Fransanın siyasi qüvvələrinin çirkin bəyanatına yalnız XİN səviyyəsində nota verməklə kifayətlənmək olmaz; deputat: “Şarl de Qolun Fransası görün nə günə düşüb...”Fransanın bir sıra siyasi partiyalarının liderləri “Le Monde” qəzetində açıq məktub dərc edərək, Prezident Emmanuel Makrona Qarabağ və Ermənistanın təhlükəsizliyinin təmin edilməsi üçün çağırış ediblər.
“Yeni Müsavat”ın siyasət şöbəsi yazır ki, bu barədə Ermənistanın Fransadakı səfirliyi öz facebook səhifəsində xəbər yayıb. Məktubda qeyd olunur ki, guya Azərbaycan dekabrın 12-dən Qarabağın erməni əhalisinin Ermənistan və dünya ilə birləşdirən yeganə yolunu - Laçın dəhlizini işğal edib və bununla da böyük humanitar fəlakət riski yaranıb. Fransalı siyasətçilər Azərbaycanın bu addımı nəticəsində guya 120 000 erməninin, o cümlədən 30 000 uşağın vacib resurslardan, eləcə də qida və dərman təchizatından məhrum olunduğunu bildiriblər. Fransanın siyasi partiya liderləri 2020-ci ilin sentyabrından başlayan bu hadisələrin “Azərbaycanın ermənilərə hücumunun yeni mərhələsi” olduğunu iddia ediblər. Onların fikrincə, guya Azərbaycan bu addımları ilə beynəlxalq hüquq, Cenevrə Konvensiyasının tələblərini, eləcə də Qarabağ məsələsinin sülh yolu ilə nizamlanması üçün aparılan danışıqları kobud şəkildə pozur.
“Azərbaycanın hərəkətləri - sənədləşdirilmiş hərbi cinayətlər, millətlərarası münasibətlərin qızışdırılması, erməni mədəni irsinin məhv edilməsi, 2022-ci ilin sentyabrında Ermənistana hücum və onun suveren ərazisinin bir qisminin işğalı, dinc əhaliyə qarşı dəfələrlə törədilən cinayətlər artıq qəbuledilməz xarakter alıb ki, bütün bunlar Fransanı istənilən digər şəraitdə müdaxiləyə sövq edərdi. Bu halda isə söhbət bizə dost olan millətin, Jorj Klemansonun dediyi kimi, "bizim kiçik müttəfiq olan Ermənistanın" təhlükədə olmasından gedir", - deyə məktubda vurğulanır. Fransalı siyasətçilər Makronu baş verənlərə müdaxilə etməyə, Azərbaycana qarşı aşağıdakı tədbirləri həyata keçirməyə çağırırlar:
- Azərbaycanı beynəlxalq hüququn pozulmasına, Ermənistan Respublikasının ərazisinin bir hissəsinin işğalına və hərbi cinayətlərə görə mühakimə etmək;
- Qarabağda humanitar fəaliyyətdə iştirak etmək və Ermənistana təcili iqtisadi yardım göstərmək;
- Qarabağ nümayəndələri ilə görüşmək;
- Aİ və ABŞ-dakı tərəfdaşlarımıza eyni addımları atmağa və onlarla birlikdə Azərbaycana qarşı iqtisadi və siyasi sanksiyalar tətbiq etmək;
- Aİ və ABŞ-dakı tərəfdaşlarımıza Xankəndi hava limanını yenidən işə salmaq və Qarabağla hava əlaqəsinin təhlükəsizliyi üçün müraciət etmək.
- BMT Təhlükəsizlik Şurası tərəfindən beynəlxalq sülhməramlı qüvvələrin göndərilməsi üçün Beynəlxalq Cinayət Məhkəməsində iddia qaldırmaq.
Bütün bu çağırışların ardınca, dekabrın 28-də Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb və Fransanın Avropa və Xarici İşlər Nazirliyinə ünvanlanmış etiraz notası qarşı tərəfə təqdim olunub. Görüş zamanı rəsmi Parisin zəruri cavab reaksiyasının olmaması fonunda Fransanın müxtəlif siyasi qüvvələri tərəfindən Azərbaycana qarşı açıq böhtan və qərəz əsasında qurulmuş kampaniyanın genişlənərək davam etməsindən dərin narahatlıq ifadə olunub və məktubda əks olunmuş iddialar qətiyyətlə rədd edilib. Göründüyü kimi, fransız siyasətçilər yeni ermənipərəst mövqe ortaya qoymaqla, Makron hakimiyyətindən az qala bütün dünyanı Azərbaycanın üzərinə qaldırmasını istəyirlər. Və siyasi təşkilatların çağırışlarında yer alan nüanslar quru böhtan və iftiradan ibarətdir.
Lakin bu mövqeyə yalnız XİN səviyyəsində nota verməklə məhdudlaşmaq olmaz. Məsələn, noyabrın 16-da Milli Məclis Fransanın anti-Azərbaycan fəaliyyəti ilə bağlı hökumətə çağırış etmişdi. Həmin bəyanatda deyilirdi k, Fransa hökuməti tərəfindən bitərəflik təminatı verilməyənədək onun Azərbaycanla Ermənistan arasında normallaşma prosesi ilə bağlı təşəbbüs və fəaliyyətlərdə iştirakına imkan verilməməsi, bu məsələlər barədə Fransa rəsmiləri ilə hər hansı müzakirənin aparılmaması lazımdır. Habelə, bəyanatda Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivlərinin aşkar edildiyi təqdirdə onların dondurulması, Fransa şirkətlərinin Azərbaycan dövlətinin sifarişi ilə həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməməsi, Fransa şirkətlərinin Azərbaycan tərəfi ilə enerji sektorunda əməkdaşlığına yenidən baxılması, Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında mövcud olan siyasi və iqtisadi münasibətlərə yenidən baxılması, Qoşulmama Hərəkatının sədri kimi, Fransanın müstəmləkəçilik siyasəti, insanlıq əleyhinə cinayətləri və hərbi cinayətləri ilə bağlı məsələlərin beynəlxalq təşkilat çərçivəsində qaldırılması, Fransanın islamofobiya siyasəti məsələsinin İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində gündəliyə çıxarılması, Fransanın türkofobiya siyasəti məsələsinin Türk Dövlətləri Təşkilatı çərçivəsində gündəliyə çıxarılması istənilirdi. Odur ki, Fransada siyasi qüvvələrin son çağırışlarına rəsmi Bakı parlamentin bəyanatında irəli sürülən təkliflərə baxmaqla cavab verməlidir, təkcə fransız səfirə etiraz notası kifayət etmir...
Deputat Aydın Mirzəzadə “Yeni Müsavat”a qeyd etdi ki, Fransanın siyasi qüvvələrinin anti-Azərbaycan isterikası artıq sərhəd tanımır. A.Mirzəzadənin sözlərinə görə, Fransa parlamentində təmsil olunan partiyaların bəyanatı sübut edir ki, onların erməni sevgisi Fransa maraqlarını ayaqlar altına atır. Deputat hesab edir ki, bu siyasi güclər kiçik Ermənistanın çirkin niyyətlərinə görə Fransanı qurban verməkdədirlər: “Şarl de Qolun Fransası görün nə günə düşüb... Azərbaycan ictimaiyyəti və Milli Məclis dəfələrlə bu haqsız, qərəzli mövqeyə münasibətini bildirib. Mən özüm də çıxışlarımda etiraz etmişəm. Görünür ki, artıq Fransa şirkətlərinin ölkəmizdə fəaliyyəti məhdudlaşmalıdır, bu dövlətlə siyasətimizə yenidən baxmalıyıq, ümumiyyətlə, Fransa ilə ticari-iqtisadi əlaqələrə təzədən nəzər yetirilməlidir. O şirkətlərin yerini tutmaq istəyən və Azərbaycana yaxşı münasibəti olanlar var, onlara üstünlük verilməlidir”. A.Mirzəzadənin fikrincə, bu məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin bəyanatı azdır, parlamentdəki siyasi partiyalar da bəyanat verməlidir: “Təkcə dövlət aparatı cavab verməli deyil, siyasi qüvvələr də reaksiya bildirməlidirlər. Digər tərəfdən, Fransa özünün siyasi tarixində böhran dövrünü yaşamaqdadır. Fransa tarixində belə zamanlar olub. Ancaq bu gün Fransada erməni sevgisi erməni millətçilərindən daha çoxdur. Bu bəyanat Fransa tarixində ən çirkin və utandırıcı səhifələrdən biri idi. Ona görə Azərbaycanda hər bir siyasi qüvvə etiraz etməlidir”.
Siyasi ekspert Xəyal Bəşirov qeyd etdi ki, dövlətlərarası diplomatik və siyasi qarşıdurma olanda cavablar da məntiqi ardıcıllıqla olmalıdır. Onun sözlərinə görə, Fransanın siyasətinə xronoloji ardıcıllıqla baxmaq lazımdır: “Fransa Minsk Qrupunda həmsədr olanda da ermənipərəst mövqe tutdu, Qarabağ müharibəsi dövründə bunu daha azğınlaşmış şəkildə nümayiş etdirdi, sonra Senatın hər iki Palatasında, o cümlədən prezident Makron tərəfindən Azərbaycan əleyhinə bəyanatlar səslənməyə başladı. Ümumiyyətlə, diqqət edin, Fransa qətnamələr, bəyanatlar qəbul edilərkən bir nəfər istisna, böyük səs çoxluğu ilə qəbul edilir. Bütün bunlar da onu deməyə əsas verir ki, Fransa dövlət olaraq erməni siyasi dairələrinin, erməni lobbisi və diasporunun tam təsiri altındadır. Ona görə Praqa görüşündən sonra məhz Paris Brüssel formatını iflic vəziyyətə saldı”. Siyasi şərhçinin sözlərinə görə, Fransa bütün imkanlardan istifadə edərək Azərbaycana qarşı addımlar atır: “Bunu ona görə edir ki, Fransanın dünyada gedən proseslərə təsir gücü qalmayıb, o səbəbdən heyfini Cənubi Qafqazda çıxır. Bununla demək istəyir ki, biz münaqişələrdə rol oynaya bilərik. Yalnız bu qədər ermənipərəst siyasət yürüdüldükdən sonra Milli Məclis bəyanat yaydı. Amma Fransanın bu siyasətindən əl çəkəcəyini gözləmirəm. Düşünürəm ki, nəticədə proseslər daha da qəlizləşəcək. Sadəcə, Milli Məclisin bəyanatında yer alan nüansların mərhələli şəkildə həyata keçirilməsini istisna etmirəm. Əslində Makron və Fransada qüvvələr ermənilərə deyil, erməni diaspor ilə lobbisinə dəstək verirlər. Məsələyə bu aspektdən baxmağın tərəfdarıyam. Çünki erməni lobbisi Makronun seçkidə qələbəsində mühüm rol oynayıb”.
Tarix: 30-12-2022, 15:47