Qarabağdakı müştərək “bazar” bağlanır; erməni ekspert: “Azərbaycan indi 90-cı illərin Azərbaycanı deyil, o dövrlər keçdi...”

Laçın yolunda Azərbaycanın haqlı tələblərindən doğan etiraz aksiyasını, şübhəsiz, Ermənistanın dost-simsarı İran da diqqətlə izləyir. Çünki tələblər ən əvvəl Ermənistanın 10 noyabr (2020) kapitulyasiya aktını üçüncü ildir kobud şəkildə pozması ilə bağlıdır. Söhbət xüsusən də sənədin 4-cü, 6-cı və 9-cu bəndləri ilə bağlıdır.
4-cü bəndə görə, erməni qanunsuz silahlı dəstələri Qarabağdan çoxdan - Rusiya “sülhməramlı” kontingenti orada yerləşən kimi çıxarılmalı idi. Çıxarılmayıb. Əksinə, onların özlərini daha rahat hiss eləməsi və yeni silahlar almasına dair çoxsaylı ciddi faktlar var.
6-cı bəndə görə, Laçın yolu sırf humanitar məqsədlər üçün fəaliyyət göstərməli olduğu halda, oradan ermənilər üçün nə istəyir keçirirlər. O cümlədən silah-sursat, mina qurğuları. Hətta bəlli oldu ki, iranlı diversantlar da həmin yoldan az qala, öz ölkələrinin ərazisi kimi istifadə edirlər.
Nəhayət, 9-cu bəndin tələbinə zidd olaraq, Ermənistan hələ də Naxçıvanla Azərbaycanın materik hissəsinin birbaşa və maneəsiz əlaqəsini yaradacaq Zəngəzur dəhlizini təmin etməyib. Hansı ki, bu da İranın həssas yanaşdığı məsələdir.

Azərbaycan dövləti isə haqlı olaraq, Ermənistanın, “sülhməramlı” kontingentin və eləcə də İranın ərazi bütövlüyümüzə və suverenliyimizə açıq təhdid xarakterli bütün bu kimi təhlükəli oyunları və özbaşınalıqlarına son vermək, “üçlü bazarı” bağlamaq qərarına gəlib. Şübhə yox ki, Laçın-Xankəndi yolundakı aksiya bu prosesin yalnız başlanğıcıdır.
Bu mənada İranın hadisələri diqqətlə izləməsi təbiidir. Düzdür, hələlik rəsmi Moskva kimi rəsmi Tehran da baş verənlərlə bağlı əsasən gözləmə mövqeyi tutur. Ancaq bu da faktdır ki, İran hakimiyyətinə yaxın KİV-lər aksiyaya münasibətdə məhz ermənilərin mövqeyini ifadə edən mövqe tutub və Azərbaycanı haqsız sayır.
Təbiidir, ona görə ki, cənubdakı yalançı “islam rejimi” Türk-Turan birliyinə qarşı yeganə əngəl, müttəfiq qismində gördüyü Ermənistanın daha cılız duruma düşməsi və ayaqaltı olmasını, Zəngəzur dəhlizinin açılmasını istəmir. Əfsus ki, bu məsələdə onunla xeyli dərəcədə Rusiya da əlbir kimi görünür. O Rusiya ki, neçə vaxtdır İranla Ukraynaya qarşı geniş hərbi əməkdaşlıq içindədir. Moskva Tehrandan zərbə dronları, uzaqmənzilli raketlər almağa davam edir. Təbii ki, havayı yox, nəyinsə qarşılığında. Nəyin? Onu da tezliklə biləcəyik.
Tehran “izqoy” Ermənistandan da öz “səxavət”ini əsirgəmir. Az öncə onun kapitulyant ölkəyə 600-ə yaxın raket “hədiyyə eləməsi” faktı buna bariz sübutdur. İrəvanın İrandan həmçinin zərbə dronları almaq istəməsi isə təzə xəbər deyil. Bunu İran rəsmi dairələri baş nazir Nikol Paşinyanın axırıncı İran səfəri fonunda təsdiqləyib. Bu ilin oktyabrında isə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş komandanı və İranın Ali Rəhbərinin baş hərbi köməkçisi general-mayor Yəhya Rəhim Səfəvi bildirmişdi ki, təxminən 22 ölkə İran istehsalı olan hərbi pilotsuz təyyarələrin alınması üçün rəsmi müraciət edib və onların arasında Ermənistan da var.

Dünən Türkiyənin “Milliyet” qəzeti də Ermənistanın İrandan pilotsuz uçuş aparatları (PUA) ala biləcəyi haqda yazıb. Bu barədə “İran Ermənistana pilotsuz təyyarələr sata bilər: Qafqazda odla oyun” başlıqlı məqalədə deyilir.
“İran Cənubi Qafqazda nüfuzunun itirilməsi ilə üz-üzədir və Ermənistanı həvəsləndirməklə Bakı ilə İrəvan arasında sülh danışıqlarının qarşısını almağa çalışır. Tehran rejimi Zəngəzur dəhlizi layihəsi ilə bağlı narahatlığını heç vaxt gizlətməyib. Hansı ki, Azərbaycanla Naxçıvan arasında birbaşa əlaqə yarada biləcək”, - nəşr vurğulayıb.
Məqalədə həmçinin azərbaycanlı analitik Fuad Şahbazovun fikirlərinə də yer verilib. Ekspertə görə, İran Türkiyə-Azərbaycan oxunu pozmaq üçün böyük ehtimalla, Ermənistana “Şahed-136 PUA-ları” tədarük edəcək.
Sözsüz ki, Azərbaycan da yerində saymır. Əlbəttə ki, Azərbaycan və Türkiyə, hətta İsrail baş verənlərə seyrçi deyil və hərbi əməkdaşlıqla bağlı strategiyaya müvafiq düzəlişlər edirlər, edəcəklər də. Ən əsası, Türkiyə (NATO) ordu sisteminə keçidi başa çatdırmaqda olan imkanlı Azərbaycan dövləti kapitulyant ölkənin silahlanma yarışında nəinki qabağa çıxmasına heç vaxt imkan verməyəcək, ümumiyyətlə, Tehran və Moskvanın istəklərinə və planlarına rəğmən, Ermənistan üzərində əzici hərbi və iqtisadi üstünlüyünü bütün parametrlər üzrə saxlayacaq. Buna xüsusən də Tehran və Moskvada şəkk-şübhə olmamalıdır!
Ağlını itirməyən erməni analitiklər də artıq bu gerçəyi etiraf eləməkdədirlər.
“Mən azərbaycanlıların tələbləri yerinə yetirilmədən Artsaxı Ermənistanla birləşdirən yolun açılmasını istisna edirəm. Ya azərbaycanlılar planlaşdırdıqlarının minimumuna nail olacaqlar, ya da heç olmasa erməni tərəfinin bu və ya digər müddətə bu tələbləri yerinə yetirəcəyinə dair vəd alacaqlar. Güc və təşəbbüs onların tərəfindədir. Onlar öz tələblərindən imtina etməyəcəklər”.
 
“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri erməni mediasına müsahibəsində analitik Arqişti Kiviryan bildirib.
“Bu, Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən həyata keçirilən (?! - red.) diqqətlə planlaşdırılmış və rol bölgüsünə əsaslanan xüsusi əməliyyatdır. Onlar öz məqsədləri haqda açıq danışırlar: birincisi, "Zəngəzur dəhlizi" adlandırdıqları koridoru erməni tərəfdən qoparmaq, ikincisi, Artsax məsələsini Azərbaycanın daxili işi kimi təqdim edəcək sülh sazişinin imzalanmasına, ən azından Laçın dəhlizi və mədənlər üzərində nəzarətə nail olmaq. Hazırda azərbaycanlılar Laçın dəhlizini faktiki olaraq bağlı saxlayıb ayrı-ayrı hallarda açmaqla bu dəhlizə nəzarət funksiyasını yerinə yetirirlər", - deyə Kiviryan qeyd edib.
Onun sözlərinə görə, indilikdə Rusiya Ukraynada və başqa yerlərdəki problemlərinin həllinə adekvat səviyyədə Qarabağdakı öhdəlikləri yerinə yetirə bilir: “Təəssüf ki, çoxları hələ də başa düşmək istəmir ki, daha Moskvanın Bakıya zəng edib hədə-qorxu gəlməsi və ya onu nəyəsə məcbur eləməsi mümkün deyil. Bu dövrlər keçdi. İndiki Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil, mükəmməl döyüş qabiliyyətli ordu yaratmağı bacarmış və kifayət qədər uğurlu müttəfiqlərlə - Türkiyə, Pakistan, İsrail və Böyük Britaniya ilə əhatə olunmuş tam başqa bir dövlətdir. Bu səbəbə də sərt siyasət apara bilir”.
Odur ki, məsləhətdir, nə qədər gec deyil, təkcə ermənilər yox, onlara “zəhər” verən “kərtənkələlər” də özləri üçün nəticə çıxarsınlar...    
Siyasət şöbəsi
Tarix: 21-12-2022, 10:24
Xəbəri paylaş





Xəbər lenti