Prezident böyük prosesin anonsunu verdi: Qərbi azərbaycanlılar torpaqlarına qayıdacaq


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb. Görüş zamanı çıxış edən ölkə başçısı bir sıra önəmli məqamlara toxunub.  Qərbi Azərbaycan ilə bağlı sənədlər Prezident çıxışı zamanı qeyd edib ki, “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir”. Ölkə başçısının qeyd etdi bu məqam həqiqətdir. Həm Qərbi Azərbaycanın parça-parça Azərbaycandan necə qoparılması, həm də bu torpaqların əsl sahiblərinin müxtəlif vaxtlarda məcburi şəkildə torpaqlarından didərgin salınması xəritələr və sənədlərdə öz əksini tapıb.  Cümhuriyyət və SSRİ, habelə ondan öncəki tarixi sənədlərdə bütün məlumatlar, ərazinin demoqrafik-etnik vəziyyəti göstərilib. Həmçinin rusların erməniləri Cənubi Qafqaza, əsasən də Qərbi Azərbaycana hansı illərdə və hansı yollarla köçürməsi arxiv sənədlərində öz əksini tapıb. Rəsmi Bakı uzun müddətdir həm dövlət xətti, həm də bir sıra tədqiqatçılar vasitəsilə bu sənədləri toplayır. Domino effekti Dövlət başçısı çıxışı zamanı, həmçinin onu qeyd edib ki, “Əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki, tarix var, sənədlər var, xəritələr var”.  Ümumiyyətlə, Qərbi Azərbaycanın hissə-hissə Azərbaycandan alınması, habelə müxtəlif vaxtlarda yerli əhalinin ərazidən köçürülməsi domino effekti yaratdı. Ermənilər Qərbi Azərbaycanın ardınca bənzər prosesi Naxçıvanda da etdi. Naxçıvanın bugünkü ərazisindən iki dəfə çox ərazisi ermənilər tərəfindən müxtəlif bəhanələr ilə ilhaq edilib. SSRİ dövründə yaradılan Mehri rayonu belə  məhz Naxçıvan və Qərbi Azərbaycan torpaqları hesabına yaradılıb.  Qarabağda da bu proses başlansa da SSRİ-nin dağılması və digər faktorlar səbəbindən ermənilər niyyətlərinə çata bilmədi. Bu zaman isə ermənilər separatçılıq kartına əl ataraq bunu işğal siyasəti ilə pərçimlədi. Lakin Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilə 27 illik işğala son qoydu. Bu həm də Qərbi Azərbaycanla başlanan domino effektini sonlandırdı. Qərbi azərbaycanlılar öz torpaqlarına qayıdacaq! Ölkə başçısının çıxışında diqqətçəkən məqamlardan biri də onun “Gün gələcək Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar” sözləri oldu. Ölkə başçısı qeyd etdi ki, mən əminəm ki, gün gələcək Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar. Erməni zülmündən, işğalından ən çox əziyyət çəkənlər şübhəsiz Qərbi azərbaycanlılardır və məhz ölkə başçısı bu gün Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşməsi heç də təsadüfi deyil. Rəsmi Bakı Ermənistana qarşı növbəti təzyiq vasitəsi kimi Qərbi azərbaycanlılardan istifadə edə bilər. Prinsip etibarilə əsl qaçqınlar da məhz Qərbi azərbaycanlılardır. Bu gün sonuncu, yəni 1988-ci ildə Qərbi Azərbaycandan məcburi şəkildə qovulan azərbaycanlının 5-ci nəsli dünyaya gəlir.  Sayı bir milyondan çox olan Qərbi azərbaycanlılar Bakının İrəvana qarşı başlıca təzyiq vasitəsi ola bilər. Sayı heç 120 min nəfər olmayan ermənilər üçün status tələb edən Qərbin qarşısına sayı bir milyondan çox olan Qərbi azərbaycanlıları təqdim etmək mümkündür.  Hesab edirəm artıq bu istiqamətdə işlər də gedir. Bir müddət öncə bəzi rayonlarda Qərbi azərbaycanlıların siyahıya alınma prosesinin getdiyinə dair informasiya yayıldı. Rəsmi Bakı Qərbi azərbaycanlıların tam siyahısını tərtib etdikdən sonra bunu başda BMT olmaqla bir sıra beynəlxalq insan haqları və siyasi təşkilatlara təqdim edə bilər. Ölkə başçısının dediyi kimi Qərbi azərbaycanlılar da bu fikirlə, bu arzu ilə yaşayırlar”.
Müəllif: Politoloq Turan Rzayev,
Siam.az
Tarix: 24-12-2022, 16:37
Xəbəri paylaş





Xəbər lenti