“Rusiya çox gözəl anlayır ki, Qarabağ Azərbaycanındırsa, sülhməramlılar Qarabağdan çıxarılacaq”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistan Helsinki Komitəsinin sədri Avetik İşxanyan erməni mediasına müsahibəsində bildirib. “Rusiya çox gözəl anlayır ki, Qarabağ Azərbaycanın bir hissəsi olarsa, o zaman növbəti addım Rusiya sülhməramlılarının Qarabağdan və Rusiya hərbi bazasının Ermənistandan çıxarılması olacaq. Bu da Rusiyanın regiondan kənarda qalması demək olacaq.
Sergey Lavrov dünən bir daha eyham vurdu ki, Qarabağ məsələsini gələcəyə buraxmaq lazımdır və sülh müqaviləsinin Qarabağ məsələsi ilə heç bir əlaqəsi olmamalıdır.
Lakin Lavrovun nöqteyi-nəzəri Ermənistan hakimiyyətinin nöqteyi-nəzəri ilə ziddiyyət təşkil edir. Çünki onlar Qarabağı Azərbaycanın bir hissəsi hesab edirlər. Rusiyanın siyasəti isə onların ermənipərəst siyasətindən deyil, öz maraqlarından irəli gəlir. Ermənistan hakimiyyəti Qarabağın Azərbaycanın tərkibində qalması üçün hər şeyi edir”, – deyə İşxanyan bildirib.
Onun fikrincə, Ruben Vardanyan Rusiyanın göstərişi ilə Qarabağın “dövlət naziri” təyin edilib. Lakin Lavrov onun artıq Rusiya Federasiyasının vətəndaşı olmadığını qeyd edərək, bu şübhələri aradan qaldırmağa çalışıb.
“Azərbaycan açıq şəkildə göstərdi ki, Ruben Vardanyanın Qarabağın “dövlət naziri” vəzifəsinə təyin edilməsi onun üçün qəbuledilməzdir. Moskva diplomatik davranaraq Vardanyanın artıq Rusiya vətəndaşı olmadığını bəyan edib.
Buradan belə nəticəyə gəlmək olar ki, Vardanyanın bu vəzifəyə təyinatı Rusiya hakimiyyəti ilə razılaşdırılıb. Amma eyni zamanda Moskva göstərməyə çalışır ki, bu suala o cavab verməli deyil”, – İşxanyan deyib.
Onun sözlərinə görə, Ermənistan hakimiyyəti hər şeyi planlaşdırıb.
“Bütün bu hərəkətlər, görüşdə iştirak etməmək, Rusiya əleyhinə bəyanatlar yəqin ki, Azərbaycan hakimiyyəti ilə razılaşdırılıb.
Rusiya sülhməramlıları gedəndən sonra Qarabağ Azərbaycanın tərkibində qalacaq, Ermənistandakı anklavlar isə Bakıya veriləcək. Üstəlik, bundan sonra Azərbaycana dəhliz, yəni Zəngəzur veriləcək.
Bu məsələdə Türkiyədən birmənalı dəstək var və bir çox Qərb dövlətləri sözügedən prosesi dəstəkləyir. Rusiya isə bu prosesi mükəmməl başa düşür”, – deyə o bildirib.
Tarix: 25-12-2022, 08:12