2023-də Azərbaycanın əsas hədəfi və bizi gözləyən 1 nömrəli problem


Tanınmış deputat, partiya sədri və ekspertdən yeni illə bağlı proqnozlar
2022-ci ilin sonuncu gününü yaşayırıq. 2023-cü ilə saatlar qalıb. Dünya növbəti ilə müharibələrin, iqtisadi təlatümlərin girdabında daxil olur. Bəs qarşıdakı ildə Azərbaycan qarşısında duran əsas problem, yaxud hədəf nə olacaq: təhlükəsizlik (o sırada Qarabağla bağlı, Rusiya və İrandan qaynaqlanan təhdidlər), iqtisadi dolanışıq, inflyasiya, ərzaq təhlükəsizliyi, Qarabağ ermənilərinin cəmiyyətimizə inteqrasiyası məsələsi, Ermənistanın beynəlxalq məhkəməyə verilməsi, yoxsa nə? Azərbaycan dövlətinin prioriteti kimi hansı məsələ önə çıxmalıdır? Sıralama necə olacaq?
Milli Məclisin deputatı Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, növbəti ildə qarşımızda duran əsas hədəf, əsas məqsəd ölkəmizin təhlükəsizliyinin qorunmasıdır, qələbəmizin möhkəmləndirilməsidir: “Erməni silahlı birləşmələrinin ölkəmizin ərazilərindən çıxarılması bu sırada vacib məsələlərdəndir. Bilirsiniz ki, həm İranda, həm Rusiyada, həm də Ermənistanda ciddi proseslər gedir. Ona görə də təhlükəsizlik məsələsi öndə olmalıdır. Biz həm ictimai-siyasi sabitliyi qorumalıyıq, eyni zamanda iqtisadiyyatımızı gücləndirməliyik.

Qarşıdakı ildə əsas məsələlərdən biri də Qarabağdakı erməni vətəndaşlarımızın cəmiyyətimizə inteqrasiya olunmasıdır. Biz bunun üçün addımlar atmalıyıq. Həmçinin önümüzdə duran mühüm məsələlərdən biri də Ermənistanın məhkəməyə verilməsi istiqamətində addımların atılmasıdır. Həmçinin Qərbi Azərbaycandan olan soydaşlarımızın hüquqları məsələsinin Ermənistan qarşısında qaldırılması qarşımızda duran məsələlərdəndir. Ordu quruculuğu, diasporanın fəaliyyətinin gücləndirilməsi məsələsi də prioritetlərdəndir".  
AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, gələn il Azərbaycanın prioritetlərinin nə olacağını iqtidar müəyyən edir. Müxalifət, sadəcə, prioritetlərin nə olmasını istədiyini deyə bilər: “Təbii ki, ilk sırada Qarabağ ətrafında baş verən proseslər, bütün bunların fonunda Rusiya, İran, Ermənistan münasibətləri, Avropa-Azərbaycan münasibətləri gündəmdə olacaq. Eyni zamanda görünən odur ki, Azərbaycan Qarabağla yanaşı Qərbi Azərbaycan siyasəti istiqamətini də prioritetlərdən biri kimi götürəcək. Qərbi azərbaycanlıların ata-baba yurduna qayıdışı məsələsinin də üzərinə gediləcək. İran məsələsi də ayrıca aktuallığını saxlayacaq. Rusiya ilə münasibətlər məsələsi kənara qoyulmayacaq.

Hesab edirəm ki, hakimiyyət bu məsələlərlə yanaşı daxildə əhalinin iqtisadi vəziyyəti, dolanışı məsələsini də əsas prioritetlərdən biri olaraq görməlidir. İş yerlərinin açılması, bahalaşmanın durdurlması, başladılan islahatlar prosesinin davam etdirilməsi də önəmlidir. Daha dərinə işləyən islahatlar olmalıdır. İqtidar-müxalifət dialoqu, cəmiyyətin demokratikləşdirilməsi kimi məsələlər də prioritetlərdən olmalıdır. İqtidarın bu sadalanan məsələlərdən hansını bir nömrəli məsələ kimi götürəcəyini isə ilk aylardan görəcəyik".  

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynova görə, 2023-cü ildə Azərbaycanın qarşısında bir sıra mühüm prioritetlər dayanır: “Həm daxili siyasətdə, həm xarici siyasətdə mühüm vəzifələr müəyyənləşdirilib. Azərbaycanın Prezidenti ölkənin uğurlu və çoxşaxəli dayanıqlı inkişafını təmin etmək üçün artıq indidən bir sıra mühüm hədəfləri müəyyənləşdirib. Bu xüsusda ilin sonunda Qərbi Azərbaycan İcmasının binasının açılışında ziyalılarla görüşdə mühüm mesajlar verdi. Azərbaycanın qarşısında olan hədəfləri təsnifatlaşdırsaq, bu gün 10 noyabr üçtərəfli bəyanatının 4-cü maddəsinin icra olunması mühüm əhəmiyyət kəsb edir. Qarabağın hərbisizləşdirilməsi və orada yaşayan etnik dinc ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası mühüm hədəf kimi qarşımızda dayanır. Çünki ekoaktivistlərin bugünkü fəaliyyətinin hədəfi nəinki bölgənin sərvətlərinin talanmasına qarşı fəaliyyətdir, həm də Laçın yolu vasitəsilə Qarabağa silahların və muzdluların daşınmasının qarşısını almaqdır. Eyni zamanda, qarşıdakı ildə Rusiyadan və İrandan gələn təhdidlərin neytrallaşdırılması da əsas hədəflərimizdən biri olacaq. Qarabağ ermənilərinin cəmiyyətimizə inteqrasiyası məsələsi də bu gün bir komponent kimi qarşıda dayanır. Ruben Vardanyan gəlişi ilə Qarabağ erməniləri üçün daha çox problemlər gətirmiş olub. Vardanyana qarşı Qarabağ ermənilərinin dirəniş göstərməsi lazımdır. Belə olan təqdirdə onların hüquqlarının qorunması naminə Azərbaycan mühüm addımlar ata bilər”.
Ekspertin sözlərinə görə, ölkəmizin daxilində inflyasiyanın qarşısının alınması, xalqın iqtisadi, sosial rifahının təmin olunması, iqtisadi səmərəliliyin stimullaşdırılması da mühüm bir məqamdır: “Gözləntilər də məhz bu yöndədir. Düşünürəm ki, vətən müharibəsində qalib gəlmiş dövlətin vətəndaşlarının maddi qayğıları, ehtiyacları dövlət tərəfindən qarşılanmalıdır. Eyni zamanda, Qarabağa və Şərqi Zəngəzura böyük qayıdış çərçivəsində də 2023-cü ildə mühüm tədbirlərin icra olunması prioritet məsələlərdəndir. Həm də Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdışını təmin etmək üçün də zəruri addımların atılması gözlənilir. Ümumilikdə 2022-ci il Azərbaycan xarici siyasəti üçün uğurlu oldu. Bu gün yanaşma bundan ibarətdir ki, Azərbaycan Ermənistanı beynəlxalq məhkəmələrə verir. Azərbaycana vurulan maddi ziyanın ödənilməsi tələb olunur. Növbəti il bu məsələlərin də üzərində dayanılacaq”.
Tarix: 31-12-2022, 09:16
Xəbəri paylaş





Xəbər lenti