Ruslar Laçın yolunda "QUYUYA" DÜŞDÜLƏR - Dəhşətli mənzərə: Ermənilər onların üstünü torpaqlayır
Atabəy TürkelCənubi Qafqaz uğrunda amansız mübarizə daha da qızışıb. Bunu xüsusilədə Şuşa-Xankəndi yolundakı aksiyanın start götürdüyü zaman kəsiyindən müşahidə etməyə başladıq. Sanki Qərb erməni separatçılarına havadarlıq edən Rusiya hərbi kontingentinin bir boşluq buraxmasını gözləyirdi ki, bu məqamdan Moskvanın İrəvan üçün artıq müttəfiqlik səlahiyyətlərini yerinə yetirmək iqtidarında olmadığını erməni xalqına və Ermənistan iqtidarına növbəti dəfə isbatlasın. Fransanın sədrlik etdiyi Avropa İttifaqı bu arzuladığı fürsəti yaxaladı kimi görünür. Belə olmasaydı, bir neçə gün öncə Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borel Ermənistanda gələn həftə başa çatacaq müşahidə missiyasının mandatını uzatmayacaqları, Ermənistanın Azərbaycanla sərhəddindən artıq geri çəkiləcəkləri ilə bağlı anons verməsinə baxmayaraq, təcili qərar dəyişikliyinə gedərək Ermənistanda uzunmüddətli missiyaya davam edəcəklərini elan etməzdi. Demək ki, proseslər sürətlə bir-birini əvəz edir və sabah daha hansı sürpriz qərarlarla üz-üzə qalacağımızı indidən təxmin etmək elə də sadə deyil. Lakin Qərb bir şeyi düzgün təxmin edir ki, Ermənistanı Rusiyanın orbitindən çıxarmaq onlar üçün bundan yaxşı fürsət ola biləz. Avropa İttifaqının birdən-birə belə bir qərar dəyişikliyinə ən böyük səbəblərdən biri də bu gün Laçın yolunda baş verən aksiyanın yaratdığı mənzərədir. Rusiya sülhməramlılarının Azərbaycandan olan ekoloqları qızıl yataqlarımızın talandığı ərazilərə səfərinə mane olması nəticədə artıq 12-ci gündür ki, Laçın yolunda etiraz aksiyasına səbəb oldu. Kontingent QHT nümayəndələrimizin, vətəndaş cəmiyyəti aktivistlərinin və könüllü qrupların aksiyasına mane olmaq üçün yolu bağlayaraq rəsmi Bakını "Azərbaycan ermənilərin Xankəndindən Ermənistana yeganə çıxışı olan yolu bağlayıblar, humanitar məqsədlər üçün bu yoldan istifadə etmək mümkünsüzə çevrilib" abu-havası yaradaraq beynəlxalq ictimaiyyətin qarşısına atmağı düşündü və buna da nail oldu. Lakin Moskva bundan ən böyük zərərlə məhz özünün ayrılacağını isə hesaba qatmadı. Bəli, BMT Təhlükəsizlik Şurasındakı müzakirələr və Qərb dövlətlərinin "yolun açılmasıyla" bağlı Azərbaycana çağırışları deyilənlərin təsdiqidir. Amma erməni separatçılarının, revanşist ermənilərin və lobbisinin bütün canfəşanlığına rəğmən Azərbaycana qarşı BMT Təhlükəsizlik Şurasında Laçın yolu ilə bağlı keçirilən müzakirələrin aksiyaya təsir edəcəyi ehtimalı azdır. Bu məsələ barədə daha konkret desək, Ermənistanın BMT-nin “Qarabağa faktaraşdırıcı missiya” göndərməsi ilə bağlı istəyi nəticəsiz qaldı. Belə ki, qurumun baş katibinin köməkçisi Miroslav Yença Bakının “mədənlərin qeyri-qanuni istismarının araşdırılması” istəyinə cavabında bildirib ki, “BMT Laçın yolu və Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında hansısa addım ata bilməyəcək”. Bu, faktiki olaraq o anlama gəlir ki, BMT dolayısı ilə Ermənistan tərəfinə izah etməyə çalışıb ki, Laçın yolu Azərbaycanın suveren ərazisidir və bu ərazi beynəlxalq səviyyədə dünya tərəfindən o ölkənin bir parçası hesab edilir. Bu səbəbdən də azərbaycanlıların öz ərazilərində nə edəcəyinə biz təşkilat olaraq burun soxa bilmərik. Edəcəyimiz təqdirdə, bu addım Azərbaycanın daxili işinə qarışmaq anlamında çıxacaq. Bu da İrəvanın BMT-dən istədiyi “missiyanın” bölgəyə göndərilməsinin ən azı indiki durumda mümkünsüzlüyü mənasın verir. Üstəlik nəzərə alsaq ki, Miroslav Yença tərəfləri 10 noyabr razılaşmasına əməl etməyə dəvət edib, bunula nüfuzlu qurumun səlahiyyətlisi Ermənistan nümayəndə heyyətinə izah etməyə çalışıb ki, sizin 2 il əvvəl rəsmi Bakı qarşısında üzərinizə götürdüyünüz hələ bir neçə bəndlik öhdəlik var. Siz ilk öncə gedin öz öhdəliklərinizi icra edin, sonra gəlin söhbət edərik. Doğrudur, Ermənistan rəsmi Bakıya qarşı sərt praktiki addımların atılmasına nail olmağa çalışsa da hüquqi müstəvidə bütün bu proseslər Azərbaycanın xeyirinə olduğu üçün sona qədər ona olan bütün təzyiqlərə qarşı qətiyyətli mövqe sərgilməsində bir əlavə motivasiya mənbəyidir. Açıq görünür ki, Ermənistan "bacısı" Fransanın dəstəyi ilə beynəlxalq ictimai rəyi Xankəndi yolundakı aksiya haqqında yanlış formalaşdırmaq istiqamətində əlindən gələni edir. Lakin Bakının gözünü belə təhdidlər, diş qıcamaları, güc nümayişləri qorxuda bilməz. Amma belə görünür ki, postkonflikt dövründə regionun gələcəyi ilə bağlı xaos vəziyyət yaratmaqda maraqlı olan Qərbdəki qüvvələrin Bakının planlarını pozmaq üçün növbəti cəhdləri də öz nəticəsini vermədi. Belə ki, bu gün Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Moskvada bir araya gəlməli olsalar da, Ermənistan tərəfi bu görüşdən imtina etdiyini açıqladı. Görünür, başda Nikol Paşinyan olmaqla erməni rəsmilər Ermənistanı Qarabağla birləşdirən yolda baş verənlərə görə Kremli günahkar hesab etdiyi üçün Rusiyaya bu cür öz narazılığını bildirmək qərarı verib. Belə anlaşılır ki, İrəvan Moskvanı seçim qarşısında qoyur: ✔️ Laçın yolundakı aksiyanı sülhməramlılar zor gücünə - silahlı müdaxilə ilə dağıtmalıdır ✔️ Aksiyanı yatırmaqğı bacarmırsansa, Azərbaycanın qarşısında belə aciz durumda qalmısansa, o zaman biz də sənin iştirakınla keçiriləcək görüşlərdən imtina edirik. Aydın məsələdir ki, Rusiya sülhməramlı kontingenti sivil, dinc, əliyalın aksiya iştirakçılarına qarşı zor tətbiq etsələr bu dərhal Azərbaycan-Rusiya münasibətlərinin korıanmasına səbəb olacaq. Amma Moskva belə görünür ki, Ukrayna ilə davam edən çətin və ağır müharibə fonunda belə bir qərar verərsə, növbəti silahı öz abaşına dirəmiş olacaq. İki həftə öncə Ceyhun Bayramovun Sergey Lavrovla son görüşü zamanı Rusiya XİN başçısının tez-tez istifadə etdiyi "Azərbaycan bizim strateji tərəfdaşımızdır” ifadəsi də də deməyə əsas verir ki, Rusiya Ermənistanın Qərblə birgə hazırladığı bu məkirli planı icra etməyəcək. Görünür ki, ətrafında artıq bir-iki barmaqla sayılacaq dövlətin olduğu Rusiya "bizim dost itirən vaxtımız deyil" məntiqi ilə Azərbaycanla da münasibətləri gərginləşdirməkdən xeyli çəkinir. Qoy, ona qarşı Ermənistan-Qərb "işbirliyinə" Azərbaycanı hədəf taxtası etmək istəyən Kreml indi narahat olsun. Bütün bu xəyanətlərdən dərs çıxarmayan Rusiyanın üzündə abır axtarmaq da biraz müşkülə dönür. Amma görürük ki, Moskvanın sülhməramlıları vasitəsilə Qarabağdakı bir qrup separatçıyla əlbir olub Bakıya qarşı çirkab oyun qurmaq planı fiaskoya uğramaq ərəfəsindədir. Bu fiaskonun "memarları" isə heç kimə sirr deyil. Vəziyyət regionda Rusiya adına dəhşətli mənzərə, qorunc nəticə ilə nəticələnə bilər. Bunun üçün Ermənistan hakimiyyəti ciddi səylə çalışır, əlindən gələni ardına qoymur. Elə ötən gün Nikol Paşinyanın Ermənistanı 44 günlük müharibədə Azərbaycanın cəngindən qoparıb, ordusunun bütünlüklə məhvinə növbəti dəfə mane olduğu Rusiyanın sülhməramlı missiyasını hədəf alması hər şeyi deyir. O, yenidən sülhməramlıları fəaliyyətsizlikdə günahlandırıb. Paşinyan rus hərbi kontingentini Laçın yoluna nəzarət etməyə çağırıb. O bildirib ki, Rusiyanın sülhməramlı kontingenti öz funksiyalarını yerinə yetirmir. Beləcə, Paşinyan Avropa İttifaqının bölgədə varlığını təmin etmək istiqamətində səylərinə növbəti dəfə öz "töhfəsini verdi". Bu, eyni zamanda uzun illər onu böyüdüb saxlayan, onu dolandıran bir ögey ataya övlad xəyanəti kimi də xarakterizə edilə bilər. Nəticədə daha yaxşı şərtlərin təklif olunduğu bir yiyə axtarışını davam etdirən Ermənistan özünə "böyük bacı" (Fransa) taparaq, bütün ərköyünlüklərinə, şuluqluğuna rəğmən onu illərdir qoruyan, doğmadan doğma olan "ögey atanı" kürəyindən bıçaqlayaraq, quyuya atıb, üstünü torpaqlamasına bənzəyir. Aydın məsələdir ki, Aİ-nin mülki missiyanı davam etdirməmək qərarındakı qəfil dəyişiklik, onun ardınca Avropa İnsan Hüquqları Məhkəməsinin iki gün əvvəl Ermənistanın tələblərini təmin edərək Azərbaycana qarşı müvəqqəti tədbirlər tətbiq edilməsi barədə qərar çıxararaq rəsmi Bakını Laçınyolu ilə müalicəyə və ya dolanışığa ehtiyacı olan, yolda qalan insanların Ermənistana təhlükəsiz hərəkətini təmin etmək üçün bütün tədbirləri görməyə tapşırması bir-biri ilə sıx əlaqəli proseslərdir. Bu planın arxasında isə erməni lobbisinin milyardlarının qapısından kabinetinə daxil olduğu Qərbin və okeanın o tayındakı siyasət adamlarının dayandığı və məhz onların masalarında hazırlandığı da zərrə qədər şübhə doğurmur. Məlum qüvvələr bununla həm Ermənistan hakimiyyətinə, həm də erməni xalqına bir mesenc verir ki, "Rusiyanın bacarmadığını, sizin üçün edə bilməyəcəyini biz edə bilərik". Bu yolla Qərbdəki dairələr Ermənistanda öz dividentini artırmaq barədə düşünür. Çünki İrəvanı Kremlin orbitindən xilas etmək üçün ən uyğun üsul budur. İstənilən halda bütün oxlar Bakıya qarşıdır. Amma Ermənistanın "adaxlısı" günü-gündən artdıqca, erməni xalqının faciəsi də bir o qədər böyüyür və bu proses artıq xroniki hal almağa başlayır. Azərbaycanı haqlı olduğumuz halda haqsız duruma sürükləmək istəyənlərin bu təzyiqi isə Ermənistan üzərindən bölgədəki niyyətlərinə nail olana qədər davam edə bilər ki, bunun da bir nəticə verməyəcəyini indidən proqnozlaşdırmaq olar. Çünki Laçın yolunun Ermənistanla Qarabağı birləşdirən hissəsində gecə-gündüz demədən davam edən etirazlar Azərbaycan istəyinə (yataqlarda monitorinqə icazə verilən günə qədər) çatana kimi davam edəcək. Rəsmi Bakını heç kim heç nəyə məcbur edə bilməz. Ermənistan 28 il BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirmədiyi halda, Qərb dövlətlərindən heç biri (ABŞ-da bu siyahıya əlavə etsək) İrəvana bir dəfə də olsun göz ağartmadı, təzyiq etmədi. Ermənistan o illər ərzində bu cür destruktivlik nümayiş etdirərək BMT qətnamələrini yerinə yetirmədisə, Azərbaycan niyə erməni lobbisinin pulları hesabına cəh-cəh vuran bir qism dövlətin “çağırışına" məhəl qoymalıdır. Əksinə, 44 günlük müharibə ilə BMT qətnamələrini öz ordusu gücünə bircə-bircə yerinə yetirən Azərbaycan, bundan sonra da özünə qarşı eyni mövqenin - ikili standartların, disbalansın davam etdiyini görəcəksə, Ermənistanın bu cəzasızlıq sindromundan manipulsyasiyalarla sülhə mane olaraq götürdüyü öhdəliklərdən yayınmaq cəhdini müşahidə edəcəksə, növbəti dəfə beynəlxalq hüququn imkan verdiyi şəjildə hərbi güc amilini işə sala bilər ki, bunun üçün hər cür imkanı var.