Adətən il başa çatanda görülən işlərə baxış olur və ilin yekunu təhlil edilir. Biz il ərzində Qarabağ ətrafında baş verənlərə, Azərbaycan-Ermənistan münasibətlərinə iki istiqamətdə - hərbi və siyasi aspektdən yanaşmalı və dəyərləndirmələrimizi, proqnozlarımızı da bu konteksdə irəli sürməliyik. Eyni zamanda, hadislərə qiymət verilərkən dünyada da baş verən hərbi-siyasi proseslər mütləq nəzərə alınmalıdır, çünki beynəlxalq aləmdə baş verənlər dünya düzəninə, o cümlədən Cənubi Qafqazda gedən proseslərə bəzən birbaşa, bəzən də dolayısı yolla təsir edir. Bu təsirlərin önündə təbii ki, Rusiya-Ukrayna müharibəsi gəlir.
Baxmayaraq ki, 44 günlük müharibə bitib düşmənin hərbi təxribatları 2022-ci ildə dövlət sərhədində də, təmas xəttində də davamlı olub. Azərbaycan bu təxribatlara uğurlu cavablar verib. Uğurlu hərbi cavab adətən siyasi prosesə də təsir edir. Birincisi, Fərrux dağı istiqamətində bu ilin mart ayının 12-də ermənilərin təxribatının qarşısı alındı və Fərrux dağının Daşbaşı yüksəkliyi tam olaraq Azərbaycan ordusunun nəzarətinə keçdi. Burada vacib yüksəkliyin nəzarətə götürülməsi ilə yanaşı diqqətçəkən məqam odur ki, Rusiya hərbi kontingenti iki dəfə tutduğumuz mövqedən geri çəkilməmizi tələb etsə də, Azərbaycan Müdafiə Nazirliyi hər dəfə sərt cavab verib məsələyə nöqtə qoydu. Baxmayaraq ki, RF XİN rəhbəri Sergey Lavrov da məsələyə münasibət bildirdi, amma Azərbaycan mövqeyində israrlı oldu. Buna adət etməyən Rusiya, deputat Delyağinin simasında Azərbaycana atom bombasının atılmasını dilə gətirdi, amma yenə də sərt cavabını aldı. Bu, hadisə onu göstərdi ki, Rusiya hərbi kontingenti Azərbaycan ərazisində müvəqqətidir və bu ərazilərə nəzarət etməməyimiz o təsəvvür yaratmasın ki, baş verənlərə biganəyik . Separatçıların müharibədən sonra formalaşan “Rusiya gəldi, bizə toxunan olmaz” illyuziyası ilk dəfə burada çat verdi. Sentyabrın 13-14-də dövlət sərhədində baş verən döyüş və nəticədə, düşmənin çoxsaylı itkilər verməsi bir daha sübut etdi ki, harada olmağından asılı olmayaraq istənilən hərbi təxribatın qarşısı kəskin şəkildə alınacaq və revanşistlərə bu yolun perspektivinin olmadığı bir daha aydın oldu.
İl ərzində siyasi müstəvidə aparılan danışıqlar da bir neçə istiqamətdə cərəyan edib. Fevralın 22-də Rusiya ilə Azərbaycan arasında müttəfiqlik bəyannaməsinin imzalanması və Ukrayna müharibəsi Moskvanın aktiv və sərt Qarabağ siyasəti aparmasına təsir edən faktordur. Ona görə də danışıqların Brüssel formatı daha intensiv xarakter aldı və aprelin 6-da, mayın 22-də və 31 avqustda keçirilən önəmli üçtərəfli görüşlər iki ölkə arasında sülh müqaviləsinin bağlanacağı ehtimalını xeyli artırdı. Oktyabrın 6-da Praqa görüşündə əldə olunan razılıq sanki işi daha da sürətləndirmiş təsiri bağışladı. Təəssüf ki, sentyabr təxribatı, Valday diskusiya klubunda Putinin çıxışı, ardınca keçirilən Soçi görüşü vəziyyəti əks istiqamətə yönəltdi. Ermənistan rəhbərliyi daha kəskin ritorikaya keçərək bir-birinin ardınca Azərbaycanın irəli sürdüyü beş baza prinsipinə yeni təkliflər paketi, daha doğrusu Azərbaycanın ərazi bütövlüyünə xələl gətirən status məsələsinin şərt kimi qoyulması.., sülh müqaviləsinin bağlanmasını nəinki ilin sonuna, hətta yaxın aylara belə mümkünsüz etdi. Sülh müqaviləsinin bağlanmasına yalnız Rusiya deyil, ermənilərin digər havadarı, “böyük baçıları” Fransa da apardığı yanlış siyasətlə mane olub. İstər Fransa Senatının qəbul etdiyi anti Azərbaycan qətnamələri, istərsə də Fransa prezidenti Makronun Azərbaycanı tənqid edən əsassız çıxışları yalnız destruktiv rol oynamaqla yadda qaldı. Elə bu siyəsətin nəticəsi o oldu ki, dekabrın 7-nə nəzərdə tutulmuş Brüssel görüşünə Fransa prezidentinin qatılmasını şərt kimi irəli sürən Paşinyana Azərbaycan tərəfi qəti etirazını bildirdi və Brüssel görüşü baş tutmadı. Nəticədə Azərbaycan-Ermənistan münasibətləri normallaşmaq əvəzinə daha da gərginləşdi. Yalnız Paşinyan və komandası deyil, Ermənistanın siyasi dairələri vəziyyəti mürəkkəbləşdirmək istiqamətində bütün imkanlarını işə salıblar.
Üstəlik, Rusiyanın təxribat emissarı milyarder Ruben Vardanyanın Qarabağa göndərilməsini qeyd edilən təxribatların ən təsirlisi hesab etmək olar. Vardanyan fiqurunu xüsusi böyütməyə ehtiyac olmasa da, reallıq budur ki, sentyabr ayından Qarabağa qanunsuz yolla gələn bu şəxs önəmli siyasi görüşlər ərəfəsində Xankəndidə iki dəfə çoxminli mitinq keçirməyə müvəffəq olub. Məqsəd Azərbaycana təzyiqdir. Sentyabr təxribatından sonra ermənilər öncədən hazırlanmış plan əsasında dünya ictimaiyyətinə müraciətlər ünvanlayaraq Azərbaycanı təcavüzkar kimi tanıtmağa başladı və qismən olsa da ölkəmizi haqsız beynəlxalq təzyiqə məruz qoymağı bacardı. Vardanyan açıq şəkildə Azərbaycanla müharibə etməyə çağırışlar etməyə başladı. Dekabrın 12-də Azərbaycan vətəndaş cəmiyyətinin, ekoloqların Laçın yolunda təşkil etdikləri və bu gün də davam edən etiraz aksiyası siyasi baxımdan daha effektli təsir göstərir. Bu “yumşaq hücum” Azərbaycanın yalnız təbii sərvətlərinin qanunsuz istismarının və ölkədən çıxarılmasının qarşısını almağa yönəlməyib, eyni zamanda sərhəd nəzarət buraxılış məntəqəsinin yaradılmasına hesablanıb.
Yola saldığımız ildə qazandıqlarımızla yanaşı itkilərimiz də olubmu? İlk növbədə bizim itirdiyimiz zamanın özüdür. Müharibənin bitməsindən 25 aydan çox vaxt keçməsinə baxmayaraq ermənilərin və havadarlarının apardığı siyasət vəziyyəti hər gün sülhə doğru deyil, ən yaxşı halda dalana dirənməsinə və ya münaqişənin mövcud vəziyyətini dondurmağa yönəlib. Süni şəkildə zamanı uzatmaq Rusiyanın Cənubi Qafqazda təsirini saxlamağa, Ermənistan isə beynəlxalq şəraitin istər Rusiya, istərsə də Qərbdə onu dəstəkləyən qüvvələr üçün uğurlu zamanın yaranmasına hesablanıb. Zamanın uzanması isə Xarici İşlər naziri Ceyhun Bayramovun dediyi kimi əlavə risklər yaradır. Biz də o risklərdən uzaq deyilik. 2020-ci ilin dekabrında səsini ehtiyatla çıxaran Ermənistan 2022-ci ilin dekabrında kəskin şərtlər irəli sürür, ona təklif edilən sülhü qəbul etmir. Zamanın uzanması Ermənistana Qərblə Rusiya arasında manevrlər etməklə hər iki tərəfi qınağa doldurub, bir-birinə əks mövqedə dayanan qüvvələrin əli ilə maraqlarını həyata keçirmək şansı yaradır. Paşinyanın son bir ayda Rusiyaya qarşı bir-birinin ardınca sərgilədiyi siyasət buna sübutdur.
Azərbaycan 2023-də zamanın hər gününü dəyərləndirməli, Rusiya sülhməramlıların nəzarət etdiyi ərazilərdə dövlət nəzarətimizin yaradılması istiqamətində yubanmadan zəruri olan addımları atmalı və onu reallaşdırmalıdır. Laçın yolundakı etiraz aksiyasının nəticəsi mütləq sərhəd-nəzarət buraxılış məntəqəsinin yaradılması ilə nəticələnməlidir. Erməni silahlı qüvvələrin Azərbaycan torpaqlarından qısa müddətdə çıxarılması tələbi gündəmə gətirilməli və vaxt qoymaqla həyata keçirilməlidir. 10 noyabr bəyanatına əsasən keçmiş Dağlıq Qarabağ ərazisində yaşamış azərbaycanlı qaçqınların geri dönməsi də yaxın zamanın tələblərindən biri olmalıdır. Delimitasiya və demarkasiya işlərini başlamaq və bitirmək üçün qarşı tərəfə konkret zaman verilməli, yerinə yetirilmədikdə 8 anklav kəndin geri qaytarılması üçün hərbi gücdən istifadə ediləcəyi barədə xəbərdarlıq edilməlidir. Nəqliyyat kommunikasiya maneələrinin aradan qaldırılması paralel olaraq gündəmə gətirilməlidir.
Detallar səlahiyyətlilərimizə daha aydındır və inanaq ki, müharibədən sonra keçən iki il və düşmənin bu müddətdə cəsarətlənməsindən uyğun nəticələr çıxarılacaq. Əlavə zaman itkisi daha başqa itkilərə səbəb ola bilər.
İlham İsmayıl
Tarix: 30-12-2022, 08:37