Xarici İşlər Nazirliyinin təqdim etdiyi bilgiyə görə, Azərbaycanın 61 ölkədə səfirliyi fəaliyyət göstərir. Novator.az siyahını diqqətə çatdırır: ABŞ, Almaniya, Argentina, Avstraliya, Avstriya, Belarus, Belçika, BƏƏ, Bolqarıstan, Bosniya və Herseqovina, Böyük Britaniya, Braziliya, CAR, Çexiya, Çin, Efiopiya, Estoniya, Əlcəzair, Fransa, Gürcüstan, Hindistan, Xorvatiya, İndoneziya, İordaniya, İraq, İran, İspaniya, İsveç, İsveçrə, İtaliya, Kanada, Koreya Respublikası, Küveyt, Kuba, Qazaxıstan, Qətər, Qırğızıstan, Latviya, Litva, Livan, Macarıstan, Malayziya, Meksika, Mərakeş, Misir, Moldova, Niderland, Özbəkistan, Pakistan, Polşa, Rumıniya, Rusiya, Serbiya, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə, Türkmənistan, Ukrayna, Vyetnam, Yaponiya, Yunanıstan.
Azərbaycanın ətrafında çox təhlükəli regional konfliktlər baş verir. Bu gün İranın İsrail, Rusiyanın isə Qərblə qarşıdurmasının nə ilə nəticələnəcəyi bəlli deyil. Azərbaycan Ordusunun modernləşdirmə prosesi çox sürətlə gedir. Təəssüflər olsun ki, ordumuz haqqında söylədiyimiz müsbət fikirləri diplomatiyamız haqqında demək olmaz. Bizim diplomatiyamız ordu sahəsində atılan addımlardan xeyli geridədir.
Məsələn, Fransa Senatının qəbul etdiyi qətnamə siyasi sənəddir və heç bir hüququ qüvvəsi yoxdur. Bu Fransanın siyasi elitasında təkcə ermənipərəstliyin deyil, həm də həmrəyliyin göstəricisidir. Belə bir həmrəyliyin yaranması, həm də bizim diplomatiyanın uğursuzluğudur. Leyla Abdullayeva Fransaya yeni səfir təyin edilib, mümkündür ki, onun təyinatından sonra nə isə dəyişə bilər. Amma son olaraq Fransa siyasətçilərinin Makrona müraciətinə o da Twitterdə iki cümləlik reaksiya ilə kifayətlənib.
Qarabağla bağlı gərginlik və sülh prosesi hazırda 3 mərkəz arasında aparılır: Rusiya, Avropa və ABŞ. Bəs, diplomatiyamız bu istiqamətlərdə nələr etməlidir, niyə etmirlər?
Fəzail Ağamalı: “Diplomatik sahədə səylərimizi gücləndirməyimiz çox vacibdir”
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Yeni Müsavat”a bildirdi ki, indi bütün dünyada ciddi proseslər gedir: “Vaxtilə bölüşdürülmüş dünya yenidən bölüşdürülmə mərhələsinə qədəm qoyub. Hələ də bu proseslər başa çatmayıb. SSRİ-nin çökməsindən başlayan dünyanın yeni düzəni getdikcə yeni müharibə ocaqlarının yaranması ilə müşahidə olunur. Təkcə MDB məkanında deyil, həm də Yaxın Şərqdə, ərəb dünyasında, deyərdim ki, Avropanın özündə də bu kataklizmlər səngimək, dayanmaq bilmir. Nə qədər ki, dünyanın bölüşdürülməsində öz niyyətini ortaya qoyan iri güc mərkəzləri arasında münasibətlər öz həllini tapmayıb, bu qarşıdurmalar, müharibələr səngiməyəcək. Xüsusilə hazırkı zaman kəsiyində Rusiya ilə Amerika başda olmaqla Qərb, eyni zamanda İranla eyni şəkildə ABŞ və Qərb arasında ciddi gərginlik göz önündədir. Ukraynada bataqlığa düşən Rusiya vəziyyətdən çıxış yolları axtarır, lakin tapa bilmir. Geri çəkilmək də istəmir. Ortada fərqli proqnozlar var. Rusiya beynəlxalq güc kimi çökdürülsə, onun fəsadlarının yüngül keçəcəyinə inanmıram, İran da eyni şəkildə. Öz ölkəsini orta əsrlər qaydası ilə idarə edən molla rejimi hazırda İranda yaşayan bütün xalqlarla qarşı-qarşıyadır. Terrorçu qruplaşmalara dəstək verən bu rejimin çöküşü qaçılmazdır. Dağılandan sonra Rusiya qədər bu ölkə ağır fəsadlar törədə bilməyəcək. Azərbaycanın iki qonşu dövləti arasında bu cür gərginlik yaşanır. Fəaliyyətimizi əsasən bu istiqamətdə qurmalı və çalışmalıyıq ki, bu iki böyük dövlətdə gedən proseslər bizə ziyan vurmasın. İranda gedən prosesləri bir an belə diqqətdən kənarda qoymalı deyilik. Oradakı soydaşlarımızı bütün mənalarda müdafiə etməliyik. Eyni zamanda nüfuzunu itirməsinə baxmayaraq, Rusiya amilini belə bir an da olsa diqqətdən kənarda qoymaq olmaz. 10 noyabr 2020-ci il və ondan sonra imzalanan sənədlərin müddəalarının yerinə yetirilməsinə Kremli vadar etməliyik ki, Ermənistan ona arxayın olub, prosesləri uzatmağa çalışmasın”.
Deputat düşünmür ki, dünyada diplomatik fəaliyyətimiz zəifdir: “Bəli, ordumuz qələbəmizə qədər fərqli bir yol seçdi və fərqli bir strukturdur. Cənab Prezidentin iradəsi ilə güclü bir ordu yarada bildik. İndiki ordumuz Ali Baş Komandanın şah əsərlərindən biridir. Doğrudur, ayrı-ayrı ölkələrlə əlaqələrin qurulmasında diplomatlarımızın da səyləri vacibdir. Lakin unutmaq olmaz ki, hər bir dövlətin özünün maraqları var. Bu maraqlara bəzən ən yüksək səviyyəli diplomatlar da mane ola bilmir. Elə götürün Amerika ilə Qərbdəki müttəfiqləri arasındakı münasibətləri. Baxmayaraq ki, II Dünya müharibəsindən sonra Avropanı Avropa edən də ABŞ olub. Amma Makron kimi diletant siyasətçilər Avropada xüsusi bir ordu yaradıb Amerikanın təsirindən çıxmağa çalışır. Amerikanın diplomatik səyləri alınmayanda yumşaq gücdən qaba gücə keçdi və "Sarı jiletlilər" aksiyalarını təşkil etdi, Fransanı rəzil duruma saldı. İndi biz deyə bilmərik ki, Amerikanın diplomatları zəifdir. Bu, sadəcə, Fransanın Amerikanın təsirindən çıxıb Avropada əsas gücə çevrilmək layihəsi idi. İndi Fransanın Azərbaycana qarşı münasibəti diplomatlarımızın zəif fəaliyyəti kimi qiymətləndirilməməlidir. Ədalətsiz yanaşma olardı. Fransanın Qafqazda ciddi maraqları var. Türkiyə və Rusiyanı buradan sıxışdırıb çıxarmağa və Qafqazda yeganə söz sahibi olmağa səy göstərir. Makron bunu açıq şəkildə ortalığa qoyur. Bu da onun dövlət başçısı kimi bacarıqsızlığından, beynəlxalq münasibətlərə hörmətsizliyindən, əbləh bir siyasətçi olaraq dünya görüşünün mahiyyətindən irəli gəlir. Azərbaycan və Türkiyə ona niyyətlərini həyata keçirməyə imkan verməyəcək. Ölkə başçısının Xarici İşlər Nazirliyinə Ceyhun Bayramov kimi yüksək intellekti olan milli, vətənpərvər bir məmuru rəhbərliyə gətirəndən sonra xarici siyasətimizdə həqiqətən ciddi dönüş yaranıb. Amma diplomatik sahədə səylərimizi gücləndirməyimiz çox vacibdir. Məsələn, mənim üçün gözlənilməz oldu ki, Baltikyanı ölkələrdən ikisi Laçın yolundakı hadisələrə ədalətsiz münasibət sərgilədilər. Onların Qafqazda nə maraqları var ki? Nəzərə alaq ki, Litva və Estoniyanın Avropa İttifaqı çərçivəsində Azərbaycanla çox yaxın əlaqələri mövcuddur. İndi bu mövqenin səbəbini diplomatlarımız aydınlaşdırmalıdır. Ölkə rəhbərinin beynəlxalq səviyyədə gözlənilməz gedişlərlə Azərbaycanın maraqlarını müdafiə etmək bacarığı tək bizdə yox, dünya liderlərində heyranlıq doğurur. Dövlət başçısının mahir bir siyasətçi, beynəlxalq səviyyədə qrossmeyster kimi gözlənilməz gedişləri beynəlxalq aləmdə bizə qarşı kampaniya aparanları, bu kampaniyada yer alanları, dünya ermənilərini ya mat, ya da pat vəziyyətində qoyur. Bütün bunlara baxmayaraq, diplomatlarımız, səfirlərimiz daha fəal olmalıdırlar. Etdiklərinə görə təbii ki, onlara təşəkkür edirik. Eyni zamanda bununla kifayətlənməməyi də xahiş və tövsiyə edirik. Təkcə onlar deyil, xaricdə yaşayan bütün soydaşlarımız Azərbaycana qarşı xüsusi bir mərhələyə daxil olan xristian təəssübkeşliyinə qarşı öz iradələrini ortaya qoymalıdırlar. Fərqli bir baxışları kənara qoyub, bu gün biz vətənimizi, dövlətimizi qorumaq üçün səylərimizi birləşdirməliyik. Birgə mübarizə aparıb, Azərbaycanın güclü olmasına mane olmağa çalışan bütün qüvvələri dəf etməyi bacarmalıyıq. Ümidvaram ki, biz bütün bunların öhdəsindən gəlməyi bacaracağıq".
Elşən Mustafayev: “Bəzi səfirlər biznes fəaliyyəti ilə məşğul olublar”
AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev bu istiqamətdə çox vacib məqamlara aydınlıq gətirdi: “Ölkələrin xarici siyasətində olan uğur və uğursuzluqlarda adətən səfirlərin böyük rolu olur. Onların təmsil olunduğu dövlətlərdə gördüyü işlərin, real situasiyaya qiymət verərək neqativ münasibətləri neytrallaşdırma bacarıqlarının XİN-in işində əvəzsiz xidməti var. Uzun illərdir ki, Azərbaycanda bu sahədə ciddi problemlərin olduğunu görürük və eşidirik. Bunun isə bir çox səbəbləri var. Müstəqilliyimizin ilk illərindən başlayaraq əksər hallarda səfir təyinatları diplomatik savada, təcrübəyə görə deyil, kiminsə övladı olduğuna, yaxınlıq, qohumluq əlaqələrinə görə olunurdu. Milli hisslərin olmaması, yaxud zəif olması isə başqa bir problem idi. Həmin insanlar səfir olmağa xaricdə komfort şəraitdə yaşamaq, gəzmək kimi baxırdılar. Yaxud ölkədə müxtəlif, o cümlədən yüksək vəzifələrdə işləmiş, işdən çıxarılıb səfir göndərilənlər də az olmamışdı. Adətən onlara "sürgün" olunan məmurlar da deyilir. Onların adi diplomatik təcrübəsi olmadığı bir tərəfə, vəzifələrindən çıxarıldıqları üçün incik olduqlarından ölkə üçün bir iş görmək istəkləri olmayıb. Çünki Azərbaycanda vəzifədə olarkən əldə etdikləri milyonları səfir olaraq qazanmaq mümkün deyil. Həmçinin bəziləri səfir olduqlarını unudub ölkə üçün vacib əhəmiyyətli işləri görmək əvəzinə işlədiyi ölkədə biznes fəaliyyəti ilə məşğul olublar. Belə faktlar ortada çoxdur".
Ekspert neqativlərlə yanaşı müsbətləri də önə çəkdi: “Bütün bunlara rəğmən xaricdəki səfirliklərimizdə bacarıqlı, səviyyəli, diplomat üçün son dərəcə vacib olan milli hisslərə malik gənclərimiz də az deyil. Təəssüf ki, hələ onlardan səfir postunda olanlar çox azdır. Bu gün ADA Universiteti kifayət qədər savadlı və Azərbaycanı xaricdə təmsil edə biləcək kadrlar hazırlayır. Əgər onlardan uğurla istifadə olunarsa, yaxın gələcək üçün diplomatik sahədə bugünkü problemləri ciddi şəkildə azalda bilərik. O səbəbdən səfirlərimizin peşəkarların və savadlı kadrların arasından seçilib təyin olunması, 3-4 ildən bir rotasiya edilərək yerlərinin dəyişdirilməsi çox vacibdir. Bundan daha vacibi isə Xarici İşlər Nazirliyi rəhbərliyində, aparatında eynilə savadlı, milli hisslərə malik kadrların olmasıdır. Yəni savadlı səfirləri nazirlikdən hansısa savadsız və dövlət, millət anlayışlarını anlamayan biriləriylə kurasiya edəcəksə, heç bir irəliləyişdən söhbət gedə bilməz. Belə olacağı halda qısa müddətdən sonra müsbət fəaliyyətin şahidi olacağıq. Dünyada fərqli maraqlar, yanaşmalar ortada var ikən Azərbaycana qarşı xaricdən qərəzli addımlar, təhdidlər, ittihamlar davam edəcək. Amma ağıllı xarici siyasət, bacarıqlı diplomatlar sayəsində aqressiv hücumları, yanaşmaları azalda bilərik. Hazırda Azərbaycan üçün diplomatik sahə müharibə zonası kimi, bəlkə də daha artıq bir sahədir”.
Tarix: 30-12-2022, 10:36